Xədicə İsmayıl: “Xəbər çatdırılıb ki, mənimlə bağlı daha ciddi planları var”

Posted August 6th, 2013 at 11:53 am (UTC-4)
3 comments

Azad Avropa/AzadlıqRadiosu iyulun 26-da internetdə Xədicə İsmayılovanın qeyri-qanuni yolla əldə edilmiş intim videosunun nümayiş etdirilməsindən sonra Azərbaycan hökumətini jurnalistə qarşı şantaj və hədə-qorxu kampaniyası ilə bağlı təhqiqat aparmağa çağırıb. Bəyanatda deyilir ki, Xədicə İsmayılovanın reporatjları prezidentin ailəsinin milyonlarla dollar məbləğində maliyyə fəaliyyətləri ilə məşğul olduğunu göstərir.

AzadlıqRadiosunun əməkdaşı ilə bağlı son hadisələri müzakirə etmək üçün Sərbəst Kürsüyə Xədicə İsmayılovanın özünü dəvət etmişik. Avqustun 7-də Xədicə İsmayılova oxucularımızın suallarını cavablandırıb.

—————————————————

21:00 / 07 avqust 2013
Salam əziz Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə araşdırmaçı jurnalist Xədicə İsmayılovadır.

21:02
Emil Quliyev [moderator]: Sərbəst Kürsüyə xoş gəlmisiniz, Xədicə xanım. Sizi öz adımdan və oxucuların adından salamlayıram.

21:03
Xədicə İsmayılova: Dəvət üçün təşəkkür edirəm. Mən də izləyiciləri salamlayıram.

21:05
EQ: İlk sualı Rasim adlı izləyici göndərib. O yazır:

 – Xədicə xanım, salam! Sizin cəsarətiniz qarşısında baş əyirəm! Və işlərinizdə uğurlar arzulayıram. Sualım isə belədir: Gözüqızmış hökumətin edə biləcəyi hansı əməldən çəkinirsiniz? Bir də bunlar nə zaman Azərbaycan tarixindən silinəcək?
21:13
Cavab: Xoş sözlərə görə təşəkkür edirəm. Doğrusu, sizin verdiyiniz sualı hərdən özüm də özümə verirəm. Amma yenə də həmin məqamın reaksiyasını düşünmək çətindir. Elə indiyə qədər olanları da əvvəllər düşünməmiş deyildim. Məndən öncə həmkarlarımın şəxsi həyatına müdaxilə olanda, onlar şantaj obyekti olanda mən özüm eyni situasiyada nə edəcəyimi düşünmüşdüm və cavab tapmamışdım. Bu baş verəndə həmin an qərar verməli oldum.
İkinci suala gəldikdə, onun cavabı yoxdur məndə. Mən ümid edirəm ki, tarixdən heç nə silinməyəcək və nə vaxtsa bu gün yaşananlar repressiya tarixi kimi dərsliklərə düşəcək. Amma olmuş, artıq keçmişə çevrilmiş tarix kimi. Dəyişikliklər gözləntisi çox böyükdür hər halda.

21:15
Sual [Günel Qarayeva]: Özünüz bu qədər şantajla üzləşirsiniz. Ailə üzvləriniz vəsitəsilə sizə təhdidlər olub? Ən azından bu barədə mətbuatda danışmamısınız. Danışılmasını istəmirsiniz, yoxsa olmayıb?

21:18
Cavab: Müəyyən problemlər yaşandı, amma ailə üzvlərimin əksəriyyəti tam dəstək göstərdi. Problemlər barədə mətbuata danışmaq istəməmişəm. İndi də istəmirəm. Ailə məsələlərini müzakirəyə çıxarmağın tərəfdarı deyiləm.

21:20
Sual [Elşən Hətəmov]: Sizin haqqınızda yeni qara kampaniyanın başlaması Xədicə İsmayılovanın yeni araşdırmanı açıqlamaq üzrə olmasına işarədirmi? Belə bir şey varsa, nə barədədir?

