Şahvələd Çobanoğlu: Qəzet köşklərini bağlayır, jurnalistlərə ev verirlər

Posted July 23rd, 2013 at 3:44 pm (UTC-4)
2 comments

İyul ayının 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Elə həmin gün 155 jurnalistə evə verilib. Bununla yanaşı Milli Mətbuat Günü bir neçə jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilən jurnalistlərin məzarını ziyarət edib.

Azərbaycanda mətbuatın durumunu müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə tanınmış jurnalist Şahvələd Çobanoğlunu dəvət etmişik. İyulun 24-ü Şahvələd Çobanoğlu oxucularımızın suallarını canlı olaraq cavablandırıb.

——————————————————————————————————————————————

21:00 / 24 iyul 2013

Salam əziz Sərbəst Kürsü oxucuları.

Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə tanınmış jurnalist Şahvələd Çobanoğludur.

21:02
Emil Quliyev [moderator]: Şahvələd bəy, mən Sizi və oxucularımızı Sərbəst Kürsüdə salamlayıram. Milli Mətbuat Gününüzü təbrik edirəm.

21:04
Şahvələd Çobanoğlu: Təşəkkür edirəm, sizə də, dinləyicilərinizə də uğurlar diləyirəm. Xoş gördük!

21:06
Emil Quliyev: Təşəkkür edirəm Şahvələd bəy. Sərbəst Kürsüyə ilk sual email vasitəsilə daxil olub. Salman Səxavət adlı oxucu yazır:
– Şahvələd bəy və Emil bəy hər ikinizi və Azərbaycanın bütün əsl jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Sualım əslində hər ikinizədir: Bu gün Azərbaycan media aləmində cəsarət çatışmazlığı nə ilə bağlıdır? İnsanlar nə üçün peşə faəliyyətlərinin tələb etdiyi kriteriyaları nələrəsə qurban verirlər?

21:13
Şahvələd Çobanoğlu: Təbrikə görə sağ olun!
Əslində normal ölkədə jurnalistlər cəsarət çatışmazlığı ilə sınağa çəkilməli deyillər, amma o da həqiqətdir ki, bizim peşənin vacib bir tələbi də cəsarətdir. Ölkəmizdə azad mətbuata qarşı illərdir basqılar davam edir, həm də bunun arxasında hakimiyyət dayanır. Bu hakimiyyətin bayramlarda azad mətbuat üçün ürəyi yandığını deməsinə baxmayın, azad mətbuata ən böyük təhlükə özləridir. Jurnalistlər daim təhlükə altında çalışırlar və kimlərsə buna tab gətirmir. Bundan əlavə neft pulları ilə jurnalistləri və KİV-ləri ələ alırlar. Durum heç də asan deyil.

21:14
Sual [Rasim]: Şahvələd bəy, Eynulla Fətullayevin hazırki fəaliyyəti Azərbaycan mediasının inkişafına kömək edirmi?

21:20
Cavab: Bu suala mən əvvəllər də aydın və əhatəli cavab vermişəm. Bir halda yenidən sual varsa, indi də cavab verə bilərəm.  Həbsdən çıxandan sonra Eynulla Fətullayev onu həbsə atan İlham Əliyevin alovlu tərifi ilə məşğul olmağa başladı. Eyni zamanda hakimiyyəti tənqid edən və müxalif mövqedə olan insanlara, onu müdafiə edən qurum və şəxslərə qarşı təbliğat aparmaqda davam edir. Bunları nəinki ziyanlı, həm də çox çirkli işlər sayıram…

21:21
Sual [Gulu]: Ev alan jurnalistləri pisləmək istəmirəm. Yəqin ki ehtiyacları var idi ki, bu işdə adları keçib. Amma ümumilikdə hökumətin, xüsusilə də prezidenti jurnalistə ev verməsi nə dərəcədə düzgün qərardır?

21:32
Cavab: İlham Əliyev icra hakimiyyətinin başçısıdır və həm də hakim siyasi partiyanın rəhbəridir. Onun jurnalistlərə ev verməsi mətbuatın müstəqilliyinə müdaxilədir. Prezidentin mətbuat işçilərinə ev paylaması siyasi rüşvət və siyasi hiylədir. Arxasında ölkədəki real vəziyyəti gizlətmək, mətbuata basqıları pərdələmək durur. Yoxsa niyə müəllimlərə, həkimlərə, mühəndislərə, fəhlələrə deyil, jurnalistlərə ev verilir? Ölkə Konstitusiyasına görə hamının hüquqları eynidir. Bu ayrı-seçkilik müstəqil mətbuatı boğmaq siyasətini gizlətmək üçündür.

Mətbuata basqılar var ki, orada çalışanlar özlərinə ev ala bilmir və ya kirayə haqqı ödəyə bilmirlər. Reklam qadağaları və yayım sektorunun məhv edilməsi hesabına, müstəqil mətbuata hər cür basqılara görə KİV-lər gəlirlərdən məhrum edilib.

Mən deyirəm ki, köşklər mətbuatın evidir, niyə onları bağlayır, jurnalistlərə ev verirlər? Axı köşklər vasitəsi ilə redaksiyalar gəlir götürməli, həmin jurnalistlərə yaxşı maaş verməlidirlər.  Ölkənin 4000-dən çox kəndi var, heç birində qəzet köşkü yoxdur. Rayon mərkəzlərində çox az sayda qalıb, Bakıda da son illərdə onların sayı dəfələrlə azalıb. Bu problemləri, bu boyda əngəlləri həll etmək əvəzinə ev şousu düzəltmək məqsədlidir.
Bu həm də qanunları pozmaq və mətbuatın müstəqilliyinə müdaxilədir.

Bu addım ölkə Konstitusiyasına, həmçinin mətbuat azadlığı prinsiplərinə ziddir.

21:34
Sual [Rauf Binnetov]: Salam Şahvələd bəy və Emil bəy. Öncəliklə sizi 22 iyul Mətbuat Günü münasibətilə təbrik edirəm. Şahvələd bəy, sizcə Elmar Hüseynovun ailəsinə ev verilməliydi?

21:40
Cavab: Heç bir jurnalist prezidentdən ev almalı deyil. Ev əgər sosial təminat proqramı üzrə verilirsə, bu da qanunlara əsasən olmalı və təkcə jurnalistlərə şamil edilməli deyil. Bundan əvvəlki suala cavabda da yazdım ki, ev paylanması siyasi hiylədir.

Elmar Hüseynova gəldikdə, o bizim mətbuatın azadlıq simvoludur. Bütün dünyada qəhrəman sayılır. Elmarın adı ev məsələsinə sığışdırılacaq bir ad deyil. Onsuz da onun ailəsi ölkədən gedib, qəriblikdə yaşayır. Öncə onun qatilləri tapılmalıdır. İndiki hakimiyyətin dövründə isə bunu gözləmirik.

21:42
Sual [Rüfət Yolçuyev]: Şahvələd bəy, Azərbaycan jurnalistikasının sizin kimi müəllimlərə ehtiyacı var. Dərs deməyi planlaşdırırsınızmı?

21:53
Cavab: Bu, çox yüksək qiymətdir mənim üçün. Təşəkkür edirəm. Keşkə doğrudan da layiq olaydım buna. Nə vaxtsa gənc jurnalistləri öyrədə biləcəyəmsə, çox şad olaram. Hərdən qısa təlimlərdə iştirak edirəm, bildiklərimi öyrətməyə çalışıram. İş vaxtı da əlimdən gələni əsirgəmirəm. Amma mənim üçün ən başlıcası yazmaqdır. Bizim şəhid həmkarımız Elmar Hüseynov qarşısında da əsas borcumuz budur. Oxucumuz qarşısında da. Ölkəmiz qarşısında da. Mənə görə biz həqiqətə ölkənin çörəyi kimi baxmalıyıq və bunun üçün çalışmalıyıq. Yorulmadan.

21:54
Sual: [Gunel Ahmadova]: Ev alan jurnalistlere munasibetiniz necedir?

22:10
Cavab: Bizim cəmiyyətdə belə bir fikir var ki, kiminsə qazanmasına, mülk sahibi olmasına qarşı fikir söyləməyə pis baxırlar. Amma bu, tamam fərqli məsələdir. Yuxarıdakı suallara cavablarda yazdım, ev paylamaq hakimiyyətin siyasi layihəsi idi. Heç bir jurnalist buna getməli deyildi. Mən heç kimin ev sahibi olmasına qarşı deyiləm. Əksinə, onun uğrunda çalışıram ki, elə bir Azərbaycan quraq, orada hamı ev ala bilsin. Azərbaycan müstəqil olanda da hamı bu arzu ilə yaşayırdı. Amma bu arzumuza əngəl olan bir hakimiyyətin planına uymaq qınanılmalıdır. Hətta hakimiyyətə xoş münasibəti olanlar üçün də bu, peşə prinsiplərini satmaqdır.

