Con Dalhizen: Azərbaycanda 17 nəfər vicdan məhbusu var

Posted November 18th, 2011 at 7:45 pm (UTC+4)
Leave a comment

Amnesty İnternational təşkilatının proqram rəhbərinin müavini John Dalhuisen

Amnesty International təşkilatı Azərbaycanda  insan haqlarının durumu ilə bağlı “Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır” adlı hesabat yayıb. Sənəddə ölkədəki korrupsiya, müstəqil media, qeyri hökumət təşkilatları və müxalifət partiyalarının üzərinə artmaqda olan təqiblərin və həbslərin təfərrüatları yer alıb. Amnesty İnternational Azərbaycanda etirazlar əsasında məhkum edilmiş 17 nəfəri vicdan məhbusu hesab edir və onların dərhal azadlığa buraxılmasına çağırır.

Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya Proqramlarının direktor müavini Con Dalhizen (John Dalhuisen) Amerikanın Səsi radiosuna müsahibəsində vicdan məhbuslarının azadlığa buraxılması üçün beynəlxalq tədbirlər keçiriləcəyini  deyib. Onun sözlərinə görə,  Azərbaycan hökuməti təşkilatın insan haqları ilə bağlı dialoq təklifini hələ qəbul etməyib.

Sual: Amnesty İnternational təşkilatı Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı hesabat yayıb. Hesabat əsasən nədən bəhs edir?

Cavab: Hesabat son dövrlərdə özünüifadə azadlığının boğulması ilə bağlı hüquq pozuntularını əks etdirir, fərqli və tənqidi fikirlərin boğulmasını özündə ehtiva edir.  Sənəddə həmçinin bu ilin mart və aprel aylarındakı etiraz aksiyalarında baş verən pozuntular əks olunub.

Sual: Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti necə qiymətləndirirsiniz və vəziyyətdən çıxışı necə görürsünüz?

Cavab: Hesab edirik ki, sərbəst toplaşmaq, ifadə və birləşmə azadlığına qarşı olan basqılar və bu sahədə durumun pisləşməsi ən ciddi hadisələrdən biridir. Bu  məsələlər barədə konkret faktlar hesabatda əksini tapıb. Əslində bu ilin yaz hadisələrindən əvvəl də jurnalistlər, azad media, müxalifət təqiblərə və təzyiqlərə məruz qalıb. Ancaq, xüsusi olaraq yaz hadisələrinin fonunda biz, toplaşmaq azadlığının, azad medianın və jurnalistlərin necə təqib olunduğunu bir daha müşahidə etdik.

Sual: Sizin hesabata görə, Azərbaycanda neçə siyasi məhbus var? Onların həbsdən azad edilməsi üçün çağırışlarınız varmı?

Cavab: Konkret olaraq bildirim ki, siyasi məhbuslar yox, 17 nəfər vicdan məhbusu hesab etdiyimiz insan var. Bir də ədalətli məhkəmə hüququ pozulanlar var. Hansı ki, bu insanlar öz sərbəst fikirlərini ifadə etməyə cəhd edərkən həbs olunublar. Vicdan məhbuslarından 13-ü etiraz aksiyalarının təşkilinə görə həbs edilib. Qalan dörd nəfərə gəlincə, hansı ki, bu siyahıda Bəxtiyar Hacıyev və Cabbar Savaln da var, onlar yaz hadisələrindən əvvəl və sonra həbs olunublar. Biz qəti şəkildə bildiririk ki, Bəxtiyar Hacıyev, Cabbar Savalan, Şahin Həsənli və Vidadi İsgəndərli etiraz aksiyalarına çağırışa görə həbs edilib.

Sual: Azərbaycan hökuməti Sizin hesabatı qəbul edirmi, hökumət nümayəndələri insan haqları ilə bağlı təşkilatınızın təmsilçiləri ilə müzakirə aparmaq istəyirmi, görüşlə bağlı çağırışlarınıza cavab verirmi?

Cavab: İndiki məqamda bunu söyləmək bir qədər çətindir. Çünki, hesabat bu gün ictimailəşdirilib. Ancaq, pis cəhət odur ki, biz bu dəfə ölkədə olduğumuz vaxt hökumət bizimlə görüşmək istəmədi. Amnisty İnternational Azərbaycan hakimiyyəti ilə həmişə konstruktiv dialoqda olmaq istəyir. Başa düşürük ki, bütün məqamlarla bağlı fikirlərimiz üst-üstə düşməyəcək. Amma, hesab edirik ki, bu müzakirə, diskussiya prosesi getməlidir və nöqteyi-nəzərlər bölüşülməlidir. Son olaraq demək istəyirəm ki, Azərbaycan hökumətinin milli səviyyədə siyasi partiyaların və qeyri hökumət təşkilatlarının səsinə qulaq asması daha vacibdir, nəinki bu situasiyada Amnesty İnternational-ı dinləmək. Yəni, indiki məqamda vacibdir ki, hökumət qeyri hökumət təşkilatları və siyasi partiyaların mövqeyini dinləsin, müzakirə etsin, nəinki onların tənqidlərini, fikirlərini ümumiyyətlə yaxına buraxmasın.

Sual: Amnisty İnternational Azərbaycandakı vicdan məhbuslarının azadlığa buraxılması ilə bağlı hansı tədbirləri həyata keçirməyi planlaşdırır?

Cavab: Biz daha müxtəlif aspektləri nəzərdən keçiririk. Həbsdə olanların azad edilməsi üçün təşkilatımızın dünya üzrə şəbəkəsini hərəkətə gətirəcəyik və şəbəkəmiz vasitəsi ilə Azərbaycan hökumətini vicdan məhbuslarını azad etməyə çağıracağıq. Eyni zamanda, bu məsələni beynəlxalq səviyyədə də ciddi şəkildə qaldıracağıq. Məsələn, BMT mexanizmi vasitəsi ilə və Avropa Şurası səviyyəsində vicdan məhbuslarının azad edilməsi məsələsini qaldıracağıq. Biz həmçinin Amnisty İnernational-ın beynəlxalq şəbəkəsi vasitəsi ilə çoxsaylı ölkələrin xarici işlər nazirlərinə müraciətlər edəcəyik. Məsələn, ofislərimiz Amerika, Norveç, Böyük Britaniya və digər Azərbaycanda marağı olan hökumətlərlə qarşılıqlı dialoqlarında bu məsələni qaldıracaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>