Qadın Dünyası

Əfqanıstan qadınları – müasir tarix fotolarda

Kabul-Women-1972

Dilşad Əliyarlı

Tvitterdə paylaşılan bu foto-şəkildə 1972-ci ildə Kabil küçələrində gənc əfqan qadınlar göstərilir. 1970-ci illərə qədər neytral ölkə olan Əfqanıstan Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı tərəfindən maliyyə yardımı alırdı. Ölkədə qadın hüquqları sahəsində islahatlar həyata keçirilmişdi.

1979-cu ildə Sovet İttifaqının müdaxiləsi, on il sürən vətəndaş müharibəsi, esktremist Taliban qüvvələrinin hakimiyyətə gəlməsi qadınların ictimai həyatda roluna böyük təsir göstərdi. Taliban hakimiyyəti dövrü qadınların vəziyyəti əsaslı şəkildə dəyişdi, tətbiq edilmiş İslam qanunlarına əsasən qadınların hicab (Əfqanıstanda bürqə) geyməsi tələb edildi və qadınların təhsil almasına qadağa qoyuldu.

A young Afghan woman shows her face in public for the first time after 5 years of Taliban Sharia law..

2001-ci ildə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Talibanı hakimiyyətdən devirməsindən sonra Əfqanıstanın yeni hökuməti qadın hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması məqsədilə islahatlar aparmağa başladı.

 

Afghan-Women-Vote

Əfqanıstan qanunlarına görə, partlamentdə yerlərin 20 faizini qadınlar tutmalıdır. Hazırda Əfqanıstan partlamentində 249 yerdən 69-nu qadınlar tutur.

Afghan-Police-WomenƏfqan qadınlar ölkənin ictimai-siyasi və mədəni həyatında daha çox rol oynamağa çalışıraq, Əfqanıstanda gənc qız və qadınlar üçün daha böyük imkanların açılmasını arzulayır.


Türkiyə seçkiləri: siyasət və qadın hüquqları

 Dilşad Əliyarlı

Türkiyədə seçkiqabağı kampaniyada Qəzza əsas mövzuya çevrilsə də, qadın hüquqları və qadınlara qarşı zorakılıq kimi problemlər keçən il Gezi etirazlarından sonra ölkədə getdikcə dərinləşməkdə olan siyasi və mədəni qütbləşmənin mərkəzində qalmağa davam edir.

Baş nazir Rəcəp Tayyib Ərdoğan keçən həftə sonu Qara dəniz sahilindəki Ordu şəhərində seçicilərlə görüşdə İsrailə qarşı kəskin tənqidlə çıxış etməklə yanaşı, Türkiyədə qadın insan hüquqları fəallarının ünvanına da tənqidi ifadələr işlədib. Baş nazir israilli qanunvericinin açıqlamalarına reaksiya göstərmədikləri üçün “Onlar nə üçün susurlar? Çünki onlar da eyni zehniyyətə malikdir. Onlar analığa qarşı çıxırlar” dedikdən sonra, “lakin bizə görə analıq qadın üçün ən yüksək mövqedir”- deyə əlavə edib.

Women wave posters as they march in protest against domestic abuse, in IstanbulQadın hüquq müdafiəçiləri isə diqqəti ölkə daxilində mövcud problemlərə yönəldiblər. Baş nazirin seçki kampaniyası tədbirindən bir gün sonra onlar İstanbulda qadınlara qarşı məişət zəminində zorakılıqlara qarşı aksiya keçirərək, hökuməti bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün səyləri artırmağa çağırıb. Lakin hüquq müdafiəçiləri Baş nazir Ərdoğanın yaratdığı mühafizəkar və avtoritar siyasi sistemdə qadın hüquqları sahəsində vəziyyətin yaxşılaşmasına böyük ümidlər bəsləmir.