21:31
Cavab: Elşən bəy, bir neçə layihə üzərində işləyirəm. Hələ tamamlamaq üzrə deyiləm. Amma elə son günlərdə həmkarım Vüsalə Əlibəylinin İçərişəhərdə tarixi binaları, qala divarını və qədim tuneli məhv edib yerinə hotel tikdiyi barədə araşdırma filmində Paşa holdinqin hakim ailəyə məxsusluğunu sübut edən sənədləri mən ortaya çıxarmışdım.
Bu günlərdə daha bir müsahibədə birinci ledinin Panama şirkətlərindən danışmışdım. Mənə çatdırılan xəbərdarlıqlar da təhlükənin məhz birinci ledinin ətrafından gəldiyinə dəlalət edirdi. Odur ki, son olayların qaynağının o tərəfdə olduğunu ehtimal edirəm. Hər halda son bir il ərzində Yeni Azərbaycan Partiyasının qəzetlərində mənə qarşı kampaniya səngiməyib. Təhqir, böhtan dolu məqalələr çap ediblər. Yaxşı olan budur ki, o qəzetləri oxuyan yoxdur. Mən bir neçə dəfə məhkəməyə müraciət etdim və Azərbaycan məhkəmələri bu qəzetlərin mənə qarşı təhqirlərini haqlı saydı. Təsəvvür edin, kimsə həmin hökmləri çıxaran hakimlər, yaxud qəzetlər haqda eyni ifadələri işlətsin. Onda reaksiya necə olardı?

21:33
Sual [Samira S]: Ölkədə jurnalist çoxdu ama araşdırmaçı jurnalist demək olar ki, yoxdu. Buna səbəb nədi? Siz nə edirsiniz bu istiqamətdə?

21:41
Cavab: Araşdırma üç şey tələb edir: Maraq, bacarıq və cəsarət. İstedadın məsələyə dəxli yoxdur. Şəxsən özümü istedadlı adam hesab eləmirəm. Bu üç keyfiyyəti birləşdirən adam çox deyil. Təəssüf ki, jurnalistlər arasında da çox deyil. Ustad jurnalist Şahvələd Çobanoğlu bir nümunədir hamıya. Amma gənclər də var. Son bir neçə ildə mən onlarla jurnalistə araşdırma jurnalistikasından təlim keçmişəm. Öz müəllimlərimin də dəvət olunması üçün beynəlxalq təşkilatlara təkliflər vermişəm və onlar da gəlib təlimlər keçiblər. Arasında tutanı da var, tutmayanı da. Məsələn, Nüşabə Fətullayeva kimi gözəl jurnalist yetişib bu təlimlərdə. Maraqlıdır ki, gənc nəsil jurnalistlər arasında ən uğurlu nümunələr məhz qadınlardır. Azadlıq radiosunda Nüşabə, Vüsalə Əlibəyli, Durna Səfərli gözəl araaşdırmalar ortaya qoyublar. Bizim yol qəzetindən Vüsalə Rüstəmova. Azadlıq Radiosunun stajlı jurnalistlərindən Şahnaz Bəylərqızı, Arifə Kazımova, Səadət Akifqızı. Göründüyü qədər az deyillər. Amma təəssüf ki, keyfiyyətli araşdırmanı almaq istəyən və buna pulu çatan redaksiyalar çox azdır.

21:43
Emil Quliyev [moderator]: Xədicə xanım, növbəti sual Twitter vasitəsilə daxil olub. “arasaliyev” adlı istifadəçi yazır:
Çox təəssüf ki, Xədicə xanımın internetdə intim xarakterli videosu yayılıb. Bes bu videonu yığışdırmaq mümkün deyilmi?

21:50
Xədicə İsmayılova: İlk dəfə bu video yayılanda həmin saytın hostinq şirkətini məhkəmə yolu ilə saytı bağlamağa vadar edə bildik. Həmin hostinq şirkəti ABŞ-da idi. Amma sonra eyni adlı saytı Panamada yaratdılar. Həmin o Panamada ki, prezidentin qızlarının orada şirkətlərini tapmışdım. Əslində bu bir təsadüf deyil. Evimdə kamera da məhz Panama şirkətləri ilə bağlı araşdırmadan dərhal sonra quraşdırılmışdı. Azərbaycan hökuməti həmin saytlara girişin məhdudlaşdırılması üçün qanunla üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir. Təəssüf ki, mənim Azərbaycan hökumətinə bu işi gördürmək üçün gücüm yetərincə deyil.

21:52
Sual [Sabir]: Xədicə xanım, siz olmasaydınız bu hökumətin əməllərindən bu xalqın, dünyanın xəbəri olmayacaqdı. Çox sağ olun buna görə. Rafiq Tağının dünən doğum günü idi. Allah ona da, Elmara rəhmət eləsin! Bu ölüm hallarının araşdırılmasını özünə borc bilmirsinizmi? Nə zamansa belə bir araşdırmaya başlamaq planınız var?

