Qəbələ RLS: Azərbaycan və Rusiya bucağı

Posted July 25th, 2011 at 9:11 pm (UTC+4)
Leave a comment

Qəbələ RLS

Qəbələ RLS

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Bakıda səfərdədir. O bu gün Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, geniş tərkibli görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Əbiyev bildirib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya tərəfinin, xüsusilə prezident Dmitri Medvedevin səyləri təqdirə layiqdir. Qısa zamanda prezidentlər arasında təşkil edilən çoxsaylı görüşlər problemin sülh yolu ilə həll edilməsinə ümidləri artırır”.

Eyni zamanda nazir Səfər Əbiyev bildirib ki, bununla paralel olaraq Azərbaycan öz ordusunu gücləndirməkdə davam edir.

Ekspertlər, danışıqların əsas mövzusunun Qəbələ RLS-in icarə müqaviləsinin vaxtının uzadılması məsələsi təşkil etdiyini düşünür. Rusiya Azərbaycanın mülkiyyətində olan Qəbələ RLS-in Amerikanın  Raket Əleyhinə Müdafiə sisteminin tərkib hissəsi kimi baxılmasına razı olduğunu  əvvəllər bəyan edib.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev

2011-ci ilin iyunun 9-da Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycan Qəbələ RLS-in icarə qiymətini artıra bilər. Nazir müavinin sözlərinə görə, Rusiya RLS-in icarə müddətini uzatmaq istəyir. “Biz əməkdaşlığı davam etdirməyə hazırıq. Amma şərtlərə yenidən baxmaq lazımdır”.

Cənab Əzimov rəsmi Bakının konkret hansı məbləği tələb etdiyi açıqlamayıb. O ancaq bildirib ki, risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbindən icarə haqqı artırılmalıdır”.(anspress agentliyi)

Bu günlərdə isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində Qəbələ RLS yenidən gündəmə gəlib. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilən görüşündən  sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın İnterfax agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ətrafında son danışıqlarla yanaşı Qəbələ RLS-dən də danışıb. Onun sözlərinə görə, hər halda, Qəbələ RLS üzrə mövcud müqaviləyə əsasən bu stansiyanın icarəsi haqqında sənədi ya uzatmaq, ya da  yenidən baxmaq lazımdır. “Zamanında, biz bunu yenicə müzakirə etməyə başlayanda və hətta daha əvvəl, Rusiya tərəfi o haqda təşəbbüslə çıxış edib ki, Azərbaycan RLS-in sahibi kimi stansiyanın Rusiya və ABŞ tərəfindən istifadəsinə razılıq versin. Biz təbii ki, söylədik ki, bu mövzunu müzakirə etməyə hazırıq. Bundan sonra, Moskva və Vaşinqton arasında danışıqların bir neçə raundu keçirildi, hər iki tərəf bizi danışıqların mahiyyəti barədə məlumatlandırırdı”.
Cənab Məmmədyarov vurğulayıb ki, indiki şəraitdə Qəbələ RLS çox əhəmiyyətli strateji əhəmiyyətə malikdir və o, “strateji obyekt kimi adekvat qiymətləndirilməlidir”.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov

APA agentliyinin məlumatına görə, Azərbaycan müdafiə naziri ilə avqustun 25-də keçirdiyi görüşdən sonra nazir Serdyukov bildirib ki, Rusiya Qəbələ radiolokasiya stansiyasının gələcəkdə istismarına dair təkliflər hazırlayıb. “Biz Qəbələ RLS ilə bağlı öz təkliflərimizi hazırlamışıq. Bundan başqa biz stansiyanı modernləşdirməyi təklif edirik. Rusiyanın Qəbələ RLS-i modernizə etməklə bağlı müəyyən planları var. Yaxın günlər ərzində işçi qrup formalaşdırılaraq Bakıya göndəriləcək və qrup iki həftə ərzində stansiyanın istismarının davam etdirilməsinə dair texniki məsələləri azərbaycanlı həmkarları ilə müzakirə edəcək”.
Müdafiə naziri bildirib ki, avqustun 15-dən sonra nazir Əbiyevlə birlikdə Qəbələ RLS-in istismarına dair sazişi bənd-bənd müzakirə edəcəklər.
Cənab Serdyukov bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, onun Qəbələ RLS-ə getməsi planlaşdırılır.

Öz növbəsində, Hərbi-Analitik Tədqiqatlar Mərkəzinin direktoru, keçmiş briqada komandiri İldırım Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Rusiya Azərbaycanın gələcəkdə Qəbələ RLS-i NATO və ya Amerikanın istifadəsinə verəcəyindən narahatdır. “Bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsində danışıqlarda təşəbbüsü ələ almasından istifadə edərək Amerika, İran, Avropa İttifaqı və Azərbaycana təzyiq məqsədi ilə icarə müddətini uzatmaq istəyir. Əslində, Rusiya eyni parametrli Voronej tipli RLS Şimali Qafqazda Armavirdə tikib və istifadə edir”.

Eyni zamanda, ekspert Amerika senatorlarının Raket Əleyhinə Müdafiə Sisteminin komponentlərinin Türkiyədə deyil Gürcüstan və Azərbaycanda yerləşdirilməsi ilə bağlı Amerika dövlət katibinə müraciətinin hazırki zamanda reallaşdırılacağını real saymır.

“Mən bu təklifə görə senatorlara minnətdarlıq bildirirəm. Onlar daha strateji və uzunmüddətli siyasəti düşünürlər. İndiki anda, RƏM

Hərbi ekspert İldırım Məmmədov

komponentlərinin Gürcüstan və Azərbaycanda yerləşdirilməsi üçün Amerika və NATO bu dövlətlərə tam təhlükəsizlik qarantiyası verməlidir. Əks təqdirdə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin nəticələri hamıya yaxşı dərsdir. Gürcüstan ərazi bütövlüyünü təmin etmək istəyirdi, amma qərb müttəfiqləri Gürcüstana təcavüz etmiş Rusiyaya qarşı siyasi bəyanatlardan irəli getmədi. Bu gün Gürcüstanla yanaşı, Azərbaycanın da ərazi bütövlüyü gündəlikdə durur. Eyni zamanda, Xəzər problemi də günün aktual mövzusudur. Burada, Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı iqtisadi cəhətdən 70 faizədək dəstəkləyən İranın da yarımaqressiv siyasətinin tam aqressivləşmə ehtimal yaranır”, – deyə o qeyd edir.

Cənab Məmmədov indiki anda Azərbaycanın Qəbələ RLS-in icarə haqqını yalnız dəfələrlə artırmağa nail olacağına ümid edir. “Rusiya Qəbələ RLS amilindən istifadə etməklə regionda aparıcı rolunu saxlamaq istəyirsə, Azərbaycan da gəlirlərini artırmalıdır. Gələcəkdə, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Xəzər problemlərinin həllindən sonra Türkiyədə qurulacaq mobil sistemlər Cənubi Qafqaza asanlıqla köçürülə bilər”, – deyə hərbi ekspert düşünür.

Qəbələ RLS-in icarə müddəti 2012-ci ilin avqustunda başa çatır.

Qəbələ RLS Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən “Daryal” tipli stasionar radiolokasiya stansiyasıdır.

SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. 1985-ci ildə istismara verilib.

Texniki parametrlərinə görə, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir, bu isə İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilir.

Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə verilib.

Hazırda stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir. Burada həmçinin Azərbaycan mütəxəssisləri də daxil olmaqla ümumilikdə 2000 nəfər çalışır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>