Qadın Dünyası

Qadın, ailə və karyera

Dilşad Əliyarlı

“Məndən xüsusilə də qadınlar tez-tez soruşur ki, ailə həyatını elmi karyera ilə necə uzlaşdıra bilirəm. Deməliyəm ki asan deyil.”-Mariya Küri, ilk qadın Nobel mükafatı laureatı.

Marissa-Mayer

Müasir qadın özünü büsbütün ailəyə, yoxsa karyeraya həsr etmək kimi dilemmanı həll etmək üçün öz həyatında balans yaratmağa çalışır.  Bu mürəkkəb dilemma qarşısında qadınlar karyeranı üstün tutarkən ailəyə kifayət qədər diqqət ayıra bilmədiklərinə görə özlərini günahkar hiss edir.  Ailəni üstün tutub karyeranı atmaq qərarı verən qadınlar isə düzgün seçim edib-etmədikləri sualına o qədər cavab axtarırlar ki, ya stressə düşür, ya da öz qabiliyyətlərindən şübhələnməyə başlayırlar. Özü də bu, istər karyerasının zirvəsində, ya da böyük teatr səhnəsində olan qadınlardan tutmuş, həftədə bir neçə saat çalışan qadınlar üçün eyni dərəcədə ağrılı bir proses ola bilər. Əslində ailə və karyera arasında balans yaratmaq ümumiyyətlə mümkündürmü?

Mənim özümə gəldikdə bu dilemmanın üzərində fikirləşməyə sözün əsl mənasında imkanım olmadı. BBC radiosunun müxbiri kimi çalışdığım illər ilk övladımın anadan olduğu günün sabahı reportajı xəstəxananın çarpayısından verməli olmuşdum. Bundan sonra o zaman yaşadığım Sarayevo şəhərindən reportajlarımı telefonla oğlumu qucağımda saxlayaraq oxuyurdum. Müharibədən çıxmış Sarayevoda şəhər infrastrukturunun hələ tam bərpa olmadığı o illər qucağımda körpə ilə bərabər reportajlarımı hazırlamağın özündə bir qeyri-adilik var idi. Həmkarlarımdan biri hətta bir dəfə görünür narahat saxladığıma görə ağlamağa başlamış körpə uşaq səsini eşidib məni “müasir madonna” adlandırmışdı. Bu gün gündəlik həyatda öhdəsindən gəldiyi vəzifələri nəzərə alsaq, müasir qadını tamamilə məsuliyyətlə super madonna kateqoriyasına aid etmək olar.

Professional həyat və ailə arasında balans yaradılması müasir cəmiyyətlərdə bu gün siyasətçilər və sosioloqlar, iqtisadçılar və həkimlər, qadınların özləri və kişilər tərəfindən geniş müzakirə olunur. Qadının bu dilemmanı həll etməsi asan deyil və çox vaxt “bu, ümumiyyətlə mümkündürmü?” sual edilir.

Cəmiyyətlərin çoxunda qadının ənənəvi rolu haqda artıq formalaşmış ümumi bir fikir mövcuddur, bir sıra ölkələrdə hələ də qadının ictimai həyatda rolunun artmasını dəstəkləyən qanunlar sistemi hazırlanmayıb. Hətta ABŞ-ın özündə bu günə kimi qadınların kişilərlə bərabər maaş alması məsələsi tam həllini tapmayıb. Qadınlar uşaq doğulduqdan sonra altı həftə müddətinə analıq məzuniyyəti götürə bilir. Gənc qadınların bundan artıq evdə qalmaq imkanı yoxdur, çünki Amerikada analıq məzuniyyəti şirkətlər tərəfindən ödənilmir.

Bir sıra cəmiyyətlərdə münasibətlər sistemi kişilərin üstünlüyü əsasında qurulub. 2012-ci ildə Birləşmiş Ştatlar Konqresinə seçkilərdə Senata 22 qadın qanunverici seçildi və ilk dəfə olaraq qadınlar Senatda üçdə bir yerləri tutdu. Senator qadınların sayının birdən-birə artması iclaslararası fasilədə cəmi iki kabinası olan qadın ayaqyolunun qarşısında növbənin yaranmasına səbəb olmuşdu. Xanım senatorlar bunu zarafatla qarşılasa da, əslində bunun qadınların hələ də siyasi seçkili orqanlarda kişilərdən qat-qat aşağı təmsil olunmasının göstəricisi olduğunu qeyd etmişdi.

