Kristian Lobutin:”Bakının özünün bir musiqisi var.” Qurban Səid haqda kitab oxuyandan sonra Azərbaycana səfər edən məşhur Fransa dizayneri təəssüratları haqda danışır

Posted November 14th, 2011 at 4:27 pm (UTC-5)
Leave a comment

Dünyada Azərbaycanı asanlıqla xəritədə göstərə bilən çox az tanınmış moda dizaynerinə rast gəlmək olar, özü də bunun əsas səbəbini çox güman ki, neft və qazla zəngin ölkədə yeni bazar tapmaq istəyi ilə izah etmək mümkündür. Lakin tam yəqinliklə deyə bilərəm ki, bir dünya şöhrətli dizayner Azərbaycanı başqa səbəbə görə tanımaq istəyib. Fransa ayaqqabı dizayneri Kristian Lobutin Şərq və Qərbin qovuşduğu bir ölkəni görmək, onun mədəniyyəti ilə tanış olmaq məqsədilə Azərbaycana səfər edib. Bu tanışlığın başlanğıcını isə 20-ci əsrin əvvəllərində sirri hələ də dünyaya tam bəlli olmayan Qurban Səid təxəllüslü yazıçının “Əli və Nino” romanı qoymuşdur.

Bakıda böyüyüb boya-başa çatan çox adam kimi məndə də bu kitaba xüsusi münasibət olmaqla yanaşı, kitabın müəəlifi və onun yarandığı dövr haqda az-çox məlumatı olan insanlara da böyük maraq var. Buna görə də Qurban Səidin mənim cənab Lobutinlə Virciniyada Amerikanın ən prestijli univermaqlarından birində görüşümün səbəbkarı olduğunu desəm yanılmaram. Onun amerikalı jurnalist Tom Raysın yazdığı “Orientalist” kitabını oxuyandan sonra Azərbaycana səfər etdiyi haqda məlumata rast gəlmişdim. Lakin səfərin məqsədi, nə zaman baş tutduğu və Lobutinin şəxsi təəssüratları haqda bir məlumat yox idi. Onun özünün veb səhifəsində də bu haqda məlumat tapa bilməmişdim.

Kristian Lobutin yüksək moda dünyasında ən tanınmış ayaqqabı dizaynerlərindən biridir, müəyyən mənada ayaqqabı kralıdır. Onun hazırladığı ayaqqabıların qırmızı altlığı Amerikada patentləşdirilib. Lobutinin ayaqqabıları üç il bir-birinin ardınca lüks kateqoriyasına daxil olan malların siyahısında birinci yerdə göstərilib. Ən prestijli ayaqqabıların yaradıcısı öz ilhamını Parisdə gecə klublarında rəqs edən qızlardan alıb. Usta Lobutin ayaqqabılara öz imzasını qoyur. Onunla görüşə gedəndə bütün yaş kateqoriyalarına mənsub qadınların uzun növbə yaradaraq, Lobutinin ayaqqabılarıın altlığına imza atmasını gözlədiyinin şahidi oldum. Lakin müsahibədən sonra bu şıq ayaqqabıların arxasında maraqlı bir insanın, sənət aşiqinin, yüksək ruha və geniş təxəyyülə malik bir insanın durduğunu gördüm.

Mətbuatla görüş üçün otağanda özümü təqdim edərək, azərbaycanlı olduğumu söylədim. “Çox gözəl, bilirsinizmi, mən Azərbaycana səfər etmişdim”-deyə cavab eşitdim. “Bəli, bilirəm, ona görə də buradayam. Azərbaycan haqda danışacayıq” , dedim və söhbətə başladıq.

Dilşad Əliyarlı: Müasir zəmanədə insanlar o qədər çox kitab oxumurlar. “Orientalist” kitabı sizdə hansı təəssürat yaratdı?

Kristian Lobutin: Çox maraqlı kitabdır, yaxşı bir kitabdır. Bu kitab mənim Azərbaycana, Bakıya səfər etməyimə səbəb oldu.

Dilşad Əliyarlı: Bəli, bilirəm. Kitab haqda məlumatınız haradan idi?

Kristian Lobutin: Mən kitabları sevirəm. Kitabın gözəl bir cildi var. Kitabın üz qabığında əynində pencək və başında fes papaq Qurban Səidin oturduğu yerdə şəkli göstərilir. Cildə baxıb öz-özümə şəklin cəlbedici olduğunu düşündüm. Sonra kitabın arxasında annotasiyasını oxudum və Qurban Səid, eyni zamanda Leo Nissenbaum adını daşıyan bir yazıçı olduğunu öyrəndim. Bir də dünyanın bu hissəsinə, Qafqaza xüsusi rəğbət bəsləyirəm. Bu yerlərdə gözəl parçalar var, Qafqaz ərazisində çox gözəl əşyalar tapmaq olar. “Əla” -deyə düşündüm və kitabı aldım. Onu oxuyandan sonra isə özümü tamamilə başqa bir aləmdə hiss etdim.

Dilşad Əliyarlı: Bakıdan başqa haralarda oldunuz?

Kristian Lobutin: Mən Livana səfər etmişəm, Suriyada olmuşam. İstanbula getmişdim, oradan da Gürcüstana getmək istəyirdim. Lakin müharibə başladığı üçün oraya gedə bilmədim və bütün qalan vaxtı Suriyada qaldım.

Dilşad Əliyarlı: Bakıda qaldığınız müddətdə diqqətinizi çəkən nə oldu?

Kristian Lobutin: Mənə görə ölkənin də, şəhərin də çox gözəl cəhətləri var. Mənə özünün musiqisi olan bir yer kimi göründü. Mən dərhal burada musiqiyə böyük zövqün olduğunu hiss etdim. Şəhərdə ürəyə yatan bir gözəllik və yenə də musiqi var. Mənə elə gəlirdi ki, opera səhnəsindəyəm. Bu ölkənin bir musiqisi var. Burada onun ruhunu hiss edirsiniz, Azərbaycanın çox romantik bir ruhu var. Çox gözəl bir ölkədir, insanları gözəldir. Müsəlman ölkəsidir, özü də gözəl bir ölkədir.

Dilşad Əliyarlı: Azərbaycanda butik açmaq planlarınız varmı?

Kristian Lobutin: Bunu etmək istərdim. Mənim Rusiyada partnyorum azərbaycanlıdır. Amma hələ bir az tezdir. Mən hesab edirəm ki, hələ tezdir. Çünki qəribə də görünsə, istehsaldan əldə etdiyim gəlir o qədər böyük deyil. Buna görə də hələ bütün diqqətimi işə yönəltmişəm və istədiyim yerlərdə butik aça bilmirəm. Mən butik açanda gərək onun işi ilə özüm şəxsən məşğul olam. Amma belə bir fikrim var və mən 2012-ci il haqda fikirləşirəm.

Dilşad Əliyarlı: Keçmiş Sovet İttifaqının hansı şəhərlərində butikləriniz var?

Kristian Lobutin: Moksvada iki butikim var.

Dilşad Əliyarlı: Kitabların sizin həyatınıza və üslubunuza necə təsir göstərdiyi maraqlıdır. “Orientalist” kitabını nəzərdə tuturam. Dünya ilə bir bağlılıq hiss edirsinizmi?

Kristian Lobutin: Mən tamamilə özümü bu dünyaya bağlı hiss edirəm. Bu mənim işim və ruhən azad olmağım üçün çox vacibdir. Mən heç kəs haqda mühakimə yürütmürəm. Mən heç vaxt nə bir ölkə, nə də mənim təsəvvürüm olmayan, görmədiyim, ya da başa düşmədiyim bir reallıq haqda mühakimə yürütmürəm. Mən insanların başa düşmədikləri məsələlərə görə öz üzərinə nə qədər böyük məsuliyyət götürdüyünü heç cür anlamıram. İnsan səyahət etməlidir, hamıya tanış olmayan bir reallığı başa düşməyə çalışmalıdır. Çünki reallıqlar çoxdur və yalnız bir şey doğru ola bilməz. Ona görə də mən hesab edirəm ki, insan səyahət etməlidir, bu, onun açıq fikirli olması üçün vacibdir.

Dilşad Əliyarlı: Sizin fikrinizcə, 21-ci əsrdə moda nə dərəcədə fərqlidir? Siz bu dəyişikliyi necə hiss edirsiniz? Dizayner kimi bu sizin üçün nə deməkdir?

Kristian Lobutin: Moda bu gün bis sıra səbəblərə görə fərqlidir. Daha çox azadlıq var, insanlar özlərini daha azad hiss edirlər. Lakin başqa səbəblər də var. Müasir zəmanədə çöldə temperatur fərqlidir. Mən xüsusi olaraq ayaqqabılardan danışıram. Əvvəllər qışda uzunboğaz, yayda isə açıq ayaqqabı geyinirdilər Lakin indi siz qışda da açıq ayaqqabı geyə bilərsiniz, çünki bir isti yerdən o biri isti yerə gedirsiniz. Bütün bunlara görə moda da dəyişib. Mən tvid kostyumları çox sevirəm. Amma İngiltərədə soyuq qəsrdən başqa tvid kostyumu harada geyinəcəksiniz. İstidən bişərsiniz. İnsanların həyatı əslində modanın özündən daha çox dəyişib. Moda insanların həyatında nə baş verirsə onu əks etdirir. Beləliklə, müasir həyat özü modanı dəyişdirib.

Dilşad Əliyarlı: Sizə ilham verən nədir.

Kristian Lobutin: Hər bir şey. Gözləriniz və beyniniz baş verən hər şeyi görür və qavrayır. Gözlərim həmişə açıqdır və belə olduqda bu dizaynda da özünü göstərir.

Mən bu an ətrafa baxıram. Hər yer ayaqqabılarla doludur, hündür daban, qırmızı altlıqlı “Lobutinlər” (moda dünyasında onun ayaqqabılarını bəzən belə adlandırırlar). “Valehedici!”-deyə ağlımdan keçir və növbəti sualım artıq hazırdır.

Dilşad Əliyarlı: Hazırladığınız ayaqqabıların bu fövəlqadə xüsusiyyəti nədən ibarətdir.

Kristian Lobutin: Bilirsiniz, bir işə ürəyinizi və canınızı qoyanda buna dəyər. Qadınlar məndə onlara hörmət hissini, onları sevdiyimi görürlər. Mənim işim ayaqqabı dizayn etmək deyil, bu, qadınları təntənə etməkdir. Əgər qadının gözəl görünməsi və dizaynın gözəl görünməsi arasında seçim varsa, mən həmişə qadının tərəfindəyəm. Yəni mən əgər münasib deyilsə, dizayndan imtina edə bilərəm. Mənə elə gəlir ki, insanlar bunu görür.
Dilşad Əliyarlı: Siz əvvəlcə özünəməxsusuluğu və eleqantlığı ilə seçilən fransız qadınları üçün ayaqqabı dizayn etməyə başlamısınız. Sonradan ayaqqabılarınız digər qadınlar arasında da populyarlıq qazanıb. Sizə ilham verən qadınlar kimlər olub.
Kristian Lobutin: Təbii ki, fikrimdə tək bir adam olmayıb. Mən Fransada anadan olmuşam. Parisdə anadan olub, boya-başa çatmışam. Parisdə çox qadınlar görmüşəm və onların mənə təsiri olub.

Dilşad Əliyarlı: Tam mənada razı qalmaq üçün daha nəsə etmək istədiyinizi düşünürsünüzmü.

Kristian Lobutin: Əgər nail olmaq istədiyiniz nəyisə artıq əldə etdiyinizi düşünürsünüzsə, bu, son deməkdir. Mən bundan kədərlənərdim. Mən hələ heç bir şeyə nail olmadığımı düşünmək istərdim. Mən qarşımda görülməli işlərin olduğunu bilmək istəyirəm, arxamda qalanları yox. Gördüyüm işdən razıyam, amma işə davam etmək məni sevindirir.

Dilşad Əliyarlı: Sizcə gələcəyin qadınları necə görünəcək. Sizin ayaqqabılarınızı hansı qadınlar geyinəcək.

Kristian Lobutin: Deyə bilmərəm. Bu onların individual cəhətlərindən asılı olacaq.

Dilşad Əliyarlı: Sizi həyatda xoşbəxt edən nədir?

Kristian Lobutin: Azad olmaq. Müstəqil olmaq. Gəlin belə deyək, ruhumun azad olması.

Söhbəti burada bitirdik və mən cənab Lobutinin mənə ürək genişliyi ilə bu qədər vaxt ayırdığına təəccübləndim. Müsahibədən sonra hətta şəkil çəkdirdik və mən ona “Əli və Nino” kitabının nüsxəsini təqdim etdim. O, kitabı dərhal alıb ucadan dedi: “Əli və Nino. Kitabı oxuyacam. Çox maraqlı olacaq.”

Müsahibə ingilis dilində “Visions of Azerbaijan” jurnalında dərd edilib. Burada oxuya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>