Əli Kərimli: Amerika dövlət katibi Azərbaycana “demokratik islahatların alternativi yoxdur” mesajını verməlidir

Posted May 31st, 2012 at 11:15 pm (UTC+5)
Leave a comment

AXCP sədri Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan müxalifətinin Amerika dövlət katibi ilə görüşmək istədiyini, Amerikanın da Avropa Parlamenti kimi Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə və onların əmlakına sanksiyalar tətbiq edilməsi ilə bağlı məsələlərə baxmasını istədiyini bildirib. O Azərbaycan-İran münasibətlərinin son durumuna münasibət bildirib. Cənab Kərimliyə 2006-cı ildən pasport verilmir. Bu səbəbdən də xarici ölkələrə səfər edə bilmir.

Sual: İyunun 6-da Amerika dövlət katibi Azərbaycana səfər edəcək. Müxalifətin münasibəti və təklifləri nədir?

Cavab: Əvvəla, biz Azərbaycanın ABŞ-la, bütövlükdə qərb dünyası, o cümlədən NATO ilə əlaqələrinin genişlənməsində maraqlıyıq. Hesab edirik ki, dövlət katibinin səfəri bu münasibətləri dərinləşdirmək üçün bir fürsətdir. Amerika Dövlət Departamenti hər zaman bəyan edir ki, Azərbaycanla siyasətdə əsasən üç prioritet var: enerji, təhlükəsizlik və demokratik islahatlarla bağlı əməkdaşlıq. Amerika ilə Azərbaycan arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı müəyyən uğurlar olsa da, təəssüflə qeyd edirəm ki, demokratik islahatlarla bağlı aparılan dialoq heç bir nəticə verməyib. Bir neçə il bundan öncə dövlət katibinin müavinlərindən biri demokratiya sahəsində Azərbaycanla dialoq prosesinə rəhbərlik edirdi. Çox təəssüf ki, nəticə yoxdur. Biz hesab edirik ki, dövlət katibinin Azərbaycana səfəri həm də Amerika-Azərbaycan münasibətlərindəki bu zəif, axsayan tərəfi gücləndirməyə istifadə olunmalıdır. Hesab edirəm ki, dövlət katibi Azərbaycana səfəri zamanı Azərbaycan hökumətinə güclü bir mesaj verməlidir ki, demokratik islahatların alternativi yoxdur. Amerika-Azərbaycan münasibətləri üçün də demokratik islahatlar, insan haqları, siyasi məhbusların taleyi, sərbəst toplaşmaq azadlığı, azad seçki kimi məsələlər olduqca önəmlidir. Azərbaycan cəmiyyəti məhz belə mesajların verilməsini gözləyir.

Sual: Amerika dövlət katibinin Azərbaycan müxalifəti ilə görüşü nəzərdə tutulubdurmu? Bununla bağlı Sizə məlumat verilibmi?

Cavab: Mətbuatda müəyyən açıqlamalar olsa da, biz indiyədək səfirlikdən rəsmən hər hansı dəvət almamışıq. Ona görə də mən səfər proqramının necə olacağını bilmirəm.

Sual: Müxalifət tərəfi Amerika dövlət katibi ilə görüşmək istəyirmi, arzuları varmı?

Cavab: Təbii ki, belə bir dəvət olarsa biz bu prosesdə iştirak edəcəyik. Amma, bir qayda olaraq dövlət katibinin proqramları müxalifət tərəfinin və vətəndaş cəmiyyətinin istəklərinə görə yox,  Dövlət Departamentinin öz məqsədəuyğun seçiminə görə müəyyənləşdirilir. İndi onlar səfər proqramlarını necə seçəcəklərsə, məqsədəuyğun hesab edəcəklərsə, müraciətləri olacaqsa biz böyük məmnuniyyətlə görüşdə iştirak edəcəyik.

Sual: Azərbaycanda Eurovision başa çatıb. Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda Eurovision-dan sonra repressiya dalğasının başlanacağından narahatdır. Nə hiss edirsiniz? Yeni repressiyalar, təzyiqlər varmı?

Cavab: Eurovsion hələ təzə başa çatıb. Hazırda bir şey demək çətindir. Amma, Eurovision ərəfəsində çox ciddi təzyiqlər var idi. Bütövlükdə, 2011-ci il və 2012-ci ilin əvvəlləri müxalifət, vətəndaş cəmiyyəti, media fəallarına təzyiqlə müşahidə edilib. Ona görə də, mən Avropa Birliyinin parlamentinin qətnaməsi ilə tamamilə həmrəyəm. Parlament xarici siyasət üzrə ali səlahiyyətli nümayəndə xanım Ketrin Eştona tapşırıb ki, Azərbaycan üzərində monitorinq təşkil etsin və ehtiyac yaranarsa ölkədəki vəziyyətlə bağlı müvafiq qərarlar verilsin. Hesab edirəm ki, yaxşı olar ki, ABŞ-da da müvafiq qərarlar verilsin. Eurovision-dan sonra Azərbaycanın atdığı addımlar ciddi monitorinq olunmalıdır. Azərbaycanda siyasi müxalifətə, vətəndaş cəmiyyətinə, media institutlarına, yerli fəallara qarşı olan təzyiqlər ciddi reaksiyaya səbəb olmalıdır. Azərbaycan hökuməti belə düşünməməlidir ki, Eurovison-dan sonra ölkəyə maraq azalacaq.

Sual: Yeri gəlmişkən, Avropa Parlamenti qətnaməsində Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə sanksiyaların tətbiqi ilə bağlı göstəriş verir. Necə qiymətləndirirsiniz?

Cavab: Çox yüksək qiymətləndirirəm və çox düzgün addım hesab edirəm. Hesab edirəm ki, Azərbaycanı bütöv dövlət olaraq sanksiyalara hədəf seçməkdənsə, insan haqlarını pozan ayrı-ayrı məmurlar hədəf seçilməlidir. Onların əmlaklarına, hesablarına həbs qoyulmalıdır. Onların Avropaya, qərb dövlətlərinə gedişlərinə mane olunmalıdır. Onlara qarşı sanksiyalar olmalıdır. Niyə də olmasın? Niyə Belorusda, hətta Rusiyada belə əməlləri törədən insanlara sanksiyalar var, amma Azərbaycanda olmasın. Müvafiq siyahı hazırlanmalıdır. Yeri gəlmişkən, mən istəyərdim ki, ABŞ da bu prosesdə iştirak etsin.

Sual: Deyəsən, Sizə qarşı da sanksiyalar var. Neçə illərdir pasport verilmir və xaricə səfərlər edə bilmirsiniz. Səbəbi nədir? Məhkəməyə müraciət edibsinizmi, nə cavab alıbsınız?

Cavab: Düzgün buyurursunuz. 2006-cı ildən mən pasport ala bilmirəm. Azərbaycandakı bütün məhkəmə instansiyalarını keçmişəm. 2009-cu ildə işim Avropa Məhkəməsində icraata götürülüb. İndi işə baxılmasını gözləyirəm. Çox təəssüf ki, Avropa Məhkəməsi belə işlərə təcili qaydada baxmır. Yeri gəlmişkən, buna öz narazılığımı ifadə edirəm. Çox ciddi sanksiyalar altındayıq. Xalq Cəbhəsinin binası əlimizdən alınıb, yeni bina icarəyə götürməyimizə imkan verilmir, AXCP-nin üzvlərinə, fəallarına, mənim şəxsən ailə üzvlərimə böyük basqılar var. Axırıncı dəfə, daha bir qohumumu, qaynımı uydurma ittihamla həbs ediblər. Özümə qarşı təzyiqlər isə son günlərədək davam edib. Bu barədə yəqin ki, hər kəsin məlumatı var. Evimə çağırılmamış qonaqların gecə yarısı gəlişləri, qapımın israrla saatlarla döyülməsi, evimin qarşısında piketlərin keçirilməsi, yersiz şəkildə, heç bir zərurət olmadan polisə dəvət edilib istintaqa cəlb olunmağım. Bunların hamısı mənə qarşı çox ciddi təzyiqlərdir və müxalifətə münasibəti ortaya qoyan addımlardır.

Sual: Azərbaycan-İran münasibətlərinin son dövrünə müxalifət necə baxır? Bu münasibətlərin inkişafının sonunda nə görünür?

Cavab: Azərbaycanla İran arasında bir sıra məsələlərdə obyektiv olaraq fikir ayrılığı var, maraqlar fərqlidir. Birincisi, Azərbaycanın müstəqil dövlət olaraq var olması, İranda bir çox dairələri narahat edir. Çünki İranda çoxlu sayda azərbaycanlılar yaşayır. İranın xarici işlər naziri iddia edir ki, bu ölkədə azərbaycanlılar əhalinin 40 faizindən artıqdır. Amma, bizim bir çox həmvətənlilərimiz deyir ki, azərbaycanlılar 50 faiz və onun üzərindədir. Bunlar hamısı obyektiv problem yaradır. Eyni zamanda, Xəzərin bölgüsü, Azərbaycanın Avroatlantik məkana qoşulma perspektivləri ilə bağlı Azərbaycanla İran arasında ciddi fikir ayrılıqları var. Bu məsələlərin hamısı Azərbaycan dövlətinin maraqlarına uyğun şəkildə, amma dialoq yolu ilə həllini tapmalıdır. Son vaxtlarda isə çox təəssüf ki, Azərbaycan-İran münasibətləri gərginləşib, amma daha əhəmiyyətli prinsipial məsələlər üzrə yox. Münasibətlərin gərginləşməsində şəxsi ambisiyalara görə bir-birini söyüb təhqir etmək, dövlət başçılarının, məmurların  bir-birini aşağılaması əsas səbəbə çevrilib. Münasibətlərin gərginləşməsi də, nizama salınması da milli maraqlara görə müəyyən edilməlidir, milli maraqlar əsas olmalıdır. Amma, çox təəssüf ki, son günlər baş verənlər daha çox münasibətləri qura bilməmək və milli maraqların təmin edilməsi ilə deyil, şəxsi zəmində qarşılıqlı təhqir və tənqidlərin artırılması ilə bağlıdır. Bizim çağırışlarımız odur ki, bütün bu mübahisələr  dialoq yolu ilə həllini tapmalıdır, Azərbaycana yeni bir konflikt lazım deyil. Azərbaycanı idarə edənlər məsuliyyətli olmalıdırlar, yeni bir konfliktə,  o cümlədən İranla münasibətlər konflikt həddinə gəlib çıxmamalıdır. Bu o demək deyil ki, Azərbaycan köklü maraqlarını qurban verməlidir. Qətiyyən yox, Azərbaycan öz köklü maraqlarını müdafiə etməlidir. Amma, bütün mübahisəli məsələləri də diplomatiya yolu ilə həll etməlidir. Bəs diplomatiya  nə üçündür? Məhz, uyğun gəlməyən çarpaz maraqların uyğunlaşdırılmasından ibarətdir. Hesab edirəm ki, Azərbaycanın İran siyasəti daha aktiv, daha diplomatik olmalıdır ki, Azərbaycan həm öz milli maraqlarını qorusun, həm də onsuz da bir qonşu ilə ciddi müharibə vəziyyətindədir, başqa bir qonşu ilə də münasibətlər ciddi konflikt həddinə gətirilməməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>