Hazırda prezidentliyə əsas namizəd hesab edilən Rəcəp Tayyib Ərdoğanın 11 illik hakimiyyəti dövründə yüksək iqtisadi inkişafa nail olmuş Türkiyədə qadın hüquqları sahəsində eyni inkişaf müşahidə edilmir. Beynəlxalq təşkilatlar və ölkənin özündə insan hüquqları müdafiəçiləri son dövrlərdə qadınlara qarşı zorakılıqların narahat doğuracaq bir səviyyəyə çatdığını bildirir. Dünya İqtisadi Forumunun Gender bərabərliyinə dair sonuncu illik hesabatında Türkiyə dünyanın 136 ölkəsi arasında 120-ci yerdə göstərilib.

Türkiyə prezidenti Abdulla Gül, xanımı Hayrunnisə Gül, Baş nazir Rəcəp Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Kubra Gülün toy mərasimində

Türkiyə prezidenti Abdulla Gül, xanımı Hayrunnisə Gül, Baş nazir Rəcəp Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Kubra Gülün toy mərasimində

Türkiyə uzun illərdir Avropa İttifaqına üzv olmağı arzu edir, lakin bunun üçün rəsmi Ankara qarşısında vətəndaş hüquqları və mətbuat azadlığı sahələrində vəziyyətin yaxşılaşdırılması kimi şərtlər durur. Türkiyə hökuməri qadın hüquqları məsələsinin Qərb standartlarına yaxınlaşdırılması istiqamətdə addım  ataraq,  keçən ay parlamentə baxılmaq üçün qanun lahiyəsi təqdim edib.

Həm Qərb, həm ölkə mətbuatında qızların erkən yaşlarında ərə verilməsi, namus üstündə qətllər və məişət zəminində zorakılıq mövzularında məqalələrin müəllifi və Türkiyənin beynəlxalq miqyasda ən tanınmış qadın yazıçısı Elif Şəfəq ölkədə siyasi qarşıdurma və mədəni toqquşmaların getdikcə artdığını və qadınların bu çəkişmələrin mərkəzində olduğunu qeyd edir.

Elif Şəfəq “New York Times” qəzetində bu günlər dərc edilmiş “Qadın bədəni döyüş meydanı kimi” adlı məqaləsində yazıb: “Müxtəlif siyasi baxışlara malik kişilər qadınlara necə geyinməyi və necə yaşamağı öyrətməkdən çəkinmirlər. Baş nazir Rəcəp Tayyib Ərdoğan çıxışlarında hər bir türk qadınının azı üç uşaq olmasına çağırır və hökumət gəncləri daha tez evlənməyə təşviq etmək üçün faizsiz kredit ayırır. Lakin universitetdə oxyub ərə getmiş və uşağı olmuş qadın tələbələr təhsili bitirdikdən sonra çox güman işləməyəcəklər.  Eyni zamanda, qız uşaqlarının ərə verilməsi və qadınlara qarşı zorakılıqların azaldılması kimi həyəcan doğuracaq bir səviyyədə olan bu sahələrdə çox az inkişaf müşahidə edilir. Türkiyə qadınları davamlı olaraq deyir ki, onların dəyəri ana və həyat yoldaşı olmaqla ölçülür.”

Türkiyədə qadınların ictimai yerlərdə baş örtüyü ilə görünməsinə 1920-ci illərdə Atatürk dövründə tətbiq edilmiş qadağaya görə icazə verilmirdi. Baş nazir Ərdoğanın təmsil etdiyi Ədalət və İnkişaf partiyası tərəfindən qadağanın ləğv edilməsi türk qadınlarının təkcə universitetlər və ofislərdə deyil, parlamentdə də baş örtüyü ilə görünməsinə imkan verir. Həm Baş nazir Ərdoğan, həm prezident Abdulla Gülün xanımları baş örtüyü taxır.

Elif Şəfəq yazır ki, indi baş örtüyü geyməyən qadınlar özlərini sosial təzyiq altında hiss edir. O bunun əsas səbəbini cəmiyyətdə qütbləşmənin dərinləşməsi, müxtəlif dünya görüşünə malik fərqli insanların birgə yaşayış ənənəsinin getdikcə dağılmasında görür. Onun fikrincə, sosial qeyri-bərabərsizlik və dözümsüzlüyün mövcud olduğu şəraitdə qadınlar kişilərdən daha çox təzyiqə məruz qalır.

Turkey-Women-PictureElif Şəfəq məqalədə bu yaxınlarda İstanbul küçələrində ədəbsizlik kimi qəbul edildiyi üçün qadın modellərin reklam fotolarının üstünün qaralanması insidentini təsvir edib. Bunu senzuranın bir forması hesab etdiyini qeyd edən müəllif fotoların qaralanmasını qınadığını Tvitter səhifəsində yazdıqdan sonra müxtəlif sosial təbəqələrə malik qadınlar buna öz münasibətlərini bildirib və məsələ ətrafında qızğın debat başlayıb. Elif Şəfəq reklam bilbordlarının cəmiyyətdə qalmaqal yaratmasının Türkiyədə ilk dəfə baş vermədiyini qeyd edib. O, 2007-ci ildə çimərlik kostyumlarını reklam edən şirkətlərə iqtidarda olan Ədalət və İnkişaf partiyasının başçılıq etdiyi bələdiyyələrdə üzərində qadın bədəni göstərilən bilbordların yerləşdirilmək icazə verilmədiyini xatırladır.

Bu ayın əvvəli “Aşqı-Memnu” və “Fatmagülün suçu nə?” filmlərində baş rolları ifa edən tanınmış türk aktrisası Beren Saat öz reklam şəklinin üzərinin boyanmasına kəskin reaksiya göstərərək, Facebook səhifəsində “Uşaqlıqdakı ölkəmi nə qədər özləmişəm” yazıb.

Aktrisanın reklam edildiyi fotonun üzərində “əxlaq və mənəviyyat təxribatına yox” sözləri yazılan vərəqələr yapışdırılıb. 30 yaşlı Beren Saatın özlədiyi Türkiyə 1993-cü ildə ilk dəfə olaraq qadının baş nazir seçildiyi ölkədir. Tansu Çiller 1996-cı ilə qədər hakimiyyətdə qalmış və Türkiyənin ilk, həm də sonuncu qadın baş naziri olmuşdur.

Beren-Saat-AdZorlanmış gənc qadının günahkarların ədalət məhkəməsinə çıxarılmasına nail olmasından bəhs edən “Fatmagülün suçu nədir?” filminin final səhnəsi Fatmagül (Beren Saat) və onu müdafiə edən yüzlərlə qadının “təcavüzə yox” şüarını səsləndirməsi ilə bitir. Aktrisanın çəkildiyi və dünyanın bir çox dillərinə tərcümə edilib müxtəlif xarici ölkələrdə nümayiş etdirilən türk tele serilları milyonlarla tamaşaçı tərəfindən sevilir. Ekspertlər bu filmlərə böyük marağı Qərb və Şərq mədəniyyətlərini özündə birləşdirən bir cəmiyyət və müasir münasibətlərin ekranda göstərilməsilə ilə izah edir.

İnternetdə dərc edliən Al-Monitor jurnalının Türkiyə üzrə yazarı Semih İdiz məqalələrinin birində ərəb ölkələrində türk seriallarının populyarlığını təhlil edib. Semih İdizin yazdığına görə, bunun başlıca səbəblərindən biri məhdudiyyətlərin mövcud olduğu cəmiyyətlərdə yaşayan insanların qadın və kişilər arasında bərabərliyə əsaslanan müasir münasibətləri ekranda müşahidə edə bilməsidir. O yazıb ki, türk kişilərin qadınlarla rəftar tərzinin nümunəvi olmaması və Türkiyədə qadınlara qarşı məişət zəminində zorakılıq hallarının yüksək səviyyəsi qalması faktları belə Türkiyə filmlərinin müasir həyat haqda yaratdığı ideal təsəvvürə mane ola bilməyib:“Yaxın Şərqdə insanlar baxıb deyirlər ki, müasir və mədəniyyəti bizə yad olmayan, eyni din və tarixi bölüşdüyümüz Türkiyədən ilham ala biləcəyimiz yerdə biz nəyə görə yabançı və ərəblərə yad olan Qərb mədəniyyətinə baxmalıyıq?”