22:12
Emil Guliyev [Moderator]: Növbəti sual Twitter vasitəsilə daxil olub. Ceka A-ova adlı istifadəçi yazır:

– Əvvəllər Eynullanı tanımamışdız?

22:22
Şahvələd Çobanoğlu: Mən o cür günahsız məhbəs illərindən sonra bur cür olacağını gözləmirdim, sadəcə.

22:23
Sual [Sabir]: Şahvələd bəy, bayramınız mübarək. Seçkilər öncəsi Azərbaycanda vəzəiyyəti necə qiymətləndirirsiniz? Əvvəlki seçkilərlə müqayisədə bir fərq, bir yenilik var? Yoxsa yenə eyni atmosferdir?

22:33
Cavab: Təbrikə görə təşəkkür edirəm. Hakimiyyətin davranışlarına görə, siyasi imkanlara və azadlıqlara görə fərq yoxdur, hələ pisləşmə gedib. Amma başqa amillər görə vəziyyət xeyli dəyişib. Cəmiyyət həminki deyil, narazılıq çoxalıb və daha açıq ifadə edilir. İnsanlarda dəyişiklik istəyi çox artıb və buna inam da yüksəlib. Ortada çox fəal gənclik, yeni təcrübələr var. Müxalifət birləşib və seçkiyə vahid namizədlə gedir. Mən cəmiyyətdə bunun yüksək ovqat yaratdığını hiss edirəm. Üstəlik, hakimiyyət dayaqlarını itirib və çox nüfuzdan düşüb.

22:34
Sual: Salam. Mənə bu ev alanlar arasında redaktorların ev alması qəribə gəldi. Yəqin ki, hərəsinin bir neçə dənə evi var. Qoyardılar bizim kimi evsizlərə düşsün də. Hörmətlə, jurnalist

22:50
Cavab: Mən prinsip olaraq prezidentin jurnalistlərə ev verməsini və jurnalistlərin də bunu almasını qəbul etmirəm. Bu barədə yuxarıdakı cavablarda yazdım. Amma bəlli oldu ki, hakimiyyətin siyasi divident götürmək istədiyi bu layihədə də ədalət gözlənilməyib – özlərinin elan etdiyi kriteriyaya əməl olunmayıb. Elan etmişdilər ki, evsiz jurnalistlərə veriləcək mənzillər. Lakin bəlli oldu ki, evi olanlar da ev alıb, jurnalist olmayanlar da. Hərə öz qabağına çəkib, bəzən də yaxınlarına veriblər. Bir çox redaktorların etdiyi də bu qəbildəndir. Siz də bilirsiniz ki, onlar həmişə belə edirlər.

22:52
Emil Quliyev [Moderator]: Şahvələd bəy, iki saata yaxın vaxtınızı ayırıb, Sərbəst Kürsüdə oxucularımızın suallarını cavablandırdığınız üçün sizə minnətdarlığımızı bildiririk!
22:57
Şahvələd Çobanoğlu: Dəvət üçün çox sağ olun. Son da onu da deyim ki, mən Azərbaycanın azad və demokratik ölkə olacağına çox inanıram. Tezliklə buna nail olacağıq. Amma gərək çox çalışaq. Həm də çox adam çalışmalıdır. Gözəl bir ölkə qurmaq çox zəhmət tələb edir. Bayram ərəfəsində onu da xatırladım ki, gözəl ölkənin ən vacib cəhəti odur ki, onun hər yeri Sərbəst Kürsüdür və bu sərbəstlik toxunulmazdır. Söz azadlığı jurnalistlər üçün deyil, bütün cəmiyyət üçündür. Bütün uğurların səbəbidir. Söz azadlığı olmayanda xalq neft pullarına baxa-baxa qalır. Evə və hər cür şeyə möhtac qalır.
23:00
Emil Quliyev: Mən oxuculara da təşəkkürümü bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək…
SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

2 responses to “Şahvələd Çobanoğlu: Qəzet köşklərini bağlayır, jurnalistlərə ev verirlər”

  1. rasim says:

    Şahvələd bəy, Eynulla Fətullayevin hazırki fəaliyyəti Azərbaycan mediasının inkişafına kömək edirmi?

  2. SALAM SAHVELED BEY VE EMIN BEY ONCELLIKLE SIZI 22 IYUL METBUAT GUNU MUNASIBETILE TEBRIK EDIREM SAHVELED BEY SIZCE ELMAR HUSEYNOVUN AILESINE EV VERILMELIYDI ?

Leave a Reply to rauf binnetov Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR