Atalar günündə atam haqda düşüncələrim

Posted June 19th, 2011 at 4:24 pm (UTC-5)
1 comment


Amerikada Atalar günü rəsmi bayram deyil. Amma adı simvolik görünsə də, həyatımızda böyük rol oynayan İnsan üçün ilin bir gününü ayırmaq məncə, çox düzgündür. Atalar günündə artıq çoxdan təkcə ona valideyn deyil, bir vətəndaş kimi baxdığım insanı düşünürəm. Bəzən mən də başqaları kimi atama Süleyman müəllim deyə müraciət etmək istəyirəm. Atam mənim üçün böyük valideyn və dost olmaqla yanaşı, həm də həmişə müəllim və vətəndaş olub. “Tom Soyerin macəraları”nı bizə oxuyanda, hər bazar günü bizi gəzintiyə aparanda, Şuşanın dağlarında hər gülün-çiçəyin, bulağın adını bizə öyrədəndə, Sovet İttifaqının “bir vaxt gələcək, mövcud olmayacağı”nı deyəndə, İranda azərbaycanlılıarın dil və mədəni hüquqlarının pozulduğunu başa salanda qarşımızda hər zaman tarixçi-vətəndaş dayanırdı.

1979-cu ilin iyul ayı idi. Süleyman müəllimin bir keyfiyyətini də burada qeyd etməliyəm ki, klass sürücüdür. Həmin il o bizi maşınla Bakıdan Berlinə aparmışdı. Bir həftə ərzində Azərbaycandan Şimali Qafqaz, Ukrayna və Polşanı keçərək Almaniyaya gəlmişdik. Berlinin mərkəzi meydanlarından birinin lap yaxınlığında iki dünyanı bölən böyük bir sədd dururdu: Berlin divarı. Sovet turistləri onun qarşısında foto-şəkil çəkdirir, “Katyuşa” mahnısını oxuyurdular. Atamın divara və onun arxasından Bundestaqa baxdığına diqqət etdim. Gəzintini qurtarandan sonra o, maşında xəritəni çıxarıb növbəti marşrutu seçməyə başladı və bizə “oturun, gedək” dedi. Berlindən çıxdıq. Yağışlı, çiskinli bir gün idi. Bir azdan uzaqda sərhəd postu, sonra isə sovet əsgərlərinin kölgələri görünməyə başladı. Atam maşını saxladı. Bizi narahat edən “haraya gedirik” sualının cavabını indi artıq bilirdik. Həmin gün Süleyman müəllim bizə çox mühüm bir tarixi mühazirə oxudu. Almanların nəyə görə bölünmüş xalq olduğu haqda qısa ekskursdan sonra üzünü bizə tutub dedi:”Amma bu, həmişə belə olmayacaq. Sovet ordusu Almaniyada daimi qalmayacaq. Almanlar birləşəcək, Almaniya vahid dövlət olacaq. Mən bəlkə bunu görə bilmədim, amma siz görəcəksiniz.” Bu sözləri deyəndən sonra atam maşını geriyə sürdü.

Yay tətilindən böyük təəssüratlarla qayıtdıq. O tarixi mühazirə isə bir müddətə yaddan çıxdı. 1989-cu ildə almanlar Berlin divarını sökdü və Almaniya birləşdi. Həmin gün mən atamı təbrik etdim və onun Almaniyada bizə oxuduğu kiçik mühazirəni xatırlatdım. Amma xatırlatmağa ehtiyac yox idi. Çünki tarixçi yaddaşı da tarixçi uzaqgörənliyi qədər güclüdür.

One response to “Atalar günündə atam haqda düşüncələrim”

  1. Rahilya says:

    Gözəl alimdir Süleyman Əliyarlı,
    ləyaqətli atanın da hər kəs dəyərini verə bilmir, çox sağ olsun belə övlad

Leave a Reply to Rahilya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>