Adam Mixnik: İşgəncələr altında yaşamağı sevən millət yoxdur

Posted October 4th, 2012 at 9:34 pm (UTC+4)
Leave a comment

Adam Mixnik

Gürcüstanda keçirilən parlament seçkiləri Qafqazın tarixində yeni dövr açdı. Polşalı tanınmış ictimai xadim, jurnalist və “Həmrəylik” hərəkatının liderlərindən biri Adam Mixnik belə hesab edir.

Demokratiyanın əsası hakimiyyətin seçki yolu ilə, zorakılıq və nifrət olmadan dəyişdirilməsinin mümkünlüyündədir və Gürcüstan son parlament seçkilərində buna nail oldu. Bu barədə cənab Mixnik Bakıda Azərbaycan vətəndaş cəmiyyətinin və yaradıcı ziyalıların bir qrup nümayəndəsi ilə görüşündə bildirib.

Onunla görüş İçərişəhərdə Müasir İncəsənət Mərkəzində “Azadlıq üçün dizayn – dizayn üçün azadlıq” sərgisinin açılışından sonra keçirilib. Sərgidə son 30 ildə Polşada gedən siyasi prosesləri əks
etdirən siyasi plakatlar və dövrü mətbuat təqdim olunub.

Cənab Mixnik Bakıya Gürcüstandan gəlib. Orada parlament seçkilərini müşahidə edib. Gürcüstan presedenti demokratiyanın universallığını və onun hamı tərəfindən əldə edilməsinin mümkünlüyünü bir daha sübut etdi.

“İşgəncələr altında yaşamağı sevən millət yoxdur. Bu, diktatorların demaqoqcasına təbliğatı ilə bağlı mifdir”, – Mixnik vurğulayıb.

O xatırladıb ki, vaxtilə britaniyalı ekspertlər deyirdilər ki, demokratiya Qərbin mədəni xalqları üçündür və əgər polyaklara azadlıq verilsə, onlar antisemit qırğınları təşkil edərlər. Lakin tarix bunun əksini sübut etdi.

Gürcüstandakı parlament seçkilərindən danışan Mixnik qalib gəlmiş “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvilinin aşağıdakı tezislərini qeyd edib: 1) Gürcüstan hamı üçündür; 2) Məğlub edilmişlərin üzərində revanş olmayacaq; 3) Gürcüstan qərbyönlü kursla getməkdə davam edəcək; 4) İvanişvilinin triumfu yoxdur.

Cənab Mixnik digər mühüm yekun kimi Saakaşvilinin etirafını qeyd edib: “Biz uduzduq, biz müxalifətə keçirik”.

“Saakaşvili Çauşeskunun deyil, Yaruzelskinin yolunu seçərək Qafqazın siyasi tarixində və mədəniyyətində yeni dövrə başladı”, – o qeyd edib.

İctimai xadim Polşadan danışarkən ölkəsində demokratiyanın bərqərar olmasından qürur duyduğunu bildirib.

“Demokratiya nədir?” sualının cavabında o deyib: “Bir il əvvəl Kaliforniyada konfransda Kremlin təbliğatçısı Andranik Miqranyan Amerika publikasını inandırmağa çalışırdı ki, Rusiyada “necə də yaxşı demokratiya var”.
Mən ona dedim ki, mənim üçün demokratiya odur ki, prezident seçkilərində son anadək qalibin adı bəlli olmasın. Lakin elə ölkələr var ki, prezident seçkilərində qalibin adı yarım il əvvəldən məlum olur. Demokratiyaya yol etiraz mədəniyyətinin dialoq və kompromis mədəniyyətinə keçməsindən keçir.

O, etiraz mədəniyyətinə misal olaraq SSRİ-də Soljenitsının, Çexoslavakiyada Vatslav Havelin, müasir Rusiyada Mixail Xodorkovskinin, CAR-da Nelson Mandelanın çıxışlarını göstərib.

“Bu, monoloq- etirazdır. O, vacibdir və onsuz insan mənəviyyatı inkişaf edə bilməz. O, dialoq doğurmalıdır”, – Mixnik bildirib.

“Biz “Həmrəyliyin” önündə olanda bizə deyirdilər: “Siz  dəli olmusunuz, Brejnevə qarşı çıxırsınız?” Hakimiyyətə gələndə isə bizə deyirdilər ki, kommunistlərin axırına çıxmaq lazımdır. Lakin əsl demokratiya  odur ki, hakimiyyətə gələrkən səni türməyə salan adama qarşı da tolerant olasan”, – Mixnik demokratiyanın fəlsəfəsini açıqlayıb.

Tolerantlıq yalnız siyasətə deyil, bütün münasibətlərə aiddir. Məsələn, Polşa transformasiya mərhələsində dilemma qarşısında idi: “Polşa katolik çoxluğu üçündür yoxsa hamı üçündür” və seçim ikinci prinsipin xeyrinə aparıldı.

“Həmrəylik” nəyin sayəsində kütləvi hərəkata çevrildi?” sualının cavabında Mixnik deyib ki, “yəqin ona görə, hər şey hamını bezdirib”.
Mübarizə istehkamı kimi iri  müəssisənin – Qdansk tərsanəsinin çıxış etməsi mühüm rol oynadı. O, digərlərinə nümunə oldu, hərəkat 10 mln. adam əhatə etdi. Bundan əlavə, ölkə boyunca gizli təşkilatların yaradılması da mühüm rol oynadı. Həm fəhlə hərəkatı, həm də kommunistlərin lideri Gerek tərəfindən zorakılığın olmaması da “Həmrəyliyin” saxlanmasına yardım etdi. “Görünür, bu, kompromislərə dəhliz açdı”, – Mixnik qeyd edib.

Tətillərin sayəsində müstəqil həmkarlar ittifaqlarının yaradılmasına icazə verildi. Artıq onlara 10 mln. deyil, 100 mln. nəfər daxil idi. Bundan əlavə, “Azad Avropa” radio proqramı da öz dəstəyini göstərdi”.

Onun söylədiklərinin Azərbaycan kimi indefirent cəmiyyətlərdə işləməməsinə Mixnik belə reaksiya verib. O, belə analoji pessimist fikirləri bu yaxınlarda Gürcüstanda eşitdiyini deyib. “Ukraynada da “narıncı inqilab”dan əvvəl belə idi”.

Biz 1989-cu ildə Polşada siyasi dəyişikliklərə nail olanda Vatslav Havel mənə dedi ki, onun ölkəsində bu mümkün deyil, amma iki aydan sonra Çexoslovakiyanın prezidenti oldu”. “Bakının arxitektura və aurasının qeyri-kommunist” olduğunu deyən Mixnik qeyd edib ki, siyasi azadlıqların
qazanılması ilə cəmiyyətin problemlərinin avtomatik həll olunmadığını nəzərə çatdırıb.

“Azadlığı təkcə vicdanlı və dürüst adamlar deyil, cinayətkarlar da qazanırlar”, – o vurğulayıb.

Mixnikin səfəri şəxsi xarakter daşıyır və onun demokratik cəmiyyət təmsilçilərinin görüşünə Bakıda daha yararlı zal tapılmayıb. Görünür, kimlər üçünsə Mixnik olduqca təhlükəli şəxsiyyətdir və görüş zamanı Müasir İncəsənət Mərkəzinin binası önünə polis serjantı qoyulub. Bundan əlavə, Mixnik Gürcüstana çəkiliş qrupu ilə gedib, halbuki həmin çəkiliş qrupu Bakıya buraxılmayıb.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>