Aski-Memnu-PictureO, Fələstin ərazilərindən tutmuş Səudiyyə Ərəbistanına qədər ərəb qadınlarının türk seriallarında gördükləri qadın-kişi münasibətlərilə yanaşı, müasir türk qadınlarının həyat və geyim tərzinə rəğbətlə yanaşdığını qeyd edib.

Semih İdizin yazdığına görə, 2011-ci ildə Yaxın Şərq və Şimali Afrikada Ərəb baharı adı ilə tanınan inqilabların başladığı zaman bir sıra ölkələrdə Türkiyə modeli ilə bağlı fikirlər söylənsə də, bu siyasi modelin ölkələrin çoxunda tətbiq edilməsinin mümkün olmadığı aydın oldu. Lakin o, yazıb ki, bir sıra şərq ölkələrində Türkiyənin sosial modelinə marağın artması müşahidə edilir.

Mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşən, ənənələr və müasirliyi özündə birləşdirə bilən Türkiyə tarixi prezident seçkisi ərəfəsindədir. Müşahidəçilər Baş nazir Ərdoğanın seçkidə qələbə çalacağını gözləyir və növbəti beş ildə onun öz nüfuzunu daha genişləndirəcəyini ehtimal edir. Qadın hüquqları müdafiəçiləri getdikcə avtoritar idarə sistemi tətbiq edən baş nazirin prezident seçildyi təqdirdə cəmiyyətdə siyasi qütbləşmənin daha da artacağından, bunun isə qadınların sosial həyatda qarşılaşdığı problemlərin həllini daha da çətinləşdirəcəyindən ehtiyat edir.

Malala Yusifzai: Bir kitab və bir qələmlə dünyanı dəyişdirmək istəyən qız

Dilşad Əliyarlı

“Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə edək.”-Malala Yusifzai

Netherlands Malala Honored

Qızların təhsil hüquqlarını müdafiə edən əslən pakistanlı fəal Malala Yusifzai məktəbdən qaçırılmış nigeriyalı qızlara dəstək məqsədilə ad günündə Nigeriyaya səfər edib. Malala Yusifzainin ad günü BMT tərəfindən beynəlxalq Malala günü elan edilib. Hər il bu gün dünya ölkələrində təhsil qarşısında maneələrlə qarşılaşan uşaqlara dəstək bildirilir.

Bir il bundan əvvəl Pakistanda talibançılar Malalanı susdurmaq üçün onu məktəbdən çıxan zaman başından güllə ilə vurmuşdu. Qızcığaz ölümcül xəstəxanaya çatdırılıb xilas edilmişdi.

Britaniyada Birminqem şəhərinin xəstəxanasında bir neçə ay əməliyyat və uzunmüddətli müalicədən sonra Malalanın üzü bərpa edilsə də, o heç vaxt əvvəlki kimi gülümsəyə bilmir. Amma dəyişən təkcə Malalanın təbəssümü deyil. Bu hadisədən sonra onun həyatı bütünlüklə dəyişib. Hazırda təhsilini Birminqem şəhərinində orta məktəbində davam etdirən Malala Yusifzai qızlar və qadınların təhsil hüquqları uğrunda mübarizənin beynəlxalq simvoluna çevrilib.

Pakistanlı gənc fəal Harvard universitetinin təsis etdiyi ilin humanisti yüksək mükafatına layiq görülüb, Time jurnalının ilin 100 ən nüfuzlu adamları siyahısına salınıb, Nobel Sülh mükafatına namizəd göstərilib. Rusiyada Çeçenistan müharibəsini işıqlandıran Kremlə müxalif jurnalist Anna Politkovskaya adına mükafat da 2013-cü ildə Malala Yusifzaiyə verilib.

