Human Rights Watch həbsdə olan 17 fəalın hamısını siyasi və vicdan məhbusu kimi tanıyır

Posted December 12th, 2011 at 10:26 pm (UTC+4)
Leave a comment

Rachel Denber, Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini  Reyçel Denber Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda 2011-ci ildə insan hüquqları sahəsində vəziyyətin pisləşməkdə davam etdiyini bildirib. O, Human Rights Watch-ın bu il həbs edilən 17 nəfər fəalı siyasi və vicdan məhbusu kimi tanıdığını deyib.

Sual: 2011-ci il başa çatmaqdadır. Azərbaycanda insan hüquqlarının mövcud durumunu necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanda insan hüquqlarının vəziyyəti pisdir. Pisləşmə tendensiyası artıq bir neçə ildir davam etməkdədir. Xüsusilə, bu ilin mart-aprel aylarındakı aksiyalar zamanı polis zorakılığı, aksiyalarının zorakı üsullarla dağıdılması, çoxsaylı insanın həbs edilməsi, təzyiqlərə məruz qalması əslində insan haqları üzərində qaranlıq bir işarədir.

2011-ci ili xarakterizə etsək görərik ki, 17 nəfər fəal həbsdədir, amma əslində bunların heç biri həbsdə olmalı deyil. Human Rights Watch həbsdə olan 17 nəfərin hamısını siyasi və vicdan məhbusu kimi tanıyır.

Ölkədə bir hüquq müdafiəçisi həbsdədir, vəkillərə qarşı təzyiqlər var. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, 2011-ci ildə insan hüquqları baxımından qiymətləndirmə çox kafidir.

2011-ci ildə Azərbaycanda insan hüquqlarının pozulması baxımından digər problemləri də müşahidə etmişik. Məsələn, 2010-2011-ci illərdə hökumət tərəfindən evlərin ardıcıl olaraq dağıdılması, bunun müqabilində insanlara müvafiq kompensasiyaların verilməməsi və dağıdılmış evlərin yerində park salınması ciddi hüquq pozuntusu ilə müşahidə olunub. Müvafiq kompensasiyaların verilməməsi ilə yanaşı, evlərin insanlardan alınması ilə hökumət Azərbaycanın öz qanunvericiliyini və beynəlxalq öhdəliklərini pozub.

Sual: İşgəncələrlə bağlı durumu necə qiymətləndirirsiniz? Bu il ölkədə işgəncə faktı qeydə alıbsınız və ya yox?

Cavab: Azərbaycanın yerli hüquq-müdafiə təşkilatları işgəncə faktları ilə bağlı ictimaiyyətin məlumatlandırılması baxımından çox yaxşı iş aparır.  Ümumiləşdirib deyə bilərəm ki, Azərbaycanda hələ də saxlama məntəqələrində işgəncələrlə bağlı ciddi problemlər mövcuddur. Bu problemlər davam edir və biz bundan narahatıq.

Sual: Söz azadlığı sahəsində vəziyyət barədə nə deyə bilərsiniz? Xüsusilə, yazıçı Rafiq Tağının qətlinə və bu qətli İran din xadiminin alqışlamasına münasibətiniz necədir?

Cavab: Human Rights Watch bu ilin noyabrında Azərbaycanla bağlı hesabat dərc edib. Həmin hesabatda ölkədə söz və mətbuat azadlığı sahəsində irəliləyişin olmadığı bildirilir. Bütün problemlər olduğu kimi qalır. Söz azadlığı, fikrin azad ifadə edilməsi sahəsində ciddi maneələr var. Xüsusilə, hakimiyyət qanunlardan diffamasiyanın kriminallaşdırılması ilə bağlı geniş istifadə edir. Nəticədə, jurnalistlər məcbur edilir ki, özünüsenzuraya sürüklənsinlər, fikrilərini açıq ifadə edə bilməsinlər. Azərbaycanda fikri ifadə etmək üçün televiziyadan istifadə sahəsində heç bir şərait yoxdur.

Bu il media sahəsində yeganə müsbət hadisə jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsidir. Amma, o da həbsdə olmamalı idi. Bununla yanaşı, “Xural”  qəzetinin baş redaktoru Əvəz Zeynallı və  bölgə müxbiri Aydın Canıyev həbs edilib. Bu isə məşhur “bir addım irəli, iki addım geri” deyimini xatırladır.

Sual: Azərbaycan hökuməti ilə insan hüquqları ilə bağlı dialoq üçün müraciət edibsinizmi?

Cavab: Əlbəttə. Məsələn, ötən il hesabatımızı yaydıqdan sonra Azərbaycan daxili işlər, xarici işlər nazirlikləri, Milli Teleradio Şurası ilə açıq müzakirələr aparmışıq. Hesab edirik ki, məsələlərin həlli qarşılıqlı dialoq şəklində çözülə bilər. Biz eyni zamanda, beynəlxalq təşkilatlarla da müzakirələr aparırıq. Məsələn, regionda işləyən böyük təşkilatlar, o cümlədən Avropa Şurası, Avropa Birliyi ilə Azərbaycanda insan hüquqlarının vəziyyətini müzakirə edirik.

Sual: Hökumət bir qayda olaraq hesabatınızın reallığı əks etdirmədiyini bildirir. Münasibətiniz?

Cavab: Human Rights Watch-ın növbəti dünya üzrə hesabatı 2012-ci ilin yanvarında təqdim olunacaq. Həmin hesabatın Azərbaycanla bağlı bölümü də olacaq  və orada yəqin ki, tənqidi məqamlar olacaq. Hökumət tənqidi məqamlarla razılaşmadığı halda, həmin məsələləri müzakirə edə bilərik.

Müəllifdən: Azərbaycan rəsmiləri ölkədə insan haqları sahəsində durumun normal olduğunu bildirir. Rəsmi Bakı bəyanatlarında vətəndaşların hüquqlarının beynəlxalq hüquq normaları və yerli qanunvericiliyə uyğun tənzimləndiyini vurğulayır. Rəsmilər ölkədə siyasi və vicdan məhbuslarının olması barədə beynəlxalq təşkilatların çağırışlarını qəbul etmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>