ABŞ qanunvericiləri diaspor üzvlərinin 31 Mart məktub kampaniyasına cavab verir

Posted March 31st, 2012 at 2:29 pm (UTC-5)
Leave a comment

Hər il olduğu kimi bu il də ABŞ-da yaşayan azərbaycanlılar 20-ci əsrin əvvəllərində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirildiyi faciəli hadisələrin anılması üçün diaspor üzvləri arasında məktub kampaniyası keçirib. Kampaniyanın nəticəsi olaraq, Amerika qanunvericiləri icma üzvlərinə məsələ ilə bağlı rəsmi cavablar göndərib.

Virciniya ştatı parlamentinin üzvü Gerald Konnolli cavab məktubunda insan hüquqlarının vacibliyini və keçmişdə baş vermiş dəhşətli hadisələrin təkrarlanmasına imkan verməməyin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan icmasının qaldırdığı məsələnin onun üçün əhəmiyyət daşıdığını qeyd edib.

İllinoys ştatından demokrat senator Ayra Silverşteyn isə öz cavabında 31 Mart faciəsi kimi anım günlərinin ona yad olmadığını bildirib. “Bu mənə Holokost faciəsinin anım gününü xatırladır”-deyə senator məktubunda qeyd edib.

Amerika azərbaycanlılarının Birləşmiş Ştatlar Konqresi, yerli qanunvericilik orqanları və mətbuat üzvlərinə göndərdiyi məktublarda1918-ci il martın 31-də baş vermiş faciəli hadisələrlə bağlı məlumat verilir.
ABŞ azərbaycanlıların şəbəkəsi USAN-nın hazırladığı məktublarda martın 31-i gününün 1919-cu ildə Azərbaycan Demokratik Respublikası tərəfindən rəsmi olaraq Faciə günü kimi anıldığı qeyd edilir.

Amerika azərbaycanlılarının məktub kampaniyasının nəticəsi olaraq, Birləşmiş Ştatlarının bəzi ştatlarında 31 Mart azərbaycanlıların anım günü kimi tanıyan sənədlər qəbul edilb.
ABŞ-ın Nevada ştatının qubernatoru 2010 və 2011-ci illərdə 31 mart gününü azərbaycanlıların anım günü elan edərək, bununla bağlı rəsmi sənəd qəbul etmişdir.

Nevada ştatının qubernatorunun sərəncamı Azərbaycanın hüdudlarından kənarda 31 martı azərbaycanlıların milli faciəsi kimi tanıyan ilk rəsmi sənədlərdən biridir.

ABŞ-ın Texas ştatının parlamentində də 2011-ci ildə 31 Mart azərbaycanlıların kütləvi qırğınları ilə bağlı rəsmi açıqlamala verilmişdir. Texas qanunvericisi Con Zervas ştatın partlamentdə üç dəfə 31 Mart günü ilə əlaqədar bəyanatla çıxış edib.

Konqresmenin təqdim etdiyi bəyanatda 1918-ci ilin martında Bakıda və Azərbaycanın bir sıra şəhərlərində qadınlar və uşaqlar da daxil olmaqla, 12 mindən çox günahsız insan qətlə yetirildiyi qeyd edilib.
Texas ştatında 1918-ci ildə Azərbaycanda kütləvi qətllərlə əlaqədar qətnamənin təqdim edilməsi ABŞ-dakı Azərbaycan icmasının səyləri nəticəsində mümkün olmuşdur.

Rəsmi sənədlərlə yanaşı, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və icma üzvləri yaşadıqları şəhər və ştatların yerli mətbuat orqanlarında da məqalələrlə çıxış edirlər.

Amerikada yaşayan azərbaycanlılar 20 Yanvar, Xocalı, 31 Mart günləri ilə əlaqədar artıq bir neçə ildir məktub kampaniyası keçirir, seçkili rəsmilər və mətbuat üzvlərinə Azərbaycanla bağlı məlumatların çatdırılmasında fəal iştirak edir.

Xocalı faciəsinə dair daha bir qətnamə Meyn ştatında qəbul edildi

Posted March 24th, 2012 at 2:14 pm (UTC-5)
1 comment

ABŞ-ın şimal-şərqində yerləşən Meyn ştatının Nümayəndələr Palatası martın 13-də Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənəd qəbul edib.

Xocalı faciəsinin anılmasına dair sənədin qəbul edilməsi təşəbbüsləri ilə Meyn ştatının Nümayəndələr Palatasının üzvü Anna Haskel və senator Castin Alfond çıxış ediblər.

Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənədin qəbul edilməsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü və təşkilatın Meyn ştatında fəalı Tərlan Əhmədovun səyləri nəticəsində mümkün olmuşdur.

Sənəddə 2012-ci il fevral ayının 26-da Azərbaycanda Xocalı qətliamının 20 illiyinin qeyd edildiyi deyilir. “20 il əvvəl bu gün Ermənistan silahlı qüvvələri Rusiyanın 336-cı moto-atıcı alayının iştirakı ilə Azərbaycanın bu bölgəsində silahlı təcavüz və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq, Xocalıya hücum etmiş və şəhəri işğal etmişdir”-deyə sənəddə qeyd edilir. Burada göstərilir ki, münaqişədən qaçmağa cəhd göstərən Xocalı sakinləri pusquya salınaraq, erməni və rus əsgərləri tərəfindən atəşə tutulmuş, qətliam nəticəsində 613 mülki vətəndaş həyatını itirmişdir.

Meyn ştatının qanunvericiləri sənəddə ABŞ-ın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi siyasətinə qoşulduqlarını bildiriib.

Sənəddə Xocalı faciəsində həyatlarını itirmiş insanların xatirəsinə ehtiram ifadə edilir.

ABŞ hərbi dəniz qüvvələrinin veteranı azərbaycanlı Nəimi Əmiral Virciniyada Norfolk şəhər şurasına seçkilərə qatılır

Posted March 24th, 2012 at 1:54 pm (UTC-5)
Leave a comment

ABŞ hərbi dəniz qüvvələrinin veteranı azərbaycanlı Jon Nəimi Əmiral yaşadığı Virciniya ştatının Norfolk şəhər şurasına seçilmək üçün mübarizəyə qoşulub. Norfolk sakini olan Nəimi Əmiral şəhər şurasının üzvü Barklay Vinlə rəqabət aparacaq.

Bu, 34 yaşlı Nəimi Əmiralın ilk siyasi kampaniyası deyil. 2009-cu ildə o, Virciniya ştatı Konqresinin Nümayəndələr Palatasına seçilmək üçün Respublikaçılar partiyasından namizədliyini irəli sürmüşdü. Kiçik fərqlə rəqibinə məğlub olan Nəimi Əmiral ABŞ-da siyasi seçki prosesində namizəd kimi iştirak edən ilk azərbaycanlılardan olmuşdur.

2011-ci ildə Virciniya ştatının qubernatoru Bob Makdonnel Con Nəimi Əmiralı Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edib.

Con Nəimi Əmiral ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyat zabitidir. 2001-ci il sentyabrın 11-də Vaşinqtonda və Nyu-Yorkda terror hücumlarından sonra o, yeni vətəni olan Amerikaya kömək etmək və Amerikanı terror hücumlarından qorumaq üçün daxili çağırışa cavab verərək ABŞ Hərbi Dəniz Qüvvələrinə yazılmışdır.

Nəimi Əmiralın göstərdiyi əla xidmət ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı tərəfindən yüksək qiymətləndilib. Bir neçə il ərzində o, zabit rütbəsi alaraq, Hərbi Dəniz Qüvvələrinin leytenantı olub. Nəimi Əmiral xidmət göstərdiyi illər bir neçə dəfə mükafatlara və medallara layiq görülüb.

ABŞ Konqresi azərbaycanlı zabitin xidmətlərini yüksək qiymətləndirərək, onun iki ölkənin xalqları arasında dostluq və anlaşmanın gücləndirilməsində yorulmadan çalışdığını qeyd edib.

2009-cu ildə Nəimi Əmiral Hərbi Dəniz Qüvvələrindən ehtiyata keçirilmiş və Norfolk şəhərində ixtisaslaşdığı iqtisadi sahədə təcrübə qazanmaq üçün kiçik biznes sahibi kimi fəaliyyət göstərmişdir.

Con Nəimi Əmiral ailəlidir, bir övladı var.

Vaşinqtonda ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə tədbir keçirilib

Posted March 24th, 2012 at 1:37 pm (UTC-5)
Leave a comment

Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyi və Birləşmiş Ştatların Dövlət Departamenti ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə paytaxt Vaşinqtonda xüsusi qəbul təşkil edib.

Vaşinqtonun prestijli “Kosmos” klubunda keçirilən tədbirdə ABŞ Konqresinin və Birləşmiş Ştatlar administrasiyasının hazırkı və sabiq üzvləri, Vaşinqtonda yerləşən xarici diplomatik missiyaların nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan və türk icmasının üzvləri iştirak edib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon iki ölkə arasında münasibətilərin əhəmiyyətindən danışıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Birləşmiş Ştatlar və Azərbaycan arasında 20 il ərzində möhkəm əlaqələrin qurulduğunu qeyd edib və bu münasibətlərin təkcə iki ölkə üçün deyil, bütün bölgə üçün əhəmiyyətini vurğulayıb.

Tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə Azərbaycan və Birləşmiş Ştatlar arasında münasibətlərin qurulması və bugünkü durumu ilə bağlı fikirlərilə bölüşmüşdür. “İlk dəfə Azərbaycan dövlətinin nümayəndəsi kimi, gənc müstəqilliyini əldə etmiş Azərbaycanın təmsilçisi kimi Amerika Birləşmiş Ştatlarına gələndə və Amerika-Azərbaycan arasında əməkdaşlıq və təhlükəsizlik sahəsində əməkdaşlıq haqda danışanda məndən xahiş etdilər ki, xəritədə bu ölkəni göstərim. Azərbaycan sözünün tələffüz edilməsində də çox böyük çətinliklər çəkirdilər. 20 il ərzində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində, çox ciddi strateji enerji layihələrinin həyata keçirilməsində Azərbaycana dəstək verib. Bu gün Azərbaycan bölgədə Amerika Birləşmiş Ştatlarının ən etibarlı müttəfiqinə çevrilib və Amerikaya qarşı terror hücumundan sonra Azərbaycanın Amerika ilə anti-terror koalisiyasının ən fəal üzvlərləri kimi İraqda, Kosovoda əsgərləri xidmət edir. Bu gün Əfqfanıstanda nəinki Azərbaycanın əsgərlri və zabitləri xidmət edir, Azərbaycan NATO-nun Əfqanıstanda əməliyyatlarına ən böyük dəstək verən ölkələrdən birinə çevrilir. Azərbaycan-Amerika münasibətləri əsasən üç müstəvidə, birincisi, təhlükəsizlik sahəsində, bölgəmizdə sülhün bərqərar olması istiqamətində gedir, enerji sahəsində əməkdaşlıq münasibətlərimizdə çox mühüm bir amildir və üçüncüsü, Azərbaycanda islahatların həyata keçirilməsi və demokratiyanın inkişafıdır. Bu da bizim əməkdaşlığımızın çox mühüm bir sahəsidir. Mən əminəm ki, hər üç sahədə uğurlarımız olacaq. Əminəm ki, hər üç sahə Azərbaycan bölgənin liderinə çevriləcək, eyni zamanda Amerika Birləşmiş Ştatlarının ən etibarlı müttəfiqi kimi bizim imkanlarımız gün-gündən artacaq.”

Amerika Birləşmiş Ştatları 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə fevral ayında qurulmuşdur. 1992-ci ildə mart ayında Azərbaycanın ən vacib strateji tərəfdaşlarından biri olan ABŞ Bakıda səfirliyini açmışdır.

Lütfi Zadə:”Mən pulda deyil, həmişə elm naminə elmdə maraqlı olmuşam”

Posted February 28th, 2012 at 3:51 pm (UTC-5)
1 comment

Fevralın 4-ü dünya şöhrətli riyaziyyatçı-alim, mühəndis-elektrik və kompyuter mütəxəssisi Lütfi Zadənin ad günüdür. Lütfi Zadə 1921-ci ildə Bakıda anadan olmuşdur. Atası Rəhim Ələsgərzadə Ərdəbildən, anası isə Rusiyadan olub. O, rus və fars dillərində sərbəst danışır, Azərbaycan dilini yaxşı başa düşür.

Kaliforniyanın Berkli universitetində kompyuter elmləri professoru Lütfi Zadə elm dünyasında Fuzzy Logic (qeyri-səlis məntiq) nəzəriyyəsinin banisi kimi tanınır. Doktor Lütfizadə ilə Berkli universitetində onun iş otağında görüşdük. Yay mövsümü və tələbələrin tətildə olmasına baxmayaraq, professor gündə bir neçə saat universitetə gəlib işləyirdi. Professor hələ də dəsr deyir və artıq bir neçə ildir təqaüddə olmasına baxmayaraq, buna əhəmiyyət vermir və deyir ki, təqaüd sadəcə rəsmi prosedurdur.

Söhbətimiz doktor Lütfi Zadənin həyatının ilk illərini harada keçirdiyi ilə başladı.

Dilşad Əliyarlı: Doktor Zadə, həyatınızın ilk dövrü harada və necə keçib?

Professor Lütfi Zadə: Həyatımın ilk 10 ili Bakıda keçib. 10 yaşım olanda valiydenlərim İrana qayıtmaq qərarına gəldi. Beləliklə, 10 yaşından 23 yaşına qədər İranda yaşamışam. 23 yaşında olarkən mən Birləşmiş Ştatlara gəlmişəm.

Dilşad Əliyarlı: İranda harada yaşamısınız?

Professor Lütfi Zadə: Tehranda. Əvvəlcə, o zaman Amerika kolleci adlanan məktəbə getmişəm. Sonradan onun adı dəyişdirilib Əlboz oldu. Məktəbi bitirdikdən sonra Tehran universitetinə daxil oldum. Universiteti mühəndislik üzrə bakalavr dərəcəsi ilə bitirmişəm. Mən iki dildə ləhcəsiz danışıram. Bu da rus və fars dilləridir. İngilis dilində də rus ləhcəsi ilə danışıram.

Dilşad Əliyarlı: Bəz buraya Kaliforniyaya necə gəldiniz?

Professor Lütfi Zadə:Biz Amerikaya gəldikdən sonra mən Massaçusets texnologiya institutuna daxil oldum və orada magistr dərəcəsi aldım. Bundan sonra təhsilimi Nyu Yorkda Kolumbiya universitetində davam etdirdim. Çünki valideynlərim ABŞ-a gələndə Nyu Yorkda məskən salmışdılar. Mən də Nyu Yorkda onlarla bərabər olmaq istəyirdim. Texnologiya universitetində qala bilərdim, amma bunu etmədim və Nyu Yorkda iş tapdım. Nyu Yorkda Kolumbiya universitetində doktorluq dərəcəsi aldım və elə burada qalmaq qərarı verdim. Sonra mənə professor adı verdilər. Lakin gözlənilmədən Berkli universitetində mənə iş təklif etdilər və mən 1959-cu ildə Kolumbiya universitetindən Kaliforniyaya, Berkli universitetinə gəldim. O vaxtdan buradayam.

Dilşad Əliyarlı: Kolumbiya və Berkli universitetlərini necə fərqləndirə bilərsiniz? Bunların ikisi arasında necə müqayisə aparmaq olar?

Professor Lütfi Zadə:Sizə bir söz deyim. Əgər Kolumbiya universitetində qalsaydım, indi heç bir şey idim. Bəxtim gətirdi ki, buraya qərbə gəldim. Kolumbiya çox yaxşı yerdir. Amma orada təzyiq hiss etmirsən. İnsanlar təzyiq olmadığı halda, inkişaf edə bilmir. Berkli də isə o təzyiq var idi.
1959-cu ildə buraya gəldim və1963-cü ildə bölmə müdiri təyin edildim. 1968-ci ilə qədər bu vəzifədə çalışdım. Yəni təzyiq var idi. Mən təzyiq deyəndə, normal səviyyədə təzyiq nəzərdə tuturam. Nə çox, nə də az təzyiq yaxşı deyil. Həyatda çox şey bizim nəzarətimizdən xaricdədir. O zaman Berkli universiteti çox yüksək templə inkişaf edirdi. Lakin bu gün Kaliforniyada vəziyyət bir qədər dəyişib. İqtisadi şərait başqadır.

Dilşad Əliyarlı: Sizcə, kompyuter elmi sahəsində 21-ci əsrdə hansı inkişafları gözləmək olar?

Professor Lütfi Zadə: Bunu qabaqcadan söyləmək çətindir. 10-15 il bundan əvvələ getsək, nələr olacağını söyləməkdə çətinlik çəkərdik. Amma tam əminliklə demək olar ki, ən böyük dəyişikliyi əlbəttə, internet yaratdı. İnternet bir çox şeyləri dəyişdi. Tendensiya isə miniatürləşməyə, yəni kiçilməyə doğru gedir. Bu gün mobil telefon kiçik kompyuterə bərabərdir. 20-30 il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Cihazların ölçüsü getdikcə kiçilsə də, onlar daha “zəkalı” olur. Bu iki tendensiyanı müşahidə etmək mümkündür . Bu da bir tərəfdən yaxşıdır, lakin başqa tərəfdən, o qədər yaxşı olmaya da bilər. Bütün inkişafların həmişə olduğu kimi həm müsbət, həm də mənfi tərəfləri olur.
Amma 20-30 il əvvəllə müqayisədə indi müşahidə edə bilmədiyimiz bir cəhəti də qeyd etmək istərdim. Bu da ondan ibarətdir ki, o zaman bir şövq, bir həvəs var idi. 1963-1968-ci illərdə mən bölmə müdiri olanda kompyuter dövrü təzə başlayırdı. Baş verən hər hadisə, inkişafla bağlı bir həyacan yaşanırdı. Bu gün bunu görə bilmirik. “Süni beyin” indi daha böyük əhəmiyyət daşımağa başlayıb.

Dilşad Əliyarlı: İnternet insanları bir-birinə daha yaxından bağlaya bilibmi və insanlar kompyuter sahəsində biliklərdən istifadə edərək həyat keyfiyyətini yaxşılaşdırmağa nail olubmu?

Professor Lütfi Zadə: Əvvəl dediyim kimi, bunun həm mənfi, həm müsbət tərəfləri var. Müsbət inkişafların bundan sonra davam edib-etməyəcəyini gələcək özü göstərəcək. Lakin internetin özü ilə bağlı problemlər də var. Məsələn, saxta mesajlar, fərdi informasiyanın oğurlanması, özəl həyata müdaxilə, bütün bunlar böyük problemlərdir. Lakin eyni zamanda, bir dəfəyə minlərlə insana mesaj göndərmək mümkündür. Ya da Google saytından istifadə edərək, istədiyiniz informasiyanı tapa bilirsiniz. Bunlar əvvəllər mümkün deyildi.
Burada bir məsələni də qeyd etmək istəyirəm. Bu da ondan ibarətdir ki, pul və maliyyə daha çox önəm daşımağa başlayıb. Cəmiyyətdə maddiyyətçilik var. Bu, mənim heç xoşuma gəlmir. Mən 1944-cü ildə Birləşmiş Ştatlara gələndə vəziyyət fərqli idi. Mən bu gün kommersiyanın və reklamın böyük təsir qüvvəsinə malik olmasını heç bəyənmirəm. Televiziya proqramları reklamlardan, kommersiyadan ibarətdir. İnsanlar bunun təsirinə məruz qalırlar. Bu da narahatlıq doğurur.

Dilşad Əliyarlı: Birləşmiş Ştatlara gəldikdən sonra uşaqlıq və gənclik illərinizin keçdiyi ölkələrə, Azərbaycana, İrana, Rusiyaya səfər etmisinizmi?

Professor Lütfi Zadə: Sonuncu dəfə Rusiyada 1979-cu ildə olmuşam. Sovet İttifaqı dağıldı. İndi sual budur ki, Rusiya və başqa respublikalarda insanların vəziyyəti yaxşılaşdı, yoxsa daha da pis oldu. Fikrimcə, Sovet İttifaqının tərkibində olan ölkələr, xüsusilə də Azərbaycan, Gürcüstan kimi ölkələr müəyyən mənada daha yaxşı səviyyədədirlər. Azərbaycan mənim vətənimdir. Gözəl ölkədir. Bakı gözəl şəhərdir. 2009-cu ilin noyabrında Azərbaycanda olmuşam. Azərbaycan neftə görə başqa ölkələrdən daha zəngindir. Buna görə də Azərbaycanın vəziyyəti başqalarından daha yaxşıdır. Mən prezident İlham Əliyevlə görüşdüm və o mənə çox yaxşı təsir bağışladı. Kommunikasiya naziri Əli Abbasovla görüşdüm. Belə insanların ölkəni gələcəyə apara biləcək insanlar olduğunu düşünürəm.
Lakin başqa ölkələrlə bağlı bu nikbinliyi bölüşə bilmirəm. Müstəqillik əldə etmiş başqa ölkələrə baxdıqda, onlar əvvəlki kimi bir ölkənin tərkibində deyil. Sovet dövrü insanlar bir yerdə təhsil alır, başqa yerdə işləyirdilər. İndi isə vəziyyət fərqlidir.
Mən Rusiyada gedən proseslərdən razı deyiləm. Orada bir tərəfdən oliqarxlar, milyarderlər var, digər tərəfdən isə zibillikdə çörək axtaran insanları görmək olar. Cəmiyyətdə çox böyük qeyri-bərabərlik var. İşsizlik çox yüksək səviyyədədir. Rusiyada işsizlik səviyyəsi Birləşmiş Ştatlardan qat-qat yüksəkdir. Bu da sosial partlayışa səbəb ola bilər.

Dilşad Əliyarlı: İranda necə olmusunuzmu? Oradakı hadisələri izləyirsinizmi?

Professor Lütfi Zadə:Sonuncu dəfə İranda 1976-cı ildə olmuşam. Onu deyə bilərəm ki, burada demokratiyanın süqutu baş verib. Mən orada proseslərə yaxşı insanlarla pis insanların qarşıdurması kimi baxmıram. Gördüyüm odur ki, insanlar bir-birinə inanmır. Onlar seçkilərə inanmır və bu, birinci dəfə deyil. Hər dəfə seçkidə bir tərəf o biri tərəfi seçkini saxtalaşdırmaqda ittiham edir. Mən İranda demokratiyanın çiçəklənə biləcəyinə inanmıram. Bu, qeyri-mümkündür. Mən bunu hələ İranda tələbə olarkən müşahidə etmişəm. Şah dövrü İranda total diktatorluq mövcud idi. Sonra demokratiyaya bənzər nəsə oldu, əslində isə bu, total qarışıqlıq idi. İnsanlar azadlıqdan yaxşı mənada necə istifadə edəcəyini bilmirdi.Burada da Rusiyadan misal gətirmək istəyirəm. Yaxşı, indi deyək, daha çox azadlıq var. Amma bunun nəticəsi nədir. Yeni qanun çıxana qədər Moskvada 68 kazino var idi. Hər tində bir bar var. Azadlıqdan istifadə etmək əvəzinə, azadlıqdan sui-istifadə edilir. İran kimi ölkədə də demokratiya mümkün deyil. Ya bu, ya da başqa bir formada diktatorluq mövcud ola bilər. Ona görə də islahatçıların seçkilərdə qələbəsindən danışanda, yada salmaq istəyirəm ki, Musəviyə intellektuallar, tələbələr səs vermişdi. Lakin xalqın böyük hissəsi intellektuallardan ibarət deyil. Rejimə qarşı mübarizə prosesində isə insanlar və İranın özü əziyyət çəkir. Cəmiyyətdə qütbləşmə İranın xeyrinə deyil və İran gələcəkdə güclü ölkə olmayacaq. Buna görə yenə demək istəyirəm ki, mən oradakı proseslərə xeyir və şər arasında mübarizə kimi baxmıram. Amma bir söz demək istəyirəm ki, İran da, Bakı da mənim ürəyimdə xüsusi yer tutur.

Dilşad Əliyarlı:Sizin üçün həyatda ən mühüm nədir?

Professor Lütfi Zadə: Mənim işim. Həmişə və hər zaman belə olub. Mən heç vaxt pul haqda düşünməmişəm. Amerikanın özündə də görürsünüz ki, prosfessorlar nəsə bir işlə məşğul olub pul qazanırlar. Mənim üçün isə bu, heç vaxt belə olmayıb. Görünür, boya-baş çatdığım dövrün və mühitin mənə təsiri olub. Mən Bakıda 16 nömrəli məktəbdə oxuyanda belə bir atmosfer var idi ki, elm mühümdür, alimlər mühüm adamlardır. Pul isə əhəmiyyətli deyildi. Sovet İttifaqı dağılana qədər belə idi. O zamanlar zəngin adamlar deyil, alimlər, yazıçılar, şairlər ən çox hörmət olunan insanlar idi. Bu da mənə öz təsirini göstərib.
Mən Birləşmiş Ştatlara gəlib elmi fəaliyyətə başlayanda bu atmosferin təsiri altında idim. Sonradan Fuzzy Logic nəzəriyyəsini yaratdım və nəhayət bu mərhələyə çatdım. Amma mən o mədəniyyətə mənsub olmasaydım, bəlkə də indi bir şirkət rəhbəri idim. Mən pulda deyil, həmişə elm naminə elmdə maraqlı olmuşam.

Dilşad Əliyarlı: Özünüzü xoşbəxt insan hesab edirsinizmi?

Professor Lütfi Zadə: Bəli. O mənada ki, şikayət etməyə bir səbəb yoxdur. Yüksək ad qazanmışam, gözəl ailəm, gözəl həyat yoldaşım var. Berklidə yaşayıram, bura çox gözəl yerdir. Çox gözəl bir ölkədə yaşayıram. Mən Amerikanı çox sevirəm. Lakin məni narahat edən məsələlər də var. Kaliforniyada indi işini, sığortasını itirən insanlar var. Bu insanlar yaşadıqları evləri itirmək qorxusu qarşısındadır. Mən bu vəziyyətə baxdıqda narahat oluram. Özümə görə yox. Bir insan cəmiyyətdə başqaları böyük problemlər üzündən gecələri yata bilmədiyi halda özünü tam mənada xoşbəxt hiss edə bilməz.
Yenə də demək istəyirəm ki, mən bu ölkəyə mənə verdiyi bütün imkanlara görə minnətdaram. Başqa heç bir ölkədə mən bunlara nail ola bilməzdim.

ABŞ və Kanadanın bir sıra stat və şəhərlərində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar rəsmi sənədlər qəbul edilib

Posted February 27th, 2012 at 3:49 pm (UTC-5)
Leave a comment

Amerikada və Kanadada yaşayan azərbaycanlılar, habelə bu ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində bri sıra stat və şəhərlərdə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar rəsmi sənədlər qəbul edilib.

ABŞ-ın Nyu Cersi ştatının qubernatoru Kim Quadaqnonun vitse-qubernator Kris Kristi ilə qəbul etdiyi birgə bəyanatda Xocalı qətliamının 20-ci ildönümünü qeyd edən bütün insanlarla həmrəylik ifadə edilir. “Dağlıq Qarabağ müharibəsində erməni və rus əsgərlərin yüzlərlə mülki Azərbaycan vətəndaşını qətlə yetirdiyi faciə olan Xocalı qətliamının 20-ci ildönümünü qeyd edən ABŞ azərbaycanlılarının şəbəkəsi USAN və bütün insanlarla həmrəylik bildiririk. Sizə qoşularaq Xocalı qətliamının qurbanlarının xatirəsini anırıq”-deyə bəyanatda qeyd edilir.

Sənəddə ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-ın bu dəhşətli hadisənin anılması üçün göstərdiyi səylər xüsusi qeyd edilir. Bu, Xocalı facisəinin ştat qubernatoru səviyyəsində tanındığı ilk belə sənəddir.

Amerika-Azərbaycan Şurası, Amerika Azərbaycan Cəmiyyəti Pax Turcica təşkilatı və ABŞ-da Türk Amerika Assosiasiyalar Birliyinin birgə kampaniyası nəticəsində isə ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib. Qətnamədə 1992-ci ildə fevfalın 26-dan 27-ə keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 336-cı moto-atıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, şəhərin dinc əhalisini qəddarlıqla qətlə yetirdiyi qeyd edilir. Sənəddə Ermənistanın faciəyə görə məsuliyyət daşıdığını rəsmən inkar etdiyi bildirilir və deyilir ki, 1992-ci ildə baş vermiş Xocalı qətliamının beynəlxalq səviyyədə tanınması məsələsinə kifayət qədər diqqət yetirilməyib.

Corciya ştatının Konqresinin Nümayəndələr palatasının qəbul etdiyi qətnamədə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar dərin kədər hissi və hadisə qurbanlarını xatirəsinə ehtiram ifadə edilir.

Kanadanın Kalqari şəhərinin meri Naheed Nenşi Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar rəsmi sənəd qəbul edib. Məktubda deyilir ki, merin qərarı ilə fevralın 25 və 26-ı günləri Kalqari şəhərində Xocalı qətliamının 20-ci ildönümü kimi tanınır. Merin açıqladığı sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə alıb hücum edərək, oradan qaçmağa çalışmış əhalini qəddarcasına qətlə yetirdiyi deyilir. Kalqari şəhərinin merinin qəbul etdiyi sənəddə Xocalı qətliamının qurbanlarının xatirəsinə ehtiram bildirilir.

ABŞ və Kanadanın bir sıra ştatları və şəhərlərində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar bir sıra sıra tədbirlər keçirilib. Azərbaycan diaspor təşkilatları Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərmişlər.

Nyu-York və Vaşinqton şəhərlərində Azərbaycan və türk icmalarının iştirakı ilə nümayişlər keçirilib. ABŞ paytaxtı Vaşinqton və Nyu-Yorkun mərkəzi küçələrində üzərində Xocalı hadisələrinə dair məlumatların əks etdirildiyi posterlər yerləşdirilib.

Azərbaycanlı model Nyu-York moda şousunda yeni geyim kolleksiyasını təqdim edib

Posted February 15th, 2012 at 4:27 pm (UTC-5)
Leave a comment

Nyu-Yorkda moda dünyasının ən mühüm tədbirlərindən biri olan dəb şousunda azərbaycanlı model Rüstəm Cəbrayılov kişilər üçün yeni geyim kolleksiyasını təqdim edib.

Rüstəm Cəbrayılov kişi geyimləri dizayneri Maykl Bastianın 2012-ci il üçün yeni kolleksiyasını nümayiş etdirib. Dizaynerin son kolleksiyası klassik Amerika stilini təcəssüm etdirir.

Kolleksiya gözəl zövq qaydalarını pozmayıb diqqəti cəlb etməyi və gözəl geyinməyi xoşlayan kişilər üçün nəzərdə tutulub. Yaraşıqlı Rüstəm Cəbrayılov bu stili nümayiş etdirmək üçün ən yaxşı seçimlərdən biri hesab edilir.

Hazırda Nyu-York şəhərində yaşayan Rüstəm Cəbrayılov 2007-ci ildə dünyada ən yaxşı kişi model “Best Model of the World” titulunu qazanıb.

Nyu-York dəb həftəsi moda dünyasının ən mötəbər tədbirlərindən biridir. İldə iki dəfə fevral və sentyabr aylarında keçirilən dəb həftəsində dünyanın ən tanınmış dizaynerləri son geyim kolleksiyalarını nümayiş etdirir, moda aləmində yeni tendensiyaları göstərir.

Moda həftəsi çoxsaylı insanı cəlb edir, kolleksiyaların nümayişinə şou-biznes və kino dünyasının ulduzları, məşhurlar gəlir. Nyu-York moda həftəsi Amerika və dünya mətbuatında geniş işıqlandırılır.

Amerika azərbaycanlıları Xocalı qətliamının anılması məqsədilə kampaniya keçirir

Posted February 7th, 2012 at 2:14 pm (UTC-5)
Leave a comment

Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə məktub kampaniyası aparır. ABŞ azərbaycanlılarının şəbəkəsi USAN artıq beşinci ildir Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir. Bu illər ərzində Amerika qanunvericiləri məktublara cavablar göndərmiş, bəzi ştatların rəsmiləri bəyannamələr qəbul etmiş, məktubların mətni ABŞ-ın müxtəlif ştat və şəhərlərinin qəzetlərinin səhifələrində dərc edilmişdir.

Amerika-Azərbaycan Şurası, Pax Turcica təşkilatı da Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə Konqres, federal və yerli hökumət orqanları və mətbuat nümayəndələrinə göndərmək üçün Amerikadakı Azərbaycan icmasının üzvləri arasında məktub kampaniyası aparır.

Məktublarda deyilir ki, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalıda Azərbaycan vətəndaşlarının kütləvi qətliamının 20-cicü ildönümü tamam olduğu zaman Amerikada yaşayan azərbaycanlılar ABŞ Konqresini hadisələrə qiymət verib bu günü anmağa və Ermənistan hökumətinə qətliama görə məsuliyyətini boynuna alması və hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkməsi üçün təzyiq göstərməyə çağırır.

Məktublarda bəzi Amerika və Qərb jurnalistləri, habelə müxtəlif beynəlxalq qrupların üzvlərinin Xocalı qətliamının ya şahidi olduğu, ya da fəal şəkildə işıqlandırdığı qeyd edilir. Onların arasında amerikalı jurnalist-yazar Tomas Qolts, Karneqi Fondunun Cənubi Qafqaz üzrə eksperti Tom De Vaal və Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatı göstərilir.

Məktublarda həmçinin ABŞ və Azərbaycan arasında strateji müttəfiqliq əlaqələrinin mövcudluğu və Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-ın yaxın müttəfiqi olduğu vurğulanır.

ABŞ-dakı Azərbaycan və Türk diaspor təşkilatları 20 Yanvar hadisələrinin ildönümü münasibətilə məktub kampaniyası keçirir

Posted January 17th, 2012 at 4:01 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Türk və Azərbaycan diaspor qrupları 20 Yanvar kampaniyası çərçivəsində Amerika qanunvericilərinə mətktublar göndərir.

ABŞ-da yaşayan azərbaycanlılıarın şəbəkəsi USAN-ın 20 Yanvar hadisələrinin 22-ci ildöünümü münasibətilə diaspor üzvlərinə ünvanladığı müraciətdə1990-cı ilin yanvar ayının 20-də 26 min nəfərlik sovet ordusunun Azərbaycana yeridildiyi, sovet silahlı hissələrinin günahsız Azərbaycan vətəndaşlarına hücum etdiyi, qanlı hadisələrdə 170 adamın həlak olduğu, 321 nəfərin itkin düşdüyü və 700-dən çox adamın yaralandığı qeyd edilir.

Amerika-Azərbaycan Şurası Pax Turcica və Amerika-Azərbaycan Cəmiyyəti tərəfindən aparılan məktub kampaniyası çərçivəsində isə Azərbaycanda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin anılması məqsədilə Türk və Azərbaycan icma üzvləri amerikalı qanunvericilər və media nümayəndələrinə məktub göndərməyə çağırılır.

Müraciət məktublarında beynəlxalq Human Rights Watch təşkilatının hadisələrlə bağlı hesabatında yazdıqları qeyd edilir. Burada deyilir:”Sovet ordusunun yanvarın 19-dan 20-ə keçən gecə törətdikləri zorakılıqlar azərbaycanlıların göstərdiyi müqavimətlə o dərəcədə qeyri-proporsional idi ki, bunu kollektiv cəzalandırma adlandırmaq olar.”

Azərbaycan və Türk Diaspor təşkilatlarının məktublarında deyilir ki, 22 il keçdikdən sonra “Qara Yanvar” adı ilə tanınan faciəli hadisələrin əhəmiyyəti bu gün də eyni olaraq qalır. Burada qeyd edilir ki, hər il milyonlarla azərbaycanlı öz həyatını müstəqillik naminə qurban vermiş həmvətənlərinin xatirəsini anmaq üçün Bakıda Şəhidlər Xiyabanını ziyarət edir.

Amerikadakı Azərbaycan və Türk diaspor təşkilatları ABŞ-da yaşayan icma üzvlərini 20 yanvar hadisələrinin qurbanlarının xatirəsini bir dəqiqə sükutla anmaq üçün təmsil olunduqları ştatlardan seçilmiş konqresmenlər və senatorlara məktub göndərməyə çağırır.

Kalqari şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib

Posted January 3rd, 2012 at 2:54 pm (UTC-5)
Leave a comment

Kanadanın Alberta vilayətinin ən böyük şəhəri olan Kalqari şəhərinin meri Nahed Nenşi 31dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tanınmasına dair müraciətnamə qəbul edib.

“1989-cu il dekabrın 31-də Azərbaycan xalqı sovet Azərbaycanı və İran arasında sərhəddə dəmir məftillərin götürülməsinə çağırdı və o vaxtdan bütün dünyada yaşayan azərbaycanlılar bu günü həmrəylik günü kimi qeyd etməyə başladı”-deyə sənəddə qeyd edilir.

Müraciətnamədə göstərilir ki, Kanadada yaşayan Azərbaycan icmasının üzvləri hər il dekabrın 31-də bir araya gələrək, öz mədəniyyətlərini tərənnüm edir və bu günü birgə tədbirlər keçirməklə qeyd edir. Sənəddə Kanadada 275 min azərbaycanlının yaşadığı qeyd edilir.

Müraciətnamədə bildirilir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü hər bir azərbaycanlı üçün inam və ümidlə dolu bir gündür.

“Bütün bunları nəzərə alaraq Şəhər Şurası və Kalqari şəhərinin vətəndaşları adından 2011-ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan edirəm”-deyə mer Nahed Nenşinin bəyanatında bildirilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>