Keçən il onun Pakistan məktəblərində qadağan edilmiş “Mən Malalayam” adlı kitabı işıq üzü görüb. Malanın həyatından bəhs edən kitab beynəlxalq səviyyədə bestsellerə çevrilib.

Malala Yusifzai 1997-cı ildə Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Svat vadisində anadan olub. Pakistanın İsveçrəsi adlandırılan və bir zamanlar turistlərin məkanı olan bu mənzərəli dağlıq ərazi 2007-ci ildə Taliban qrupunun nəzarətinə keçəndən sonra qadın və qızların təhsilinə məhdudiyyətlər qoyulmuşdu. Taliban qızların məktəbə getməməsi üçün xəbərdarlıq vermişdi. Malalanın atasının təsis etdiyi və onun təhsil aldığı məktəb bu illər bağlı qalmış, ailə Svatdan köçməli olmuşdu.

2009-cu ildə Pakistan ordusunun Talibanı ərazidən çıxarıb öz nəzarətini bərpa etməsinə baxmayaraq, qrupun qalıqları bölgədə ayrı-ayrı hücumlar keçirməyə cəhd göstərməyə davam edirdi. Bu hücumların əsas məqsədi qızları və qadınları təhsildən çəkindirmək, onlarda qorxu hissi yaratmaqdan ibarət idi.

Malala-Book

Malala Yusifzai məktəbdə bu qorxu atmosferini BBC şirkətinin veb səhifəsində anonim yazdığı bloqda günbəgün təsvir etməyə başlamışdı. O vaxt cəmi 11 yaşı olan qızın cəsarətli addımı onu Talibanın başlıca hədəfinə çevirmişdi. Malala ABŞ-ın Pakistan üzrə xüsusi nümayəndəsi mərhum səfir Riçard Holbrukla görüşdə qızların təhsilinə yardım etməsini xahiş etmişdi. 2012-ci il oktyabrın 9-da məktəbin qarşısında Malalanı gözləyən talibançı onu başından güllə ilə vüurub yaralamışdı. Pakistanlı gənc fəal bir neçə əməliyyat keçirib və aylarla müalicə olunub.

Bu gün beynəlxalq miqyasda ən tanınmış gənc fəallardan biri olan Malala Yusifzai təhsil almaq kimi universal hüquq uğrunda mübarizəsindən bir addım geri çəkilməmək əzmindədir. 16 yaşı tamam olan gün Nyu-Yorkda BMT-nin Gənclər Assambleyasında Baş katib Ban Ki Mun və dünya liderləri qarşısında çıxışında Malala “Gəlin savadsızlıq, yoxsulluq və terrorizmə qarşı şərəfli mübarizəyə başlayaq, kitab və qələmlərimizi götürək, onlar bizim ən güclü silahımızdır” deyib.

Malalanın vətəni Pakistanda qızların təhsil hüquqlarının müdafiəsinə qalxmasına qlobal səviyyədə diqqət göstərilməsinə ciddi əsaslar var. Pakistan qadınların iqtisadi sektorda təmsil olunmasına görə dünyanın 135 ölkəsi arasında 134-cü yeri tutur. Qızların və ümumiyyətlə uşaqların təhsilinə gəldikdə isə, Save the Children təşkilatının hesabatına görə 2012-ci ildə təhsil hüquqları ilə əlaqədar ölkədə 3 min 600 hücum baş verib.

Malala-ObamaMalala Yusifzai bütün bunlara görə həyatını uşaqlar, qızlar və qadınların təhsil hüquqları məsələsinə həsr edəcəyini deyib. Bu işi görmək üçün o artıq “Malala Fondu”nu yaradıb.  Keçən il ABŞ-a səfər zamanı Amerika ictimaiyyəti gənc pakistanlı fəalın təşəbbüslərinə geniş dəstək göstərib. Malala Yusifzai Amerikanın demək olar bütün nüfuzlu tele şirkətləri üçün müsahibələr verib. ABŞ prezidenti Barak Obama, birinci xanım Mişel Obama və onların böyük qızı Maliya Malalanı Ağ Evə dəvət ediblər. Amerikaya səfərdən Britaniyaya qayıtdıqdan sonra isə o, Bukingem sarayında kraliça İkinci Yelizavetanın qəbulunda olub və öz kitabını ona şəxsən təqdim etmək imkanı qazanıb.

Pakistanın özündə Malalanın səylərinə dəstək kimi sahibkar və pop ulduz Harun Rəşidin “Çadralı qisasçı” cizgi filmini göstərmək olar. Cizgi filminin baş qəhrəmanı olan məktəbli qızların müdafiəçisi günörtalar məktəbdə müəllim, axşamlar isə filmdə təsvir edilən mənfi xarakterlərə qarşı qara çadra geyinib mübarizəyə çıxan Ciya Pakistanda qızların təhsili də daxil olmaqla, bir sıra sosial məsələlərə diqqət yönəldir. Filmin qəhrəmanının “hamı üçün ədalət, sülh və təhsil” haqda mesajı Malalanın vətəni Pakistanda qızların bərabər təhsil hüquqlarının təmin olunması haqda mesajı ilə üst-üstə düşür.

Malala Yousafzai gives a copy of her book to Britain's Queen Elizabeth during a Reception at Buckingham Palace in LondonLakin  Malalanın fəaliyyətlərinə tənqidi münasibət göstərənlər də var. Bəziləri onu ölkədəki problemləri xaricdə müzakirə etməkdə günahlandırır, digərləri isə hesab edir ki, Qərbdə onun fəaliyyətləri süni şəkildə şişirdilir. Malanın kitabının qadağan edilməsinin tərəfdarları onu “Qərbin təbliğat maşını” adlandırır. Onun Pakistana qayıtması da hələlik problemli görünür. Taliban onun həyatına qəsd etməklə hədələyir. Malala isə özü müsahibələrində Talibanla dialoqun lazım olduğunu deyir.

Norveçin Nobel Sülh mükafatı komitəsinin sədri Thorbyorn Yaqland Malalaya müraciətində deyib:”Sizin cəsarətiniz qadınlara öz hüquqları uğrunda mübarizəyə qalxmaq haqda güclü bir mesaj göndərir, bu isə sülhün şərtlərindən biridir.”

16 yaşlı Malala BMT-dəki çıxışında dünyanı sülh və tərəqqi içində görmək arzusunu belə ifadə edib: “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə edək.”

Malalanın bu sadə görünən arzusunu mürəkkəb və münaqişələrlə dolu dünyada gerçəkləşdirmək asan deyil, lakin o geri çəkilmir və taleyinə yazılmış missiyaya sadiq qalır.

 

Fəridə Buyuran, “Nar və zəfəran” və Amerikadan Azərbaycana kulinariya səyahəti

Feride-Buyuran

Dilşad Əliyarlı

Amerika Birləşmiş Ştatlarında Azərbaycan kulinariyası haqda ilk kitabın bu yaxınlarda nəşri gözlənilir. “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Kaliforniyada yaşayan azərbaycanlı blogger Fəridə Buyurandır. Oktyabr ayında işıq üzü görəcək kitab ABŞ-da böyük marağa səbəb olub və gözəl rəylər alıb.

“Azerbaijan International” jurnalının redaktoru Betti Bleyer kitaba rəydə yazıb: “Göz və zövqü oxşayan bir bayram sevinci. Müəllif sizi masaya dəvət edir və sonra sehrli xalçada sizi sevdiyi diyarı Azərbaycana aparır.”

Amerikada tanınmış kulinariya eksperti, dünya ölkələrinin mətbəx ənənələri haqda kitabların müəllifi olan Emi Riolo kitabın kulinariya ekspertlərinin kolleksiyasına gözəl töhfə olacağını yazıb: “Nar və zəfəran” Azərbaycan mətbəxi və mədəniyyəti ilə müfəssəl tanışlıq imkanı verir. Bu zəngin, lakin hələ az tanınan bir ölkənin mətbəx ənənələri, yeməklərin hazırlanması üsulları, bayram adətləri və xüsusiyyətlərini öyrənənlər üçün gözəl bələdçidir. Hər bir kulinarın kolleksiyasına gözəl bir əlavədir!”

Fəridə Buyuranın Azərbaycan kulinariyası haqda məqalələri və reseptləri onun təsis etdiyi www.azcookbook.com  veb səhifəsində yerləşdirilib.

“Göz və zövqü oxşayan bir bayram sevinci. Müəllif sizi masaya dəvət edir və sonra sehrli xalçada sizi sevdiyi diyarı Azərbaycana aparır.” –“Azerbaijan International” jurnalının redaktoru Betti Bleyer

Amerikanın Səsinə müsahibədə Fəridə Buyuran Azərbaycan kulinariyası haqda yeni kitabı, Amerikada Azərbaycan mətbəxinin tanıdılması və milli mətbəx ənənələrinin bu gün davam etdirilməsindən danışıb.

Dilşad Əliyarlı: Fəridə xanım, özünüz haqda bir qədər məlumat verməyinizi istərdik.

Fəridə Buyuran: Adım Fəridə Buyurandır. Amerikada 2002-ci ildən yaşayıram. Bakıda anadan olmuşam, xarici dillər universitetini orada bitirmişəm. Sonra təhsilimi Amerikada davam etdirmişəm. 2008-ci ildə Azərbaycan mətbəxinə dair interaktiv vebsayt yaratmışam. Eyni zamanda, Azərbaycan mətbəxinin tanıdılması üçün kulinariya kitabı üzərində işləmişəm. Kitab artıq hazırdır və sifarişə verilib.

D.Ə. Fəridə xanım, kitab yazmaq ideyası necə yarandı. Bu haqda da bir qədər geniş məlumat verə bilərdinizmi?

F.B.   Kitabın adı “Pommgranates and Saffron: A Culinary Journer to Azerbaijan, “Nar və Zəfəran: Azərbaycana kulinariya səyahəti”-dır. 2008-ci ildən kitab üçün reseptlər yığmağa başladım. Azərbaycanın müxtəlif bölgələrində reseptlərlə yanaşı onları müşayiət edən hekayələri də yığırdım. Bu reseptlərin hamısını bəzən dəfələrlə sınaqdan keçirdim, çünki kitabda hər şeyin dəqiq olmasını istəyirəm. Nəhayət kitab ilk sifariş üçün hazırdır. İlk tirajı böyük olmadığı üçün onu əvvəlcə ön sifarişə çıxardım. Kitab oktyabr ayında işıq üzü görəcək və alıcılara çatdırılacaq.

 

Pomegranates-And-Saffron-Book-Cover

D.Ə. Fəridə xanım, kitab üçün Azərbaycanın hansı bölgələrindən  reseptlər yığmısınız? Azərbaycanın hansı bölgələrinin mətbəx ənənələri daha zəngindir?

F.B. Ailəmiz tərəfdən Balakən-Zaqatala və Naxçıvan vasitəsilə  Azərbaycanın müxtəlif bölgələri ilə mən Bakıda yaşayanda da bağlı olmuşam. Ona görə o bölgələrin yeməkləri ilə yaxından tanışam.  Əlbəttə ki Bakıda yaşadığıma görə Abşeron bölgəsinin yeməkləri ilə də tanışam. Bu dəfə Bakıya gedəndə Balakən və Zaqatalaya gedən yolda bütün rayonlarda qaldıq. Bir az Şəkidə resept yığdım. Mənə elə gəlir ki, Azərbaycanın bütün bölgələrinin mətbəxi çox zəngindir. Sadəcə olaraq onları araşdırmaq lazımdır. Elə yeməklər var ki unudulubdur. Məsələn, mənim kitabımda bir yemək olacaq: Şabran dolması. Mən əvvəllər onun adını heç eşitməmişdim. Şabranlı bir xanım mənə resepti təqdim edəndə çox sevinmişdim. Bütün bölgələrin özünəməxsus yemək mədəniyyəti var və hamısı zəngindir və gözəldir.

D.Ə. Fəridə xanım, Azərbaycan mətbəxinə dair bloq yazmaq ideyası sizdə necə yarandı?. Amerikaya gələn azərbaycanlıların böyük hissəsi milli yeməkləri özləyir və çoxları Amerikada Azərbaycan restoranının açılmasını arzulayır. Bloqun yaranmasının əsas səbəbi nə ilə bağlı idi?

F.B. Yəqin ki elə eyni səbəbdən. İnsan xaricdə yaşayanda öz mətbəxi üçün darıxır və onun dəyərini daha çox başa düşməyə başlayır. Yəqin ki elə bu səbəbdən başladım. Əsas səbəblərdən biri də o idi ki, Azərbaycan mətbəxini xaricdə tanıdan və xaricdə yaşayan azərbaycanlılara kömək ola biləcək heç bir kitab və vebsayt görmədim. Ona görə də qərara gəldim ki, bu işlə özüm məşğul olum. Düzü, Bakıda mən yemək bişirməklə o qədər məşğul olmamışam. Evdə mən nadir halda yemək bişirirdim, amma bura köçəndən sonra mətbəxə marağım artdığına görə dedim ki, bu marağı başqa insanlarla da paylaşsam, çox gözəl olar, həm də mətbəximizi xaricdə tanıtmış olaram. Bu fikirlə başladım və bloq yaratdım, sonra da kitabı yazmağa başladım.

Feride-Pinterest

D.Ə. Bloqunuz həqiqətən də çox populyardır. Bloqda Amerikada yaşayan müxtəlif millətlərin nümayəndələrinin şərhlərinə rast gəlmək olar. Azərbaycan mətbəxinə Amerikada maraq nə dərəcədədir?

F.B.  Təəssüflə qeyd etməliyəm ki, Amerikada Azərbaycan mətbəxini çox tanımırlar. Mən mətbəximizi tanıtmağa çalışanda onlar Yaxın Şərq, İran və Türkiyə ilə yaxınlıq və oxşarlıq görürlər. Bu ölkələrin mətbəxi onlara daha tanışdır. Vebsyata gəldikdə isə Azərbaycan haqda heç bir məlumat olmadığı üçün çox sayda insan səhifəyə gəlir, ya təsadüfən, ya da hansısa başqa bir yolla veb səhifəmi tapırlar. Həm ölkə haqda məlumatları olur, həm də mətbəx haqda məlumat əldə edirlər. Şərhləri oxuduqca doğrudan da çox qürurlanıram. Çünki mətbəximizi çox bəyəndiklərini söyləyirlər, çox qeyri-adi görürlər mətbəximizi. Ona görə də çox sevinirəm ki, bloqum vasitəsilə az da olsa bu yolda töhfə verə bilirəm.

D.Ə Sizcə, Azərbaycan mətbəxinin hansı nümunələri amerikalıların zövqünə daha çox uyğundur? Hansı yeməkləri daha çox bəyənirlər?

F.B. Amerika mətbəxi bizim mərbəximizdən çox fərqli olduğu üçün mənim xaricilərə təqdim etdiyim ənənəvi yeməklər onlara çox maraqlı gəlir. Məsələn, toyuq ləvəngi onlara maraqlı görünür. Sonra plovlarımız, zəfəranlı, aş-qaralı plovlarımız, ümumiyyətlə bütün yeməklər onlarda çox maraq doğurur. Çünki bu yeməklər demək olar onların mətbəxlərində yoxdur. