Əli Novruzov: “AFU barədə bir yenilik yoxdur”

Posted April 8th, 2014 at 4:35 pm (UTC-4)
3 comments

Ali NovruzovBu həftə Sərbəst Kürsüdə tanınmış blogger, ictimai fəal və bu yaxınlarda çapdan çıxan “7 Hekayə” kitabının müəllifi Əli Novruzov oxucularımızın suallarını cavablandırıb. Canlı forum aprelin 9-u keçirilib.

—————————————————————–

21:30 / 09 aprel 2014
Sərbəst Kürsüdə hamınızı xoş gördük. Canlı forumun moderatoru Emil Quliyevdir. Qonağımız isə Əli Novruzovdur.

21:32
Emil Quliyev [moderator]: Əli bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz.

21:33
Əli Novruzov: Çox sağ olun, sizə də dəvət etdiyiniz üçün təşəkkür edirəm.

21:34
EQ: Çox sağ olun. Gecikmədən ilk suala keçmək istəyirəm. Adnan Kamilli soruşur:
- Əli, bir zamanlar yaman bloq yazırdın. İndi niyə yazmırsan. Daha doğrusu tək sən yox, demək olar heç kəs yazmır. Mod qurtardı, bloq yazmaq da qurtardı?

21:55
Cavab: Azərbaycanda bloqların populyarlığının azalmasının səbəbi Facebook-dur. İnsanlar Facebook-da daha çox vaxt keçirir, məzmun yaradır, informasiya alır, artıq bloq yazmağa vaxt və ehtiyac qalmır. Bizdə Twitter-in populyarlığının aşağı olmasının da səbəbi Facebook-dur. Yəni Facebook-un Azərbaycanda populyarlığının yan effekti kimi sosial medianın digər qollarında durğunluq yaranıb. Bu bizim ictimai-siyasi sistemin nəticəsidirmi, yoxsa milli xüsusiyyətimizdən qaynaqlanır, deyə bilmərəm. Azərbaycanda bloqların məşhurlaşması elə bir dövrə təsadüf edirdi ki, İnternetdə bir informasiya aclığı var idi. Sonra Facebook-un funksiyaları artdı, daha çox insan xəbər paylaşmanın və yaratmanın yolunu öyrəndi, müxtəlif onlayn saytlar artdı, nəticədə bloqlar bu rəqabəti uduzdu. Bloqlarda öz fikirlərini bölüşən bir çox gənclər də keçdi müxtəlif saytlara köşə yazarlığına. Ona görə də bloqçuluqda yenə bir kiçik qrup insan qaldı. Mən indi də bloq yazıram və dörd fərqli bloqum var. Sadəcə az-az yazıram, daha çox vacib mövzulara toxunuram. Yazdığım bloq yazıları da kifayət qədər böyük əks-səda doğurur, müzakirə və qalmaqal yaradır. Yəqin yaxından izləmirsiniz.

21:57
Sual [Resul AZERI]: Men sizin kitabinizi oxumamisam. Neden behs eleyirsiniz kitabda?

22:07
Cavab: Kitab yeddi fərqli janrda yeddi qısa hekayədən və bir bonusdan ibarətdir. Alleqorik hekayədən başlayıb plagiat hekayədə bitir, bir növ ədəbiyyatın tarixinə parodiya edir. burada romantik hekayə də var, absurd da, post-modern də. Kitab haqqında rəylərlə tanış olmaq istəsəniz, bu səhifəyə baxın: https://storify.com/alinovruzov/sevenstories

22:09
Sual [Kənan]: Nurçulara mübasibətiniz necədir? Onların ölkə tədris ocaqlarının olmasını bəyənməyənlərə sözünüz nə olardı?

22:24
Cavab: Azərbaycanda türk məktəbləri çox uğurlu təşəbbüsdür. Görün nə qədər ağıllı, savadlı, təhsilli, bacarıqlı mütəxəssis yetişdirib, məzunları dünyanın hər ölkəsində təhsil alır, müxtəlif ölkələrdə çalışır. Mən özüm də türk məktəbində oxumuşam, çox keyfiyyətli təhsil almışam orada. Bu baxımdan türk məktəblərinin Azərbaycana çox xeyri dəyib, kim bunları danırsa nankorluq edir. Digər məsələlələrə gəldikdə isə – mənim nəzərimdə din fərdi bir şey olmalıdır. Hər kəs öz dinini ya dinsizliyini fərdi qaydada, azad şəkildə yaşaya bilməlidir, başqalarına öz dəyərlərini zorla sırımadan. Ona görə də dini siyasətə alət edən, siyasi və ictimai məkana gətirən heç bir hərəkatın, baxışın, partiyanın, ideologiyanın yanında deyiləm. Dövlət və din, siyasət və din bir-birindən ayrı olmalıdır.

22:25
Sual [Gunel]: Son zamanlar gencler arasindaki sessizliyi ne ile elaqelendirerdiniz?

22:30
Cavab: Heç də sakit deyillər, razı deyiləm bu fikirlə. Bu ictimai fəallıq bir qədər azalan-çoxalan xətlə gedir həmişə. Bir dövrdə gənclər çox fəal olur, sonra onlar yorulur, yerinə yeni gənclər gəlir, sonra onlar da yorulur, bu dəfə köhnə nəsil bir də canlanır… Belə təkrarlanan, sonu olmayan prosesdir. :)

22:34
Emil Quliyev [moderator]: Adını açıqlamayan bir oxucu yazır: AFU üçün darixanları nəzərə almanızı xahiş edirəm.

22:40
Əli Novruzov: AFU ilə bağlı hələ bir yenilik yoxdur, təəssüf ki. Yenilik olan kimi dərhal xəbər edəcəyik.

22:45
Sual [Ləman Süleymanova]: Yene kitab yazmagi dusunursunuz?

22:50
Cavab: Bəli, yenə də yazmağı düşünürəm və planlaşdırıram. Bu arada, ilk kitabımı alıb oxuduqları və bəyəndikləri üçün oxucularıma təşəkkür edirəm. Kitabın uğurlu alınmasına görə məhz sizlərə borcluyam.

22:51
Sual: Statuslarda hemise Amerikani terifleyirsen. Seni Amerikaynan ne baglayir?

22:55
Cavab: İnsan hüquq və azadlıqlarına hörmətlə yanaşan azad dünyaya həmişə rəğbətim olub, istər ABŞ olsun, istər Yaponiya, istər Lixtenşteyn. Amerikanı isə təkcə tərifləmirəm, tez-tez də Amerikan siyasətini sərt tənqid edirəm. Hər hansı bir ölkəni kor-koranə sevmək, ya da ona kor-koranə nifrət etmək mənlik deyil. Hər ölkədə sadə xalq var, dövlət var, hökumət var, siyasətçilər var, demokratlar var, ifrat sağ və sollar var, və ən əsası fərd kimi insanlar var. İnsanları sevmək lazımdır. Və insanların azadlıq və hüquqlarına hörmət edən hər yer rəğbətə layiqdir.

22:57
Emil Quliyev [moderator]: Əli bəy, forum iştirak etdiniz üçün təşəkkür edirik

22:58
Əli Novruzov: Dəvətə görə bir daha təşəkkür.

23:00
Emil Quliyev: Mən oxucularımıza da təşəkkürümü bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək.

 

3 Responses to “Əli Novruzov: “AFU barədə bir yenilik yoxdur””

  1. Adnan Kamilli says:

    Əli, bir zamanlar yaman bloq yazırdın. İndi niyə yazmırsan. Daha doğrusu tək sən yox, demək olar heç kəs yazmır. Mod qurtardı, bloq yazmaq da qurtardı?

  2. Resul AZERİ says:

    Men sizin kitabinizi oxumamisam. Neden behs eleyirsiniz kitabda?

  3. Ləman Suleymanova says:

    Yene kitab yazmagi dusunursunuz?

Leave a Reply

BLOGLAR

RSS Xəbərlər