21:57
Cavab: Sabir bəy, təşəkkür edirəm sual üçün. Həmkarlarımızı itirmək çox ağırdır. Xüsusilə də onların ölümünə görə özümüzün də məsuliyyət daşıdığımızı anlayan adama. Elmar Hüseynov korrupsiya barədə tək yazırdı, ona görə hədəf oldu. Rafiq Tağının yazdıqlarını, dediklərini deməyə hər adam cəsarət eləmirdi. Ona görə hədəf oldu. Onların ölümünün istintaqını dalana dirəyən hökumətin marağı göz qabağındadır. Bu da bir cavabdır yəqin ki, Elmar Hüseynovu kim öldürdü sualına. Amma əlbəttə ki, istintaq aparmaq lazımdır. Mən də müəyyən cəhdlər elədim. Amma təəssüf ki, kifayət qədər cəhd göstərmədik. Bu, qarşımızda duran bir vəzifədir.

22:00
Sual [Nailə]: Ən sevdiyiniz peşə hansıdır?

22:05
Cavab: Jurnalistika. Mən türkoloq olmalıydım. Şərqşünaslıq fakültəsinin türk filologiyası bölümünü bitirmişəm. Elə qəzetdə də türk, rus, ingilis dillərindən tərcümələrlə başladım işə. Məni jurnalistikaya gətirən təsadüfü ömrümün ən xoşbəxt təsadüfü hesab edirəm. Bu peşədə hər gün qalibsiniz – çətin müsahibə, uğurlu sual, kiminsə probleminin həllinə kömək, bilinməzlərə işıq salmaq… Sizə hər gün qalibiyyət duyğusu verən ikinci belə peşə yoxdur. Sevirəm peşəmi və əlim qələm tutduğu müddətcə peşəmi dəyişmək barədə düşünmürəm.

22:06
Sual [Famil Məmmədov]: Siz Azərbaycan mentalitetini nəzərə almayan insansınız. Prezidentimizin gördüyü işləri dünyaya tərsinə çatdırırsınız. Nə zaman düzgün işlə məşğul olmağa başlayacaqsınız?

22: 11
Cavab: Famil bəy, Azərbaycan mentaliteti adlandırdığınız, amma əslində nə coğrafi, nə milli kimliyə aidiyyatı olmayan komplekslər toplusu bir neçə il bundan əvvəl qadının sükan arxasında oturmasını həzm edə bilmirdi. Mən Azərbaycan prezidentinin ofşor biznesləri barədə sənədləri ortaya qoyuram. Bunun nə düzü, nə tərsi yoxdur. Sənəddir. Araşdırmalarımda heç bir fikir söyləmirəm. Sadəcə faktları təqdim edirəm. Məndən fikrimi soruşanda, fikrimi də deyirəm. Subyektiv fikrimi. Mənə görə düzdür. Sizin olduğunuz yerdən tərs görünə bilər. Mən düzgün işlə məşğul olduğumu düşünürəm. Sizin icazənizlə, yaxud onsuz, davam edəcəyəm. Mən düzgün işlə məşğul olduğumu düşünürəm. Sizin icazənizlə, yaxud onsuz, davam edəcəyəm.

22:13
Sual [Şakir]: Xədicə xanım, öz siyasi hərəkatınızı yaratmaq və ya hansısa hərəkata qoşulmaq prespektiviniz varmı? Bu gün arenada olan hansı siyasi hərəkata daha çox rəğbətiniz var?

22:17
Cavab: Siyasətlə məşğul olmaq niyyətim yoxdur. Peşəmi sevirəm və məhz jurnalistika ilə məşğul olmaq niyyətindəyəm. Siyasi tərcihlərim barədə danışmaq istəmirəm. Siyasi iddia ortaya qoyan dostlarıma belə dəstək göstərməməyə çalışıram.

22:19
Sual: Müsahibə aparanda niyə qoymursuz adam sözünü axıracan deyib qutarsın?

22:22
Cavab: 🙂 Çalışıram azı 2 dəqiqə gözləyim. Fikrini iki dəqiqə içində ifadə edə bilməyən adamların sözünü kəsmək savabdır. 🙂

22:23
Sual [Jurnalist]: Başqa ölkədən siyasi sığınacaq almaq üçün bu qədər canfəşanlıq etməyə dəyərdi?

22:29
Cavab: Mənim sığınacaq almağa ehtiyacım yoxdur. Hər zaman iş təklifi alıram. Şantajdan əvvəl də almışam, indi də alıram. Sadəcə birinə razılıq verib, köçüb gedə bilərəm. Amma bunu etmirəm. Çünki öz ölkənin xoşbəxt yaşamadığı halda başqa ölkədə xoşbəxt yaşamağın mümkünlüyünə inanmıram.

22:31
Sual [Ələkbər Rəşidli]: AzadlıqRadiosunda müdirlikdən çıxanda da, təhdidlə üzləşmişdiniz? Ona görə çıxdız?

