Eynulla Fətullayev: Azərbaycanda siyasi məhbus problemi ən aktual mövzulardan biridir

Posted November 11th, 2011 at 8:12 pm (UTC+4)
Leave a comment

Eynulla Fətullayev

Azərbaycanda siyasi məhbuslarla bağlı durum noyabrın 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitənin Parisdə keçiriləcək iclasının gündəliyinə salınıb. İclasda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin yarım saatlıq çıxışından sonra ekspert qismində Azərbaycanın İnsan Haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayev çıxış edəcək.

Hüquq müdafiəçilərinin siyahısına görə, hazırda Azərbaycanda 70-dək siyasi məhbus hesab edilən şəxs var. Bu il İctimai Palatanın 2 aprel mitinqindən sonra 14 nəfər həbs edilib. Ümumilikdə isə bu il blogerlər Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, hüquq müdafiəçisi Vidadi İsgəndərli də daxil olmaqla, 18 nəfər fəal həbs olunub.

İnsan Haqları Uğrunda İctimai Birliyin sədri Eynulla Fətullayev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Azərbaycan siyasi məhbuslar üzrə məruzəçini ölkəyə buraxmır və siyasi məhbus məsələsi ilə bağlı gərgin situasiya yaranıb. Hüquq müdafiəçisi ölkədə siyasi məhbusların yeni siyahısını müəyyən etmək üçün alimlərin, hüquq müdafiəçilərinin və ekspertlərin iştirakı ilə komissiya yaradıldığını deyib.

Sual: Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı hökumətin mövqeyini necə qiymətləndirirsiniz? Hökumət AŞPA-nın siyasi məhbus problemi ilə bağlı məruzəçisini ölkəyə buraxmaq istəmir.

Cavab: Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin statusu və vəzifəsi oktyabr ayında AŞPA-nın müvafiq qurumu tərəfindən dəyişdirilib. Artıq, Krisofer Ştrasser Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi statusunda yox, Avropa Şurasına üzv dövlətlərdə siyasi məhbus məfhumunu müəyyən edən şəxs statusundadır. İndi, pat bir vəziyyət yaranıb. Azərbaycan hökuməti bu institutla əməkdaşlıqdan birmənalı şəkildə imtina edib. Digər tərəfdən, Avropa Şurası da müəyyən güzəştlərə gedib. Azərbaycanda siyasi məhbus üzrə məruzəçi statusunu ləğv edərək cənab Ştrasseri tamamilə fərqli bir mandatla təmin edib ki, onun fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır. Lakin, cənab Ştrasser hələlik Azərbaycanda siyasi məhbus problemi ilə məşğul olmaq fikrindədir. Ona görə də çox qarışıq və mürəkkəb bir situasiya yaranıb.

Sual: Azərbaycanda siyasi məhbuslar varmı, varsa neçə nəfərdir? Son dövrlər ölkədə siyasi məhbusların sayı ilə bağlı tendensiya artmaqdadır və ya əksinə azalmadadır?

Cavab: Əfsuslar olsun ki, son on il ərzində Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı məsələ müzakirə olunmaqdadır. Yəni, ən aktual mövzulardan biridir. Bu onunla bağlıdır ki, xüsusilə son illərdə siyasi repressiyalar şiddətlənib və xeyli insanlar siyasi motivlərlə ittiham edilib. Digər bir problem, Azərbaycanda müstəqil və ədalətli məhkəmə sisteminin mövcud olmamasıdır. Minlərlə insana qarşı ədalətsiz və qeyri müstəqil məhkəmə mühakiməsi tətbiq olunur və yüzlərlə şəxs ədalətsiz mühakimənin qurbanına çevrilib. Azərbaycanda bəzən siyasi və vicdan məhbusu məfhumu ilə ədalətsiz məhkəmə mühakiməsi qurbanı məfhumu qarışdırılır. Bunlar müxtəlif növ kateqoriyalardır. Ona görə də situasiya olduqca mürəkkəbdir. Bir çox təşkilatlar elmi metodologiyaya söykənmir. Eyni zamanda, siyasi məhbusların siyahısı beynəlxalq təşkilatların, BMT-nin müvafiq qurumlarının, xüsusilə də Avropa Şurası baş katibinin 2000-ci il tarixli sərəncamı ilə tərtib olunmuş ekspertlər qrupunun hazırladığı meyarlar əsasında müəyyən edilməyib. Daha çox ədalətsiz məhkəmə mühakiməsi qurbanları siyasi məhbus kimi təqdim edilir. Cənab Ştrasser də müsahibəsində bunu xüsusi söyləyib.

Siyasi fəaliyyətinə görə həbs edilən insan birmənalı olaraq siyasi məhbusdur. Amma, hansısa şəxsə qarşı siyasi maddələr tətbiq olunursa, lakin, o sadəcə ədalətsiz mühakimənin qurbanıdırsa siyasi məhbus sayıla bilməz. Bu, Amnesty International təşkilatının yanaşmasıdır.

Mən, bir neçə ay öncə Norveç Xarici İşlər Nazirliyinə müraciət edərək siyasi məhbus məfhumunun və Azərbaycanda siyasi məhbusların siyahısını müəyyən edəcək komissiyanın formalaşması təşəbbüsü ilə çıxış etdim. Təşəkkür edirəm ki, Norveç Xarici İşlər Nazirliyi mənim təklifimi və təşəbbüsümü dəstəklədi. Biz artıq komissiyanı formalaşdırırıq. Bu komissiyaya görkəmli alimləri, hüquqşünasları, tanınmış hüquq müdafiəçilərini, siyasi məhbus problemi ilə uzun müddət məşğul olmuş insanları dəvət etmişik. Yaxınlarda komissiyanın problemlə bağlı rəyini açıqlayacağıq.

Məni AŞPA-nın İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitəsi noyabrın 16-da Parisə keçiriləcək iclasına ekspert qismində dəvət edib. Çıxışımda təklif edəcəm ki, bizim komissiyanın siyasi məhbuslarla bağlı tərtib edəcəyi siyahını Avropa Şurasının ekspertləri də təsdiq etsin. Hesab edirəm ki, bu çıxış yolu ola bilər. Yoxsa, ölkədə hər hüquq müdafiəçisi bir siyahı tərtib edib. Bir hüquq müdafiəçisinin siyahısında 20, digərinin siyahısında 60, başqasının siyahısında hətta yüzdən çox siyasi məhbus var. Ona görə də bu məsələdə sistemli, düşünülmüş və beynəlxalq təcrübəyə əsaslanan yanaşmaya və fəaliyyətə böyük ehtiyac var.

Sual: Azərbaycan hökuməti beynəlxalq təşkilatların müdaxiləsi olmadan siyasi məhbus problemini həll etmək üçün nə etməlidir?

Cavab: İlk növbədə, məhkəmələrin müstəqilliyi və hakimiyyət bölgüsü təmin olunmalıdır. Bununla yanaşı, konstitusiya real həyatda tətbiq edilməlidir, qanunlar işləməlidir. Əgər, Azərbaycanda hüquqi dövlətçilik təşəkkül taparsa, bütün bu problemlər də həllini tapar.

Müəllifdən: Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olmadığını bildirir. Rəsmi Bakı Azərbaycanın Avropanın hüquq məkanında olduğunu deyir və Azərbaycan vətəndaşlarının yerli məhkəmələrin hökmündən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək hüququnu tanıyır.

“Azərbaycanda məhkəmə hakimiyyəti var və hər bir insan etdiyi əmələ görə ittiham edilir. Məhkəmə hakimiyyəti müstəqildir, heç kim məhkəmə qərarlarına təsir edə bilməz”, – deyə Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov yerli mediaya bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>