Xoşbəxtliyin sirri varmı?

Posted June 5th, 2014 at 5:41 pm (UTC+0)
Leave a comment

women-world

Dilşad Əliyarlı

Xoşbəxtlik sizi gözəlləşdirir.  Xoşbəxt insanlar gözəl insanlardır. Onlar sanki güzgüdür və xoşbəxtliyi əks etdirirlər.-Drü Berrimor, Amerika aktrisası.

Xoşbəxtlik hissini yaşayan insanlar onun müxtəlif və olduqca çox mənbəyi olduğunu bilir. Aparılan tədqiqatların böyük hissəsi onu göstərir ki, ailə üzvləri və yaxın dostlarla əhatə olunmuş insanlar özlərini həyatda daha xoşbəxt hiss edirlər. Yaxın rəfiqələri ilə bütün ürək sözlərini bölüşən qadınlarda da stress səviyyəsinin daha aşağı olduğu deyilir.

Müsahibələr zamanı həmsöhbətlərimdən adətən xoşbəxt olub-olmadıqlarını soruşuram. Aldığım cavablar arasında demək olar bütün hallarda ailə ilə yanaşı, xoşbəxtliyin əsas mənbəyi olaraq iş və məşğuliyyət göstərilir. Həyatda məqsədi, nəyə isə güclü inamı olan insanların çoxu özlərini daha xoşbəxt hiss edir.  Psixoloqların fikrincə, qarşıya məqsəd qoymaqla biz qabiliyyətlərimizi inkişaf etdiririk, daha doğrusu, müvəffəqiyyətə gedən yolda bütün mərhələləri təhlil etməyə başlayır və maneələri aradan qaldırmağa çalışırıq.

Son tədqiqatlar bir maraqlı cəhəti də aşkar edib: xoşbəxtlik və maddi imkanlar arasında çox az bağlılıq var. Tədqiqatlara əsasən, insanın maddi baxımdan özünü xoşbəxt hiss etməsi üçün ona müəyyən səviyyədə maliyyə lazım olur, bu səviyyədən yuxarı maliyyənin artması ilə xoşbəxtlik səviyyəsinin artdığı müşahidə edilmir.

Təbii ki bütün bu testlər və tədqiqatların sayı və nəticələrindən asılı olmayaraq hamı etiraf edir ki, xoşbəxtliyin açarı yoxdur.

Bəlkə də xoşbəxtliyin açarı bizim özümüzün əlindədir. Bir anlığa  bu açarın əlində olduğunu fikirləşən insan özünü xoşbəxt hiss edəcəkmi?

Bir neçə il bundan əvvəl CNN tele-kanalında məşhur talk show aparıcısı Larri Kinqin müğənni və aktrisa Layzi Minelli ilə söhbətini dinləyirdim. Ona verilən suallardan biri həyatda xoşbəxt olub-olmaması ilə bağlı idi.  Larri Kinqin “siz həmişə xoşbəxt görünürsünüz, bu, doğrudan da belədirmi?” sualının cavabında Minelli ona belə cavab vermişdi: “Bilirsiniz, mən xoşbəxt olmağı özümə bir seçim kimi qəbul etmişəm.  Bu, mənim seçimimdir.  Xoşbəxt olmaq mənim seçimimdir.”

Hollivudun əfsanəvi aktrisası və ən dəbli ulduzlarından biri olan Odri Hepbern demişdi: “Xoşbəxt qızlar həm də ən gözəl qızlardır.” Həqiqətən də, xoşbəxt görünən insanlarda bir cazibə qüvvəsi var və onlar başqalarını özünə cəlb edə bilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

June 2014
M T W T F S S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30