Zəfər Quliyev: Azərbaycanda islahatlar inqilabın yeganə alternatividir

Posted August 29th, 2011 at 9:21 pm (UTC+4)
Leave a comment

Politoloq Zəfər Quliyev

Müxalifət qüvvələrinin təmsil olunduğu İctimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev Amerikanın Səsi radiosuna müsahibəsində qurumun “Demokratiyaya yumşaq keçidin Yol Xəritəsi” adlı sənədindən danışıb. Sənəddə Azərbaycan iqtidarı müxalifətlə dialoqa çağırılır və inqilabsız demokratiyaya keçidlə bağlı təkliflər əksini tapıb.

Sual: “Demokratiyaya yumşaq keçidin Yol Xəritəsi” sənədinin əsas strategiyası nədir?

Cavab: Demokratik islahat məsələsi o, qədər aktuallaşıb ki, artıq  həm daxildə bütün insanlar, həm də beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyəti qarşısında bu məsələni tez-tez qaldırır.   Azərbaycanda sistemli demokratik islahatlar keçirilməlidir. Məhz, bu məsələnin aktuallığı İctimai Palatanı Yol Xəritəsini qəbul etməyə vadar etdi. Sənəd yalnız məramnamə, platforma deyil, praktiki addımlara çağırışdır. Biz, Azərbaycan hakimiyyətini və bütün siyasi qüvvələri dialoqa çağırırıq. Sənəddə, ilk öncə ölkədə dialoq mühitinin yaradılması məsələsi irəli sürülüb. Bundan sonra, son illər ölkədə mövcud olan avtoritarizmdən yumşaq formada, inqilabsız, qarşıdurmasız, islahatlar yolu ilə demokratik quruculuğa keçməyin yolları sadalanır. Sənədin reallaşması hamının xoş niyyətindən və ilk növbədə hakimiyyətin istəyindən asılıdır.

Sual: Hökumət Sizin demokratiyaya keçidinizi qəbul edəcəkmi?

Cavab: Hökumət islahatlar istəyirsə, mövcud siyasi qarşıdurmadan qaçmaq, narazılığın aradan qaldırılmasını istəyirsə, addım-addım demokratiyaya yaxınlaşmaq mümkündür. Əgər, hökumət əvvəlki siyasətini davam etdirəcəksə, opponentlərinə qarşı ən sərt  antidemokratik üsullardan istifadə edəcəksə, avtoritarizmi dərinləşdirəcəksə, bu halda yalnız İctimai Palatanın resursları ilə  demokratiyaya keçid mümkün olmayacaq. Bu sənədlə, İctimai Palata hökumətə və ictimaiyyətə mesaj göndərir ki, ərəb ölkələrini bürüyən inqilablardan qaçmağın yeganə yolu demokratik islahatlardır. İslahatlar inqilabın yeganə alternatividir. Biz, Azərbaycanda qarşıdurmanın baş verməsini, inqilabi proseslərin başlanmasını istəmirik. Əlbəttə, bu gün Azərbaycanda inqilabın olacağı o qədər də ciddi görünmür. Amma, beynəlxalq ekspertlər də vurğulayır ki, dünyada ciddi dəyişikliklər başlayıb. Bütün avtoritar rejimlər ərəb ölkələrində baş verən proseslərdən ciddi nəticələr çıxarmalıdır. Bu gün real görünməyənlər sabah real olur.

Sual: İqtidar İctimai Palatanın etiraz aksiyasından sonra çoxsaylı fəalı həbs edib. Eyni zamanda, iqtidar partiyası İctimai Palatanın dialoq təklifini qəbul etmədiyini bildirib. Yol Xəritəsi sənədinə isə rişxəndlə yanaşılır.

Cavab: İctimai Palata tək Yol Xəritəsinin qəbulu ilə kifayətlənmir.  Siyasi məqsədləri və vəzifələri daha genişdir. Hakimiyyət ciddi demokratik islahatlar aparmayacaqsa, İctimai Palata indiyədək apardığı mübarizəsini davam etdirəcək. Yəni, birbaşa cəmiyyətə, vətəndaşlara, digər siyasi qüvvələrə birgə demokratiya uğrunda mübarizə aparmaq üçün müraciət edəcək. Ona görə ki, biz başqa yol görmürük. Hakimiyyətin tutduğu indiki yol Azərbaycan xalqını pis bir gələcəyə, dünyada gedən proseslərdən təcrid vəziyyətə aparır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>