Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu

Posted October 19th, 2012 at 5:02 pm (UTC+4)
Leave a comment

“Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfrans

Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Amerikanın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq, Çapman Universiteti, Qlobal Təhsil Mərkəzinin direktoru Ceyms Koyl, Ankara Universiteti, Avropa Tədqiqatlar  Mərkəzinin rəhbəri Çağrı Erhan, Ceymstaun Fondunun aparıcı elmi işçisi Vladimir Sokor, METU, Beynəlxalq Münasibətlər kafedrasının əməkdaşı Oktay Tanrısevər, Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva çıxış edib.

Məruzələr əsasən ABŞ-Azərbayacan strateji tərəfdaşlığının perspektivləri, regional  təhlükəsizlik, nüvə təhlükəsizliyi təhdidləri, Qarabağ münaqişəsi: ədalətsizlik və enişli-yoxuşlu çıxış yolları, Qafqazda və regiondan kənarda dəyişən dinamika, Avro-atlantik perspektivlər və Dağlıq Qarabağ  nizamlanmasında uğursuz danışıqları əhatə edib.

Məruzələrdə Azərbaycan-Amerika əməkdaşlığının əsas prioritetləri olan təhlükəsizlik və enerji təhlükəsizliyinin  regionda stabillik və inkişaf üçün əsas olduğu qeyd edilib. Bununla yanaşı, regionda sülh və stabilliyə ciddi təhlükə yaradan münaqişələrin hələ də həllini tapmadığı önə çəkilib.

Çapman Universiteti, Qlobal Təhsil Mərkəzinin direktoru Ceyms Koylun fikrincə, Azərbaycan çox çətin qonşularla əhatə olunub. Bu Azərbaycanı balanslı siyasət aparmağa vadar edir.

“Artıq regionda iki blok var. Bunlar Amerika-Gürcüstan -Azərbaycan və Rusiya-İran-Ermənistan blokudur. Regiondakı münaqişələr istənilən an alovlana bilər”.

Ekspertin fikrincə, Azərbaycan İran vasitəsi ilə Naxçıvana qaz verir, Bakı-Tbilisi-Ceyham əsas neft boru kəmərinin işlək fəaliyyətini saxlamalıdır, Xəzər dənizində enerji mənbələrinə nəzarət edir.

“Bu ölkə həmçinin qərbə inteqrasiyanın tərəfdarıdır və enerji resurslarını qərb bazlarına çıxarır. TANAP layihəsi bunu bir daha təsdiq edir. Bu kəmərlə Türkiyəyə ildə 6 milyard və Avropaya 10 milyard kub metr qaz ötürüləcək. NATO-nun üzvü olmamasına baxmayaraq Əfqanıstanda təhlükəsizliyə töhfə verir və NATO yüklərinin daşındığı əsas koridordur. Zbiqnev Bzejinski də nəqliyyat dəhlizi sahəsində və Mərkəzi Asiya enerji resurslarının daşınmasında Azərbaycanın üstün mövqeyini qeyd edib. Azərbaycan bu səbəblərdən Rusiya və İran, eyni ilə də qərb maraqları arasında balans yaratmağa üstünlük verir”, – deyə o qeyd edib.

Konfransda həmçinin Cin istiqamətində uçan qərb təyyarələrinin istiqamətinin Dubaydan Bakıya çevirməsinin vacibliyi qeyd edilib.

Forumda həmçinin “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ləğvi tələb edilib. Çünki bu düzəliş ikitərəfli münasibətlərin dərinləşməsinə ciddi əngəllər yaradır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>