Qərb ölkələrində qadınlar bərabər təhsil və karyera imkanlarına malikdir.  Statiskaya görə, Amerikada kollec və universitet məzunları arasında qadınların sayı daha çoxdur. Onların bir hissəsi universitetdən sonra təhsilini davam etdirərək, magistr və doktor dərəcəsi alır. Bu qadınların çoxu qarşıya müvəffəq karyera qurmaq kimi məqsəd qoyur. Ekspertlərin bir hissəsinin fikrincə, təhsilə bu qədər vaxt və maliyyə sərf etdikdən sonra qadının təbii olaraq seçimi özünə karyera qurmaqdan ibarət olur və qadın cəmiyyətdə ona verilən imkanlardan tam yararlanmağa çalışır. Ofis həyatının stresli şəraitində uğurlu karyera yaratmağa çalışan gənc qadın ailə qurmaq perspektivini adətən geri çəkməyə başlayır.

Dünyanın hətta ən inkişaf etmiş ölkələrində kişilərin bir hissəsi professional karyera qurmaq istəyən qadınlarla ailə qurmağın mürəkkəb cəhətlərini qeyd edirlər. Kişilərin gətirdiyi başlıca arqument budur ki, əgər qadının gəliri kişininkindən çoxdursa, bu, artıq özü-özlüyündə ailədə bir problem mənbəyinə çevrilə bilər. Amma eyni zamanda, kişilər onu da etiraf edir ki, qadın işi və karyerasından imtina edib evdə qalmalı olursa, bu, böyük stressə gətirib çıxara bilər; stressli qadınla birgə həyat isə çox çətindir.

Uğurlu karyera və ailə həyatı qura bilmiş qadınların böyük hissəsi ailə həyatı və kareyara arasında balans yaratmağın böyük çətinliklərini etiraf edir. Əslində belə bir balans varmı? Bu balansı yaratmaq üçün hansı vacib şərtlər mövcud olmalıdır? Bəzi qadınlar karyera qurduqları halda da güzəşt və kompromisin qaçılmaz olduğunu və seçimlərinin çox vaxt ailənin xeyrinə edildiyini bildirir. Başqaları isə ümumiyyətlə balansın mümkün olmadığını söyləyir. Onların sözlərinə görə, ailədə seçim məsələsinə gələndə, bu, demək olar hər zaman qadına aid olur və güzəştə əsasən qadınlar gedir. Buna görə də seçimlər birgə müzakirə olunmalı, güzəştlər də qarşılıqlı olmalıdır. Təbii ki bu mövzuda müzakirələr davam edəcək, lakin bütün bunlara baxmayaraq, unutmaq lazım deyil ki, həm müvəffəq karyera, həm də normal ailə həyatı qura bilən qadınlar az deyil və bu nailiyyətə görə onları yalnız alqışlamaq olar.

 

Hillari Klintonun “Çətin seçimlər”i

Hillary-Clinton

Dilşad Əliyarlı

“Həyatda hamımız çətin seçimlərlə qarşılaşırıq. Həyat bu seçimlərdən ibarətdir. Bizim seçimlərimiz və onları necə idarə etməyimiz bizim kim olduğumuzu müəyyən edir”-Hillari Klinton, “Çətin seçimlər”

Hillari Klinton vəzifədən gedəndən sonra ictimaiyyətin diqqətindən kənarda qalan bir çox siyasətçidən fərqli olaraq 2013-cü ildə Dövlət katibi postunu tərk edəndə təbii olaraq “onun növbəti addımı nə olacaq?” sualı verilməyə başladı. Bu suala cavabı indi çoxları onun yeni kitabında axtarmağa çalışır.

Hillari Klintonun “Çətin seçimlər” adlı yeni memuarı təhlilçilər tərəfindən onun böyük siyasi meydana qayıdışının prelüdiyası kimi dəyərləndirilir. 635 səhifədən ibarət kitabın böyük hissəsi xanım Klintonun Obamanın prezidentliyinin birinci dönəmində Amerikanın baş diplomatı olduğu illər ABŞ-ın xarici siyasətinə həsr edilib.

Dörd il dövlət katibi olduğu illər dünyanın 112 ölkəsinə səfər edərək, 1,5 milyon kilometr yol qət edən Hillari Klinton kitabında xarici siyasət sahəsində 21-ci əsrin sınaqları və ABŞ-ın qlobal liderliyi, eləcə də beynəlxalq xarici siyasət haqda fikirləri ilə bölüşür.

Xanım Klinton kitabında Avropada enerji təhlükəsizliyinin ABŞ üçün əhəmiyyəti və Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji  ilə təmin edilməsində rolu məsələlərinə də toxunur.  O, Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın Rusiyadan enerji asılılığının azaldılması məqsədilə Mərkəzi Asiyadan təbii qazın Avropa bazarlarına nəql edilməsi planları qarşısında problem yaratdığını qeyd edir.

Xanım Klinton Türkiyə və Balkan ölkələri vasitəsilə Xəzər dənizindən təbii qazın Avropaya nəqlini təmin edəcək Cənub qaz dəhlizini enerji diplomatiyası sahəsində ən mühüm təşəbbüs kimi qiymətləndirir: “Layihənin gerçəkləşməsi üçün lazım olan razılaşmaların müzakirə edilməsi məqsədilə səfir Riçard Morninqstarı xüsusi nümayəndə təyin etdim. Bu, Xəzər dənizində əsas mənbə olan Azərbaycanla qonşusu Ermənistan arasında uzun illər sürən münaqişəyə görə mürəkkəb məsələ idi. Morninqstar Azərbaycan prezidenti İlham Əliyevlə elə konstruktiv iş münasibətləri yaratmışdı ki, mən onu orada səfir təyin etdim.”

Xanım Klinton kitabında Azərbaycana iki dəfə səfər etdiyini qeyd edərək, səfərlərinin əsas məqsədinin regionda sülh səyləri və demokratik islahatlara təşviq etmək və eyni zamanda qaz kəməri layihəsinin gerçəkləşməsinə dəstək göstərməkdən ibarət olduğunu yazır.

Hillari Klinton kitabında Obama administrasiyasının ilk illərində Türkiyə-Ermənistan yaxınlaşması istiqamətində səyləri ilə bağlı maraqlı detalları açıqlayıb.

Xanım Klinton Əhməd Davutoğlu və Edvard Nalbandyanla bir neçə ay ərzində 30-dan çox telefon söhbəti və prezident Obamanın məsələ ilə yaxından məşğul olmasını qeyd edərək,  2009-cu ildə oktyabrın 9-da Cenevrədə Türkiyə və Ermənistan arasında protokolların imzalanması mərasimindən öncə baş verənləri təsvir edir. Onun yazdığına görə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun imzalama mərasimində edəcək çıxışı ilə bağlı narahat olduğuna görə mərasimə gəlməkdən imtina etmişdi.

“Mənim maşın karvanım yoldan dönüb Sürixin Dolder Grand Hotel mehmanxanasına qayıtdı. Mən maşında gözlədiyim vaxt Filip Qordon (Klinton dövrü Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı-D.Ə.) İsveçrənin baş müzakirəçisi ilə bərabər Nalbandyanı tapmaq və onu mərasimə aparmaq üçün yuxarı qalxdı. Amma o yerindən tərpənmədi. Filip bunu demək üçün aşağı gəldi və mənimlə maşına olturdu. Maşını mehmanxananın arxasında saxladıq” yazan xanım Klinton bundan sonra Nalbandyanla şəxsən danışmaq üçün yuxarı qalxdığını və ona imzalama mərasimində çıxışların olmaması təklifini etdiyini  deyir.

Hillari Klinton yazır ki, Edvard Nalbandyanı razı salmaq üçün aparılan danışıqlar imzalama mərasiminin üç saat gec başlaması ilə nəticələnmiş, New York Times qəzeti isə dövlət katibinin səylərini “limuzin diplomatiyası” adlandırmışdı. “Mənim maşınım limuzin deyildi, amma bunu çıxmaqla bu, uğurlu müqayisə idi”-deyə o xatirələrində qeyd edir.

30 ilə yaxındır Amerikanın siyasi-ictimai həyatında diqqət mərkəzində olan Hillari Klinton Vaşinqtonun ən nüfuzlu siyasi fiqurlarından biridir.

“Həyatda hamımız çətin seçimlərlə qarşılaşırıq. Həyat bu seçimlərdən ibarətdir. Bizim seçimlərimiz və onları necə idarə etməyimiz bizim kim olduğumuzu müəyyən edir”-deyə Hillari Klinton öz kitabını bu sözlərlə başlayır.

Hillari Klintonun seçimləri onu ABŞ-ın birinci xanımı, senator və  dövlət katibi səviyyəsinə gətirib çıxarmışdır. Hələlik o, “Çətin seçimlər” kitabı 2016-cı il prezidentlik yarışlarından öncə bir test hesab edilsə də, seçkidə namizədliyini irəli sürüb-sürməyəcəyi haqda açıqlama vermir. Bəlkə ona görə ki Hillari Klinton özünün ən “çətin seçimi” qarşısındadır.

 

Dilşad Əliyarlı,

Vaşinqton

 

 

 

Xoşbəxtliyin sirri varmı?

women-world

Dilşad Əliyarlı

Xoşbəxtlik sizi gözəlləşdirir.  Xoşbəxt insanlar gözəl insanlardır. Onlar sanki güzgüdür və xoşbəxtliyi əks etdirirlər.-Drü Berrimor, Amerika aktrisası.

Xoşbəxtlik hissini yaşayan insanlar onun müxtəlif və olduqca çox mənbəyi olduğunu bilir. Aparılan tədqiqatların böyük hissəsi onu göstərir ki, ailə üzvləri və yaxın dostlarla əhatə olunmuş insanlar özlərini həyatda daha xoşbəxt hiss edirlər. Yaxın rəfiqələri ilə bütün ürək sözlərini bölüşən qadınlarda da stress səviyyəsinin daha aşağı olduğu deyilir.

Müsahibələr zamanı həmsöhbətlərimdən adətən xoşbəxt olub-olmadıqlarını soruşuram. Aldığım cavablar arasında demək olar bütün hallarda ailə ilə yanaşı, xoşbəxtliyin əsas mənbəyi olaraq iş və məşğuliyyət göstərilir. Həyatda məqsədi, nəyə isə güclü inamı olan insanların çoxu özlərini daha xoşbəxt hiss edir.  Psixoloqların fikrincə, qarşıya məqsəd qoymaqla biz qabiliyyətlərimizi inkişaf etdiririk, daha doğrusu, müvəffəqiyyətə gedən yolda bütün mərhələləri təhlil etməyə başlayır və maneələri aradan qaldırmağa çalışırıq.

Son tədqiqatlar bir maraqlı cəhəti də aşkar edib: xoşbəxtlik və maddi imkanlar arasında çox az bağlılıq var. Tədqiqatlara əsasən, insanın maddi baxımdan özünü xoşbəxt hiss etməsi üçün ona müəyyən səviyyədə maliyyə lazım olur, bu səviyyədən yuxarı maliyyənin artması ilə xoşbəxtlik səviyyəsinin artdığı müşahidə edilmir.

Təbii ki bütün bu testlər və tədqiqatların sayı və nəticələrindən asılı olmayaraq hamı etiraf edir ki, xoşbəxtliyin açarı yoxdur.

Bəlkə də xoşbəxtliyin açarı bizim özümüzün əlindədir. Bir anlığa  bu açarın əlində olduğunu fikirləşən insan özünü xoşbəxt hiss edəcəkmi?

Bir neçə il bundan əvvəl CNN tele-kanalında məşhur talk show aparıcısı Larri Kinqin müğənni və aktrisa Layzi Minelli ilə söhbətini dinləyirdim. Ona verilən suallardan biri həyatda xoşbəxt olub-olmaması ilə bağlı idi.  Larri Kinqin “siz həmişə xoşbəxt görünürsünüz, bu, doğrudan da belədirmi?” sualının cavabında Minelli ona belə cavab vermişdi: “Bilirsiniz, mən xoşbəxt olmağı özümə bir seçim kimi qəbul etmişəm.  Bu, mənim seçimimdir.  Xoşbəxt olmaq mənim seçimimdir.”

Hollivudun əfsanəvi aktrisası və ən dəbli ulduzlarından biri olan Odri Hepbern demişdi: “Xoşbəxt qızlar həm də ən gözəl qızlardır.” Həqiqətən də, xoşbəxt görünən insanlarda bir cazibə qüvvəsi var və onlar başqalarını özünə cəlb edə bilir.