Rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir

Posted October 24th, 2011 at 3:49 pm (UTC-5)
Leave a comment

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir.

Bu sərgi ABŞ və Azərbaycan, habelə Montereyin bu yaxınlarda qardaşlaşdığı Lənkəran şəhəri arasında əlaqələrin möhkəmləndirilməsi işinə daha bir töhfədir.

Əslən Ağdam şəhərindən olan Yavər Rzayev 2000-ci ildən ABŞ-da yaşayır. Onun rəsm əsərlərindən ibarət sərgiləri Amerikanın bir sıra şəhərlərində nümayiş etdirilib.

Bu ilin əvvəli ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə “Könlüm keçir Qarabağdan” sərgisi ABŞ paytaxtı Vaşinqtonda ilk dəfə olaraq göstərilmişdir. Qarabağ Fondundan təklif alan rəssam sərgi üçün yeni şəkillər çəkmək qərarına gəlib və sərginin adını Səməd Vurğunun ölməz “Azərbaycan” şerinin misralarından götürüb.

Azərbaycan-Ermənistan Dağlıq Qarabağa münaqişəsi nəticəsində hazırda Ağdama gedə bilməyən Yavər Rzayev doğma torpağa xəyallarında və rəsmləri vasitəsilə səfər etdiyini deyir. “Xəyalən könlümün qanadalarında uşaqlıq illərinin keçdiyi Ağdama, Şuşaya uçdum, oralardan bir də keçdim və sonra başladım şəkillər çəkməyə. Bundan sonra düşündüm ki, sərginin adı Səməd Vurğun dediyi kimi, könlüm keçir Qarabağdan olmalıdır” –deyə Yavər Rzayev Amerikanın səsinə müsahibədə bildirib.

Yavər Rzayev Amerikada rəssam, dizayner, memar kimi fəaliyyət göstərir. Yaşadığı Delaver ştatının Rihobot Biç şəhərinin sakinləri Yavər Rzayevin tikdiyi və dizayn etdiyi evləri yaxşı tanıyır. Ştatın və şəhərin qəzetlərində dəfələrlə Azərbaycanlı rəssam haqda məqalələr dərc olunub.

Kaliforniya ştatının Monterey və Azərbaycanın Lənkəran şəhərləri isə bu yaxınlarda qardaşlaşmış şəhərlər olub. Buna dair sənəd Lənkəran şəhər icra hakimiyyətinin yüksək səviyyəli rəsmilərinin Montereyə iyun ayında səfəri zamanı imzalanıb. Monterey Amerikada ən məhur turizm məkanlarından biridir. Hər iki şəhərin gözəl təbiəti onları birləşdirən əsas cəhətlərdən biri kimi göstərilir.

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyevlə müsahibə

Posted October 20th, 2011 at 2:48 pm (UTC-5)
Leave a comment

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev bu günlər ABŞ-a səfər edir. Səfər çərçivəsində o, Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının işi ilə yaxından tanış olur. Amerikanın səsinə müsahibəsində o, Amerikaya səfəri ilə bağlı təəssüratları və Azərbaycan diaspor təşkilatlatının ABŞ-da fəaliyyəti ilə bağlı fikirləri ilə bölüşür.

Dilşad Əliyarlı: Cavanşir müəllim, Diaspor komitəsi xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları ilə işi hansı prinsip üzrə qurur?

Cavanşir Vəliyev: Diasporla iş üzrə Dövlət komitəsi öz fəaliyyətini xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində qurur. Eyni zamanda, bizim əsas məqsədimiz xaricdə yaşayan soydaşlarımızın öz mədəniyyətini unutmaması istiqamətində fəaliyyət göstərməkdir. Amerika və Kanadada 50 diaspor təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların da əsas məqsədi burada Azərbaycanın haqq səsini çatdırmaq, eyni zamanda Azərbaycan haqqında məlumatları yaşadıqları ştatlarda və şəhərlərdə ictimiayyətə çatdırmaq, öz mədəniyyətləri və dillərini unutmamaqdan ibarətdir.

Dilşad Əliyarlı: Siz Vaşinqtondan başqa digər şəhərlərə də səfər edəcəksiniz. Səfərinizin əsas məqsədi nədir? Hansı şəhərlərdə olacaqsınız və hansı tədbirlərdə iştirak edəcəksiniz?

Cavanşir Vəliyev: Səfərin əsas məqsədi Amerika Azərbaycan Gəncləri təşkilatı ilə USAN-ın birgə təşkil etdiyi konfransda iştirak etmək idi. Bu, bir daha sübut edir ki, bizim Amerikada fəaliyyət göstərən diaspora təşkilatları sistem çərçivəsində işləyir və biz bunun nəticələrini görməyə başlayırıq. Konfrans çox yüksək səviyyədə keçdi. Konfransın təşkili ərəfəsində Diaspor Komitəsi tədbirə öz dəstəyini verdi. Səfərin ikinci məqsədi odur ki, ilk dəfə olaraq Mədəniyyət Nazirliyi ilə birlikdə Amerikaya teatr sənətçilərimizi dəvət etmişik. Onlar ilk teatr tamaşasını Nyu-Yorkda, sonra isə Vaşinqtonda ən möhtəşəm teatr salonlarından birində göstərəcəklər. Nyu-Yorkda kifayət qədər yaxşı fəaliyyət göstərən diaspoa təşkilatları var. Azərbaycan Nyu-York Assosiasiyasının təşəbbüsü ilə Azərbaycandan teatr xadimləri dəvət olunub. Bu da yenə də diaspor təşkilatlarının sistemli şəkildə fəaliyyət göstərdiyini sübut edir. Həmin diaspor təşkilatının Mədəniyyət Nazirliyinə müraciəti əsasında sənətçilərimiz dəvət olunub. Bizim üçün önəmli odur ki, bu, diaspor təşkilatının, Azərbaycan Nyu-York Assosiasiyasının təşəbbüsü nəticəsində olub, sənətçilər dəvət edilib, onların yerləşidrilməsi, nəqliyyat xərcləri kimi təşkilati məsələlərin hamısını təşkilat öz üzərinə götürüb. Onlar Bakıdan kömək gözləmir, əksinə, artıq onlar özləri Azərbaycandan mədəniyyət xadimlərinin dəvət olunmasında ciddi fəaliyyət göstərirlər. Məsələn, Nyu-Yorkda həftə sonu məktəb fəaliyyət göstərir. Dövlət komitəsinə də gələcək planlar barədə məlumatlar verirlər. Dövlət komitəsi əlindən gələn bütün imkanlardan istifadə edərək onlara dəstək olmağa çalışır.

Dilşad Əliyarlı: Amerikanı bəzən mühacirlər ölkəsi adlandırırlar, çünki ölkə əhalisinin böyük hissəsini dünyanın başqa ölkələrindən gəlmiş insanlar təşkil edir. Amerikada diaspor fəlaiyyətlərinin uzun tarixi var. Burada daha gənc olan Azərbaycan diasporonu necə görürsünüz?

Cavanşir Vəliyev: Bir tərəfdən baxanda təəssüflər olsun ki, azərbaycanlılar Amerikada sistemli şəkildə məskunlaşmayıblar. Yəni mühacirət xidmətinin kvotası əsasında azərbaycanlıların gəlib Amerikada ermənilərdən fərqli olaraq kompakt yerləşməsini müşahidə etmirik. Onlardan fərqli olaraq, Ermənistandan qovulan azərbaycanlılara Azərbaycan dövləti Amerikaya və yaxud Avropanın başqa ölkələrinə miqrant kimi getməsinə razılıq verməyib və hər bir azərbaycanlının vətəndə qalmasına çalışıb. Ona görə də başqa millətlərdən fərqli olaraq bizim diasporumuzun fəaliyyət göstərməyə başlaması üçün zaman lazım idi. Qloballaşan dünyada insanların üstünlük verdikləri yerlərdə yaşamasına maneələr qoyulmur. Bu insanlar Amerikanı özünə ikinci vətən seçdikləri üçün Amerikaya axın var. Bizim də məqsədimiz bu axında olan insanların Azərbaycan üçün daha səmərəli, xeyirli fəaliyyət göstərməsidir. Məqsədimiz nədir? Biz onlara deyirik, biz sizdən heç nə istəmirik. Sizdən istədiyimiz sizin yaxşı vətəndaş olmanızdır. Dilinizi unutmayasınız, mədəniyyətinizi unutmayasınız, uşaqlarınıza yaxşı təhsil verəsiniz, burada daha yaxşı imkanlara malik olasınız. Azərbaycanlılar burada nə qədər yüksək səviyyədə fəaliyyət göstərsə, Azərbaycan üçün o qədər yaxşı olacaq. Məsələn, ABŞ-da fəaliyyət göstərən USAN təşkilatını biz nümunə kimi göstərə bilərik. Bu, çoxlu savadlı, Azərbaycanın haqq səsini Amerikanın müxtəlif dövlət strukturlarında deyə bilən gənclərdən ibarət təşkilat kimi formalaşıb. Biz bu təşkilata böyük ümidlər bəsləyirik ki, Azərbaycan üçün daha xeyirli işlər görə bilsin.

Dilşad Əliyarlı:Amerikanın spesifik ölkə olduğu qeyd etdiniz. Bəli, spesifik ölkədir, Azərbaycandan uzaq bir ölkədir və burada dil və mədəni ənənələri saxlamaq bəzən asan olmur. Məsələn, indiyə qədər Azərbaycan dilində məktəbin olmaması kimi bir problem var, halbuki azərbaycanlı valiydenlər belə bir məktəbin olmasını istəyir. Bu mənada Diasporla iş üzrə komitə Amerikada azərbaycanlılara hansı köməyi göstərə bilər. Xüsusilə də Azərbaycan mədəniyyətinin, Azərbaycan ənənələrinin, Azərbaycan dilinin unudulmaması üçün, yaşadılması üçün Amerikada yaşayan azərbaycanlılara hansı şəkildə kömək edə bilər.

Cavanşir Vəliyev: Diasporla iş üzrə Dövlət Komitəsi bu istiqamətdə çox ciddi fəaliyyət göstərir. Bizim diaspora.az saytımız var. Bu saytda çox yüksək səviyyədə Azərbaycan dili dərsləri keçirilir. Əvvəlki illərdən fərqli olaraq, burada istənilən ədəbiyyat, dilin öyrənilməsi üçün istənilən vəsait tapmaq olar. Biz həm də diaspora təşkilatlarının nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəblərini dəstəkləyirik. Eyni zamanda, Kaliforniyada Amerika Azərbaycan Cəmiyyəti fəaliyyət göstərir. Onun rəhbəri Cavid Hüseynovdur. O, Kaliforniyada və eyni zamanda Kanadada da fəaliyyətini davam etdirir. Diasporla iş üzrə Dövlət Komitəsi Kaliforniyada həftə sonu məktəbin fəaliyyətinə dəstək verib. Burada güclü diaspora yaratmaq üçün türk diaspora təşkilatları ilə birgə əməkdaşlıq aparılır, yəhudi təşkilatları ilə birgə fəaliyyət göstərilir. Azərbaycandan çıxan yəhudilər də Azərbaycan dilini unutmayıblar. Məsələn, Nyu-Yorkda teatr tamaşasına çox sayda dağ yəhudiləri qatılıb. Bundan başqa, Kaliforniyada və başqa ştatlarda cənubi Azərbaycandan soydaşlarımız yaşayır. Biz onları özümüzdən ayırmırıq. Biz İran ərazisindən köçmüş azərbaycanlıları diaspor təşkilatlatlarında məmmuniyyətlə görmək istəyirik, əməkdaşlıq etməyə çalışırıq. Onlar da Amerikada böyük bir qüvvədir və onlar bizim qardaşlarımızdır və biz onlarla hər bir zaman əməkdaşlıq edirik və gələcəkdə də etməyə hazırıq.

Con Nəimi Əmiral Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edilib

Posted October 10th, 2011 at 2:55 pm (UTC-5)
Leave a comment

Virciniya ştatının qubernatoru Bob Makdonnel Amerikada yaşayan azərbaycanlı Con Nəimi Əmiralı İnsan Hüquqları Şurasının üzvü təyin edib. Qubernator Makdonnel oktyabrın 7-də ştatın administrasiyasına yeni təyinatların edildiyinə dair sərəncam imzalayıb.

Dörd il müddətinə seçilən doqquz üzvdən ibarət şura Virciniya ştatı hökumətinin irqi, dini, milli mənsubiyyəti, cinsi, tibbi vəziyyəti və başqa səbəblərə görə vətəndaşların ayrı-seçkiliyə məruz qalmadığını təmin etməsinə nəzarət edir.

İcma üzvlərinə göndərdiyi məktubda Con Əmiral Virciniya ştatının qubernatoruna belə mühüm bir quruma üzv seçməklə ona göstərdiyi etimaddan məmnunluq duyduğunu bildirib.

Norfolk şəhərində yaşayan Con Əmiral ABŞ-da ən fəal diaspor üzvlərindən biridir. Con Əmiral 2009-cu ildə Virciniya ştatının parlamentinə seçilmək üçün seçkilərə qatılıb. Kiçik fərqlə rəqibinə məğlub olan Nəimi Əmiral ABŞ-da siyasi seçki prosesində namizəd kimi iştirak edən ilk azərbaycanlı olub.

Con Əmiral ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyat zabitidir. Hazırda Virciniya ştatının Norfolk şəhərində kiçik biznes sahibidir.

ABŞ-da Azərbaycan icmasının üzvləri Con Əmiralın Virciniya ştatının İnsan Hüquqları Şurasına təyinatını böyük məmnunluq hissi ilə qarşılayıb.

Con Nəimi Əmiral haqda məlumatı bu linkdə tapa bilərsiniz.

Vaşinqtonda Türk Festivalında Azərbaycan bu il iki stendlə təmsil olundu

Posted October 3rd, 2011 at 12:58 pm (UTC-5)
Leave a comment

Oktyabrın 2-də Vaşinqtonda 9-cu Türk Festivalı keçirildi. ABŞ paytaxtında artıq ənənəvi tədbirə çevrilmiş Türk festivalı bu il də minlərlə insanı cəlb etdi.

Türk festivalının proqramnda bu il mühüm hadisə ABŞ paytaxtı Vaşinqton və Türkiyə paytaxtı Ankaranın qardaşlaşmış şəhərlər elan edilməsi oldu. Festivalın yüksək səviyyəli qonaqları olan Ankara şəhərinin meri Melih Gökçek və paytaxt Vaşinqtonun meri Vinsent Qrey Vaşinqton və Ankaranın qardaşlaşmış şəhərlər olması haqda rəsmi sənədin bazar ertəsi imzalanacağını elan etdilər.

Türk Festivalı “Vaşinqton City” qəzetinin oxucuları tərəfindən paytaxtda keçirilən ən yaxşı milli festival adlandırılıb. Bir gün sürən festivalın geniş proqramı çərçivəsində Türkiyə, Qafqaz və Mərkəzi Asiyanın ölkələri haqda məlumat stendləri nümayiş etdirilir.

Artıq bir neçə ildir Türk Festivalında Azərbaycanın da sərgisi yerləşdirilir. Azərbaycan bu il iki stendlə təmsil olunmuşdu. Bunlardan biri ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN, digəri isə ABŞ-ın Qarabağ Fondunun stendləri idi. Azərbaycanın stend-sərgilərində nümayiş etdirilən tətbiqi-sənət nümunələri və kitablar amerikalılar tərəfindən böyük maraqla qarşılandı.

Festivalın proqramı çərçivəsində böyük konsert proqramı zamanı türk və Azərbaycan rəqsləri ifa edildi. Məşhur müğənni Ferhat Göçerin ifasında şarkılarsa festivala xüsusi əhval-ruhiyyə gətirdi.

Ənənəvi Türk Festivalının əsas məqsədi amerikalıları Türkiyənin və türkdilli xalqların mədəniyyəti, musiqisi, xalq rəqsləri və mətbəx ənənələri ilə tanış etməkdən ibarətdir. Bu məqsədlə festivalın qonaqlarına “Böyük Bazar”da alış-veriş etmək və yerli türk restoranlarından gətirilmiş ləzzətli təamları dadmaq, habelə türk qəhvəsi içmək təklif edildi.

Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər olacaq

Posted October 1st, 2011 at 11:26 am (UTC-5)
Leave a comment

ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankara bu il qardaşlaşmış şəhərlər olmağa hazırlaşır. İki şəhərin qardaşlaşacağı oktyabrın 2-də Vaşinqtonda ənənəvi Türk Festivalı zamanı elan ediləcək və qardaş şəhərlər haqda anlaşma imzalanacaq.

Bu münasibətlə bu il 9-cu Türk Festivalında Ankaradan xalq musiqisiçiləri və gənc musiqiçilər qrupu, habelə məşhur müğənni Ferhat Göçer iştirak edəcək.

Vaşinqtonda hər il keçirilən Türk Festivalının əsas məqsədi amerikalıları Türkiyənin və türkdilli xalqların mədəniyyəti, musiqisi, xalq rəqsləri və mətbəx ənənələri ilə tanış etməkdən ibarətdir.

Bir gün sürən festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri nümayiş etdirilir. ABŞ-da Azərbaycan diaspor təşkilatları Vaşinqtonun ən böyük mədəni tədbirlərindən biri olan Türk Festivalında fəal iştirak edir. Artıq bir neçə ildir Türk Festivalında Azərbaycanın da sərgisi yerləşdirilir.

ABŞ qanunvericiləri Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı məlumatlandırıldıqlarına görə diaspor üzvlərinə təşəkkür bildirir

Posted September 23rd, 2011 at 3:20 pm (UTC-5)
Leave a comment

Amerika qanunvericiləri ABŞ-da Azərbaycan diaspor üzvlərinin Urmiyə gölünün quruması ilə əlaqədar kampaniya çərçivəsində göndəridiyi məktublara cavab verməyə başlayıb.

Amerikada yaşayan azərbaycanlılar Konrqes üzvlərinə göndərdikləri məktublarda diqqəti Urmiyə gölündə yaranmış ekoloji fəlakətə yönəldərək, gölün xilas edilməsi üçün İran hökumətinə təzyiq göstərməyə çağırır.

Florida ştatından demokrat senator Bil Nelson Urmiyə gölündə yaranımış ekoloji vəziyyətlə məlumatlandırıldığına və təmsil etdiyi ştat və ölkə üçün önəmli məsələlərin onun diqqətinə çatdırıldığına görə diaspor üzvlərinə təşəkkürünü bildirub. Senator məktubunda Urmiyə gölü ilə əlaqədar narahatlıqları nəzərə alaraq, münasib şərait olduqda məsələni Senat qarşısında müzakirəyə çıxaracağını qeyd edib.

Daha bir cavab məktubu isə Texas ştatından respublikaçı senator Con Kornindən gəlib. Senator Kornin də İran hökumətinin yürütdüyü siyasət nəticəsində Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı məlumatlandırıldığına görə ABŞ-dakı Azərbaycan diaspor üzvlərindən razılığını bildirib. Texas senatoru məktublarda qeyd edilmiş məqamlar və təklifləri nəzərə alacağını bildirib.

Xatırladırıq ki, ABŞ-da Azərbaycan diaspor üzvlərinin Konqres üzvlərinə göndərdikləri məktublarda deyilir ki, artıq illərdir on minlərlə Azərbaycan türkü, xüsusilə də İranın Qərbi Azərbaycan vilayətinin paytaxtı olan Urmiyə sakinləri İran hökumətinin göldə yaranmış ekoloji böhrana gətirib çıxarmış siyasətinə etiraz olaraq aksiyalar keçirir. Burada deyilir ki, lakin bu təzyiqlər nəticə verməyib və indi məsələyə beynəlxalq diqqətin göstərilməsi vacibdir.

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN Amerika hökuməti və Konqresi öz nüfuzundan və mövqeyindən istifadə edərək, BMT və onun agentilklərinə, habelə ətraf mühitin qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatlarına müraciət edərək, Urmiyə gölünün qorunması üçün öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə nail olmaq məqsədilə İran hökumətinə təzyiq göstərməyə çağırıb.

ABŞ-ın Corc Vaşinqton universitetində Azərbaycan dili tədris edilir

Posted September 22nd, 2011 at 3:15 pm (UTC-5)
Leave a comment

Vaşinqtonda yerləşən Qlobal Dillər Mərkəzi yeni təhsil ilində Azərbaycan dilinin tədrisinə başlayıb. Mərkəz Corc Vaşinqton universitetinin nəzdində yerləşir. İlk dəfə olaraq təşkil edilən kurslarda Azərbaycan dilini öyrənmək istəyənlərə dilin əsasları öyrədilir.

Dərslər Corc Vaşinqton universitetinin beynəlxalq münasibətlər fakültəsinin məzunu Yeganə Blayeva tərəfindən aparılır. Tələbələrə Azərbaycan dilində təmas qurmaq və dialoq aparmaq tədris edilir.

Birinci kursda dərslər sentyabrın 17-də başlayıb dekabr ayının 10-a qədər davam edəcək. Dərslər şənbə günləri keçirilir.

Məlumat almaq istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər.

http://gw.thegln.org/

ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları 11 sentyabr hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlar verib

Posted September 13th, 2011 at 12:05 pm (UTC-5)
Leave a comment

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN, Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyəti 2001-ci il sentyabrın 11-də Vaşinqton və Nyu-Yorkda terror hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlarla çıxış edib. Bəyanatlarda 11 sentyabr hadisələri zamanı minrlərlə amerikalı və digər xalqların nümayəndələrinin həyatlarını itirdiyi və hadisə qurbanlarının xatirəsinin heç zaman unudulmayacağı qeyd edilir.

Burada göstərilir ki, Amerikada yaşayan azərbaycanlılar ABŞ hərbi qüvvələrinə qoşulmuş, hücumlardan sonrakı illər azərbaycanlılar Əfqanıstan və İraqda döyüşən ABŞ hərbi qüvvələrinə dəstək vermişdir. “ABŞ Hərbi Dəniz Qüvvələrinin kiçik kapralı, Kaliforniyanın San Diyeqo şəhərindən olan azərbaycanlı Murad Rəhimov Birləşmiş Ştatların hərbi qüvvələrinin İraqdakı əməliyyatları zamanı həlak olmuşdur”-deyə Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyətinin birgə bəyanatında qeyd edilir.

ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatlarının bəyanatlarında Azərbaycanın 11 sentyabr hadisələrinə cavab olaraq terrorizmə qarşı mübarizəyə qoşulan ilk ölkələrdən biri olduğu vurğulanır. Burada deyilir ki, Azərbaycanın günahsız insanların həyatını itirdiyi terror hücumlarına reaksiyası təsadüfi olmayıb. Bəyanatlarda Ermənistanın 1987-1994-cü illər arasında Qarabağ və ətraf rayonlarda Azərbaycana və azərbaycanlılara qarşı təcavüzü nəticəsində 25 min azərbaycanlının həlak olduğu, çoxsayda insanın yaralandığı və 800 min insanın məcburi qaçqın olduğu göstərilir. “Ermənistan tərəfindən təcavüz zamanı Azərbaycanın özü də terror aksiyalarına məruz qalıb. 1984-cü ildə paytaxt Bakıda avtobusda iki uşaq anasının həlak olması, bir neçə adamın isə yaralanması ilə nəticələnmiş partlayış, 1992-ci ildə Xocalı şəhərində qadınlar və uşaqlar da daxil olmaqla, 613 mülki vətəndaşın həlak olduğu hücum, 1994-cü ildə mart ayında isə Bakıda metroda 14 adamın ölümü və 42 adamın yaralanması ilə nəticələnmiş partlayış buraya daxildir”-deyə bəyanatda qeyd edilir.

Amerikadakı Azərbaybaycan diaspor təşkilatları terrorizmin bütün növlərinə qarşı qətiyyətlə dayandıqlarını bir daha vurğulamış və belə hadisələrin bir daha heç vaxt təkrar olmaması üçün terrorizmin vaxtında məhkum edilməli olduğunu bildirmişlər,

Nəimi Əmiral:”2001-ci il 11 sentyabr Azərbaycanı düşündüm, terror hadisələrinin ağrısını bilən bir vətəndaş kimi Hərbi Dəniz Qüvvələrində xidmət etmək, Amerikaya kömək etmək istədim”

Posted September 9th, 2011 at 3:30 pm (UTC-5)
Leave a comment

 

2001-ci il sentyabrın 11-də ABŞ-da Vaşinqtonda və Nyu-Yorkda terror hücumları Amerikada insanların həyatına bu və ya digər şəkildə təsir göstərdi.  Virciniya ştatının Norfolk şəhərində yaşayan azərbaycanlı Nəimi Əmiral 11 sentyabr hadisələrindən sonra ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmək üçün orduya yazılıb.  O deyir ki, televiziya ekranında təyyarələrin dəydiyi yanan binalara baxa-baxa uşaqlıq illəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğala məruz qalması, Azərbaycanın müxtəlif yerlərində terror aktları və bu kimi hadisələr bir-bir gəlib onun fikrindən keçib. Con Nəimi Əmiral yeni vətəni olan Amerikaya kömək etmək və Amerikanı terror hücumlarından qorumaq üçün daxili çağırışa cavab verərək, Hərbi Dəniz Qüvvələrində  dənizçi kimi xidmət göstərmək qərarına gəlib.

Onun göstərdiyi əla xidmət ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı tərəfindən yüksək qiymətləndilib.  Bir neçə il ərzində o, zabit rütbəsi alaraq, Hərbi Dəniz Qüvvələrinin leytenantı olub.  Nəimi Əmiral xidmət göstərdiyi illər bir neçə dəfə mükafatlara və medallara layiq görülüb.

ABŞ Konqresi azərbaycanlı zabitin xidmətlərini yüksək qiymətləndirərək, onun iki ölkənin xalqları arasında dostluq və anlaşmanın gücləndirilməsində yorulmadan çalışdığını qeyd edib.

2009-cu ildə Nəimi Əmiral Hərbi Dəniz Qüvvələrindən ehtiyata keçirilib və Norfolk şəhərində təhsil aldığı iqtisadi sahədə təcrübə qazanmaq üçün kiçik biznes sahibi kimi fəaliyyətə başlayıb. Lakin o, gücünü daha bir sahədə, siyasətdə sınamaq istəyib.  Nəimi Əmiral yaşadığı Virciniya ştatının parlamentinə seçilmək üçün seçkilərə qatılıb. Kiçik fərqlə rəqibinə məğlub olan Nəimi Əmiral ABŞ-da siyasi seçki prosesində namizəd kimi iştirak edən ilk azərbaycanlı olub.

Con Nəimi Əmiral bu gün də Amerika və Azərbaycan arasında münasibətlərin gücləndirilməsi və Azərbaycanın Amerikada tanınması işini davam etdirir.

Con Nəimi Əmiral evlidir, bir övladı var.

Nəimi Əmiralla müsahibəni təqdim edirik.

 

 

Əhməd Obalı:” Millət ayağa qalxmasa və etirazını bildirməsə, biz Ana dilimizi itirmirik, biz vətəni itiririk”

Posted September 7th, 2011 at 2:30 pm (UTC-5)
Leave a comment

ABŞ-da Çikaqo şəhərində yerləşən Günaz TV Urmiyə gölünün quruması ilə əlaqədar etiraz aksiyalarını ən çox işıqlandıran media qurumlarından biridir. Günaz TV-nin təsisçisi Əhməd Obalı bu yaxınlarda televiziyada çıxışında Urmiyə gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən aksiyaların işıqlandırılması ilə bağlı tənqidlərini səsləndirib. Amerikanın səsinin AzeriDiaspor bloquna müsahibədə Əhməd bəy bildirdi ki, Urmiyədə hadisələrlə bağlı Günaz TV-yə çoxsayda məlumatlar gəlir.

Əhməd Obalı bu günlər Urmiyədə yaranmış vəziyyətlə əlaqədar etiraz nümayişlərinin mediada işıqlandırılması ilə bağlı tənqidlərini bildirmək üçün televiziya vasitəsilə dünya azərbaycanlılarına emosional müraciətində kəskin tənqidlər səsləndirib.

Əhməd Obalı suallarımızı cavablandırırdı.

Dilşad Əliyarlı: Əhməd, siz bu yaxınlarda Urmiyə gölündə yaranmış ekoloji fəlakət və bu səbəblə keçirilən aksiyaların işıqlandırılması ilə bağlı Günaz TV-də müraciətlə çıxış etmisiniz. Çox emosional çıxış etmisiniz. Bu çıxışda kəskin tənqidlər səslənib. Məqsədiniz nə idi?

Əhməd Obalı: Atalar deyib ki, uman yerdən küsərlər. Biz küsmürük. Tənqidimiz var, etirazımız var. Mən bir nəticə əldə etmək üçün bilərək çıxıb tənqid etdim. Biz dostlarımız və həmvətənlərimiz elə ağır vəziyyətdə olanda emosional olmaya bilmərik. Gərək də emosional olaq. Onlar bizim ailələrimizdir. Fərqi yoxdur. Mən onların çoxunu heç vaxt görməmişəm. Amma onlar da bizim ailələrimizdir. İnsani baxımdan da adam hər zaman özünə nəzarət edə bilmir. Ailədə bir itki olursa, insan ağlayır. Bu da bizim ailəmizdir. Azərbaycan ailəsi. Bu tənqidlərdən sonra mən arzu edirəm ki, buraya qədər nəticə olub və bundan daha artıq olacaq. Tənqid etdiyimiz televiziyalar və qəzetlər bizə dolayısı ilə, ya da bəzən birbaşa deyib ki, haqlısız, bu məsələləri daha çox işıqlandırmalıyıq. Yəni, görünür, onun nəticəsi olub. Mən öz növbəmdə buna müsbət baxan və hadisələrə daha çox yer verən insanların hamısına təşəkkürümü bildirirəm.

SUAL: Əhməd bəy, çıxışınızın emosionallığına görə sizi də tənqid ediblər. Azərbaycanlılar arasında nəticə əldə etmək üçün məsələlərə indi emosional deyil, daha çox soyuqqanlılıqla, daha praqmatik yanaşmaq tərzinə üstünlük verənlər var. Buna münasibətinizi bilmək maraqlıdır.

CAVAB: Haqlıdırlar. Sözdə gözəl məna var. Həmişə praqmatik yanaşmaq çox düzgün yodur. Məsələ ondadır ki, praqmatik yanaşma nə deməkdir. Bir yerdə ki, millət ayağı qalxıb sözünü deməyəndə dövlət onun sözünə qulaq asmır, o zaman praqmatizm evdə oturmaq mənasında işlədilirsə, bu, dövlətə kömək etmək deməkdir. İran dövləti istəyir ki, millət sakitcə evdə otursun. Amma məsələ həll olunmur. 7 ildir elə biz televiziyada bundan danışırıq. Rejim 10 ildən artıqdır bilir. İndi özləri deyirlər ki, biz 10 ildir bilirdik göl quruyacaq. Amma heç bir iş görməyiblər. Bu il məclisin nümayəndəsinin dediyinə görə, Urmiyə gölünə gedən suların səviyyəsi sıfra çatıb. Yəni artıq Urmiyə gölünə heç su buraxılmır. Halbuki oraya ildə 7 milyard kubometrdən çox su gedirdi. Amma onun hamısını kəsiblər. Demək, millət ayağa qalxmasa və etirazını bildirməsə, biz Ana dilimizi itirmirik, biz vətəni itiririk. Bu, vətən və ölüm-dirim davasıdır. Burada ayağa qalxıb söz deməkdən başqa heç bir çarə qalmayıb. Ayağa qalxıb söz demək də yanlış yolla yox, sadəcə mədəni yolla sözü demək lazımdır. Milli fəallarımızın çağırışlarına cavab verməşik. Düşünürük ki, belə davam etsə, bir nəticə verəcək. Yoxsa o gölü tamamilə qurutmaq istəyirlər.

SUAL: Əhməd bəy, bir sual da vermək istəyirəm. Bu il əvvəlki illərlə müqayisədə xarici media vasitələrində Urmiyə hadisələri geniş işıqlandırıldı. Sizcə, bu dəfə beynəlxalq media vasitələrində hadisələrə verilən diqqət nə ilə izah edilir?

CAVAB: Bunun iki səbəbi ola bilər. Birincisi, ərəb ölkələrində baş verən hadisələr diqqəti Yaxın Şərqə yönəltdi. Gözlənilir ki, Suriyada hadisələr başlayandan sonra növbədə İran ola bilər. Bu baxımdam İranda indi nə baş versə, oraya tez diqqət verilir. Bu, məsələnin bir tərəfidir. İkincisi odur ki, Azərbaycan hərəkatı öz səsini yavaş-yavaş çatdırmağa başlayır və bu getdikcə nəticə verməlidir. Mən iki səbəbi göstərdim. Amma bunun bir səbəbi də var. Üçüncüsü, İran rejiminin içindən islahat adı ilə çıxmış qrupların fəalliyyətinin məğlubiyyətə uğramasından ibarətdir. İranda rejimin içindən çıxan islahatçılar hər hansı bir iş görə bilməyəcəklər. Ona görə mənim fikrimcə, həm dünya yavaş-yavaş inanır, həm də İranda yaşayan başqa xalqlar da buna inanır ki, bu dərdləri rejimin içindən çıxan qruplar həll edə bilməyəcəklər, yenidən başqa bir formada burada islahat aparmaq lazımdır.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>