22:38
Cavab: Əsla! Təhdidlər qarşısında çəkilmək mənim üslubum deyil. Amma siz büro rəhbərliyinin necə işgəncə olduğunu bilsəniz, məni anlayarsınız. Hər gün sırf menecment işləri ilə məşğul olursan. Sənədlər tərtib etmək, cədvəllər yazmaq və s. Jurnalistikanın özünə çox az vaxt qalır. Rəhbər vəzifə uğur göstəricisi deyil. Məncə ən yaxşı işlərimi sadə jurnalist olaraq görmüşəm.

22:39
Sual [Təhminə]: Nə zamansa heykəlinizin qoyulmasına razı olarsınız?

22:43
Cavab: ))) Yox əlbəttə ki. Heykəllərin əleyhinəyəm. Xatirənin əbədiləşdirilməsinə də inanmıram. Amma bəlkə də korrupsiyanı ifşa edən qələmə heykəl qoymaq lazımdır. Mənimlə bağlılığı yoxdur. Bu işi görən bütün cəsur jurnalistlərin əməyinə sayğı göstərmək və nümunəsini çatdırmaq üçün.

22:44
Sual [Rəşad]: Elə indicə sizin haqqınızda Vaşinqton Postdə məqalə oxudum. Bu hökumət niyə belə əməllər edərək özünü biabır edir? Onsuzda görürlər ki, siz öldürülsəniz də, geri çəkilən deyilsiniz. Eyni əməli ikinci dəfə eləmək nə demək idi?

22:47
Cavab: O demək idi ki, “səninlə işimiz bitməyib”. Bu dəfəki xəbərdarlıqdır. Zatən xəbər çatdırılıb ki, mənimlə bağlı daha ciddi planları var. Amma geri getmək yoxdur. Qorxu içində yaşamağın nə anlamı var ki. Mən bu təhdidləri başqa cür qəbul edirəm. Hər dəfə ya istidən, ya yorğunluqdan əlim işdən soyuyanda onlar necə iyrənc olduqlarını yadıma salırlar, mən də işimi davam etdirməyin necə vacib olduğunu anlayıram. Yeni enerji ilə davam edirəm.

22:48
Sual [Rəsul Əliyev]: Azərbaycanda medianın durumunu yaxşılaşdırmağın yollarını necə görürsünüz? Həm maddi, həm də keyfiyyət.

22:51
Cavab: Iqtisadiyyat azad olmadan media azad ola bilməz. Amma Azərbaycana yayım edən bir peyk kanalı çox şeyi dəyişə bilər. Onda hökumət anlayar ki, ölkədə jurnalistləri, telekanalları sıxma-boğmaya salmağın xeyri yoxdur, informasiya onsuz da gəlir. Bu baxımdan Azərbaycan saatı layihəsinin olduqca önəmli olduğunu düşünürəm. Ümid edirəm ki, tezliklə yayımını bərpa edəcək. Meydan TV də o cümlədən.

22:53
Sual [Adsız]: Mehman Əliyevə rəğbətiniz haradan qaynaqlanır?

22:56
Cavab: Mehman Əliyev Azərbaycan jurnalistikasında ən önəmli fiqurdur. Turan agentliyi yeganə müstəqil yerli media qurumudur. Mehman Əliyev savadlı və maraqlı adamdır, dürüst adamdır. Siyasətçi olsa, ona rəğbətimi ifadə etməyəcəm. Hələ ki, fürsət var, bunu edim. 🙂

22:58
Emil Quliyev [moderator]: Xədicə xanım, iki saatınızı ayırıb Sərbəst Kürsüdə izləyicilərimizin suallarını cavablandırdığınız üçün təşəkkürümü bildirirəm.

22:59
Xədicə İsmayılova: Ümid edirəm, izləyicilərinizə də maraqlı oldu. Təşəkkür edirəm diqqətinizə görə.

23:00
Emil Quliyev: Çox sağ olun! Sərbəst Kürsünün növbəti sayında görüşənədək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!!!

3 responses to “Xədicə İsmayıl: “Xəbər çatdırılıb ki, mənimlə bağlı daha ciddi planları var””

  1. rasim says:

    Xədicə xanım, salam!

    Sizin cəsarətiniz qarşısında baş əyirəm! Və işlərinizdə uğurlar arzulayıram. Sualım isə belədir: Gözüqızmış hökumətin edə biləcəyi hansı əməldən çəkinirsiniz? Bir də bunlar nə zaman Azərbaycan tarixindən silinəcək?

  2. Shakir says:

    Xedice xsnim, öz siyasi herekatinizi yarstmaq ve ya hansisa herekata qoshulmaq prespektiviniz varmi? Bu gün arenada olan hansi siyasi herekata daha çox regbetiniz var?

  3. Hasan Hasanzada says:

    Size eshq olsun!

Leave a Reply to rasim Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR