Rahim Hacıyev: “Azadlığ”ın kağız variantı dayansa, saytın fəaliyyəti mümkün olmayacaq

Posted October 30th, 2013 at 10:34 am (UTC-4)
3 comments

Azərbaycanın müasir tarixinin ilk müstəqil qəzetlərindən biri olan Azadlıq qəzeti maliyyə sıxıntıları ilə üzləşərək bağlanmaq təhlükəsi ilə üzləşib. Qəzet rəsmiləri isə deyir ki, maliyyə sıxıntıları prezident seçkilərindən dərhal sonra qəzetə qarşı təzyiqlərin artması ilə bağlıdır. Qəzet dünən dəstək kampaniyası keçirdiyi bir vaxt Yasamal rayon Məhkəməsi Azadlıq qəzetini daha 3 min manat cərimə edib.

rehim haciyevQəzetin düşdüyü durumu müzakirə etmək üçün Sərbəst Kürsüyə Azadlıq qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevi dəvət etmişik. Bu gün, oktyabrın 30-u Rahim bəy oxucularımızın suallarını canlı olaraq cavablandırıb.

——————————————————————————————————————————-

21:00 / 30 oktyabr 2013

Salam əziz Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə Azadlıq qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevdir.

21:02
Emil Quliyev [moderator]: Rahim bəy, sizi Sərbəst Kürsüdə salamlayırıq. Vaxtınızı ayırıb Sərbəst Kürsəyə gəldiyiniz üçün minnətdarıq.

21:04
Rahim Hacıyev: Buyurun, mən də bütün oxucuları salamlayıram.

21:06
EQ: Rahim bəy, ilk sualı Mohsim adlı oxucu göndərib. O yazır: Men sizi her gun oxuyuram. Ancaq saytdan. Ele ede bilmessiz ki saytdan oxunuşa göre size pul gelsin?

21:13
Rahim Hacıyev: Azərbaycanda mövcud olan sosial iqtisadi vəziyyət belə planların həyata keçirilməsinə imkan vermir. Bu məsələni detallı şəkildə dəfələrlə araşdırsaq da real nəticənin əldə olunması mexanizmi mövcud olmadığından həyata keçirmək mümkün olmadı.

21:15
EQ: Anar Yusufov email vasitəsi ilə yazır: Sizin ümumilikdə hara və nə qədər borcunuz var? borcları yaradan səbəblər nədən irəli gəlib?

21:21
Cavab: Üzərimizdə 65 min manat məbləğində məhkəmə cəriməsi var. Nəşriyyata olan borcumuz 20 min manatdan çoxdur. Qasid firmasının bizə olan borcu 55 min manatı keçib. Vəziyyəti daha da ağırlaşdıran səbəblərdən biri də metro stansiyalarında qəzetin satışına qadağanın qoyulmasıdır. Əməkdaşlara olan borcumuz 8 min manatı keçib.

21:22
Sual [Adnan Kamilli]: Sizin saytda reklamlar çox az olur. Bu barədə nə üçün addım atmırsınız?

21:29
Cavab: Hakimiyyətin qadağaları nəticəsində heç bir yerli və xarici şirkət “Azadlıq”-a reklam vermir. Bu məsələdə bizdən asılı heç nə yoxdur.Azərbaycanda iqtisadi plüralizim olsaydı, qapımızdan reklam verənlər əskik olmazdı.

21:31:
Emil Quliyev: Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid də Sərbəst Kürsüyə məsələ ilə bağlı mövqeyini yazıb:

- Azadlıq hər zaman diktaturadan əziyyət çəkib. Hamı diktaturadan əziyyət çəkir. Amma Azadlıq diktaturaya qarşı ictimai etirazın tribunası olduğuna görə, həmişə susdura bilmədikləri və bilməyəcəkləri yüz minlərlə insanın qisasını ondan almağa çalışıblar. ,,Azadlıq,, qapatmaq cəhdi şərəfli cəhd deyil. Azadlığın qapadılmasına, hətta, kimsə nail olsa belə, həmin adam, həmin hökumət və onun başçısı Azərbaycan tarixinə ən qara ləkələrdən birini üzərinə alaraq düşəcək. Çünki Azadlıq Azərbaycanın ən yeni tarixinin ən parlaq işıqlarından biridir!

21:38
Rahim Hacıyev: “Azadlıq”qəzeti bütün çətinliklərə məhrumiyyətlərə və dəhşətli təzyiqlərə baxmayaraq ğlkəmizdə işıqlı idealların təntənəsi naminə parlaq mübarizə tarixi yaradıb. Qəzetin qəhrəman və fədakar kollektivi ölkədə mövcud olan sərt avtoritar rejimlə böyük iradə və qətiyyət göstərərək mübarizə aparır. İdealist insanların toplaşdığı bu qəzet artıq çoxdan vicdan simvoluna çevrilmişdir. Mən kollektivin hər bir üzvü ilə fəxr edirəm və qürur duyuram.

21:40
Sual [Rufet]: Sizə necə yarım edə bilərik?

21:47
Cavab: Sayıtımızda və qəzetdə fərdi hesab nömrəsi var. Abunə yazılmaqla kömək etmək olar. Bəzi şəxslər redaksiyaya gələrək birbaşa yardım göstərir. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz: http://www.azadliq.info/component/content/article/368-azadliga-destek/20926-azadliga-destek.html

21:49
Sual [Nurlan]: Hazırda qəzetiniz çapa çıxır.

21:52
Cavab:
Hələ bir neçə gün yaşamağa dəyər. Sonrasını allah bilir.

21:54
Sual [Vasif Ağayev]: Hökumətdən yardım istəmək fikiriniz varmı? Ya da borcunuzun silinməsi

22:02
Cavab: Bu sizi müflis etməkdən ötrü açıq aşkar çalışan şəxsdən borc istəməyə bənzəyir.Hakimiyyət “Azadlıq”-ı susdurmaq üçün bütün üsul və vasitələrdən istifadə edir. Onlara müraciət etmək üçün heç bir ümidverici əsas yoxdur. İş o həddə çatıb ki, məhkəmə bütün yayım firmalarına “Azadlıq”-a pul verməyi qadağan edib.

22:04
Sual [Kamila]: Qəzet bağlansa, saytınız fəaliyyət göstərəcəkmi? Bəlkə xərcləri azaltmaqdan ötrü ikisindən birinin fəaliyyətinə xitam verəsiniz?

22:09
Cavab: Bəla burasındadır ki, qəzet satışdan maliyyələşir. Kağız variantı dayansa, saytın fəaliyyəti mümkün olmayacaq. Bunu hökumət də yaxşı bilir.

22:10
Sual [Resadet Əliyev]: AXCP-dən maliyyə dəstəyi almaq mümkün deyilmi?

22:20
Cavab: Azərbaycanda faktiki birpartiyalı sistem qurulub. Heç bir gerçək müxalifət partiyasının ciddi maliyyə imkanları yoxdur. Hakimiyyət müxalifəti bütün ciddi maliyyə imkanlarından məhrum edib. başqa vətəndaşlar kimi bəzi cəbhəçilər də az məbləğdə yardım göstərə biliblər. Göstərilən yardımlar bizim problemləri həll etməyə qətiyyən yetərli deyil. Ölkədə elə qorxu mühüti yaradılıb ki, bizə kömək etmək istəyən imkanlı adamlar real addım atmağın onlara nələrə başa gələcəyini düşünərək belə hərəkətlərdən çəkinirlər.

22:23
Sual [Gülarə xanım]: Hazırda nə qədər pul yığmısınız? Bəlkə yığılan pullar hesabatı barədə daha şəffaf sistem tətbiq etsəniz, daha çox adam ianə edər. Sadəcə bir təklifdir.

22:36
Cavab: Redaksiyaya birbaşa yardım edənlərə qəbz verilir. Adları bunun üçün ayrılmış xüsusi jurnala yazılır.İanələrin hesabatlılığı ilə bağlı hər hansı çatışmazlığ istisna olunur. Edilən yardımlar o qədər də çox deyil, buna baxmayaraq bu yaxınlarda ianələrlə bağlı ətraflı məlumat veriləcək.Bir məsələyə münasibət bildirməmək mümkün deylil, illər uzunu böyük qətiyyət və cəsarət göstərərək sərt avtoritar rejimlə mübarizədə geri çəkilməyi ağlına belə gətirməyən insanların vicdanlılığına şübhə ilə yanaşan şəxsin bunun üçün heç bir əsasının olmadığını qətiyyətlə bəyan edirəm. Risklərlə dolu mübarizədən çəkinməyən insanların göstərilən yardımlarla bağlı hesabatdan çəkinməsi mümkündürmü?

22:38
Emil Quliyev: Twitter vasitəsilə Ramil Abasov yazır:
- Mənə elə gəlir ki, siz pulları toplayın qaytarsanız da, onlar bağlamaq üçün nəsə tapacaqlar. Sizcə belə olan halda harınlamış bəzi məmurlara əlavə pul vermək nəyə gərəkdir? Onsuzda planlarında bağlamaqdırsa, hansı yolla olur olsun bağlayacaqlar.

22:53
Rahim Hacıyev: Mübarizədə idillik həyat yoxdur. Bu mübarizə dəyərlər sistemləri arasında olan mübarizədir. Heç nəyə baxmadan, heç nədən çəkinmədən, sonadək və son haqqında düşünmədən nəinki hər gün, hər saat, hər an bu iş aparılmalıdır. Biz mübarizənin fəlsəfəsinə uyğun işimizi qururuq. “Azadlıq”-ı “Azadlıq” edən təntənəsi uğrunda mübarizə apardığımız ideallara sədaqətimizdir. Bizim üçün başlıca məsələ onların nə edəcəyi deyil, bizim nə edəcəyimizdir.

22:55
Emil Quliyev: Rahim bəy, Sərbəst Kürsüdə iştiraka görə sizə təşəkkürümü bildirirəm. Eləcə də qəzetinizin tezliklə bu böhranı geridə qoymasını arzulayıram.

22: 58
Rahim Hacıyev: Dəvətinizə görə təşəkkür edirəm.

23:00
Emil Quliyev [moderator]: Mən oxucularımıza da təşəkkürümü bildirərək gələn Sərbəst Kürsüyədək sizinlə sağollaşıram. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

3 Responses to “Rahim Hacıyev: “Azadlığ”ın kağız variantı dayansa, saytın fəaliyyəti mümkün olmayacaq”

  1. Mohsim says:

    Men sizi her gun oxuyuram. Ancaq saytdan. Ele ede bilmessiz ki saytdan oxunuşa göre size pul gelsin?

  2. Adnan Kamilli says:

    Sizin saytda reklamlar çox az olur. Bu barədə nə üçün addım atmırsınız?

  3. Qənimət Zahid says:

    Azadlıq hər zaman diktaturadan əziyyət çəkib. Hamı diktaturadan əziyyət çəkir. Amma Azadlıq diktaturaya qarşı ictimai etirazın tribunası olduğuna görə, həmişə susdura bilmədikləri və bilməyəcəkləri yüz minlərlə insanın qisasını ondan almağa çalışıblar. ,,Azadlıq,, qapatmaq cəhdi şərəfli cəhd deyil. Azadlığın qapadılmasına, hətta, kimsə nail olsa belə, həmin adam, həmin hökumət və onun başçısı Azərbaycan tarixinə ən qara ləkələrdən birini üzərinə alaraq düşəcək. Çünki Azadlıq Azərbaycanın ən yeni tarixinin ən parlaq işıqlarından biridir!

Leave a Reply

BLOGLAR

RSS Xəbərlər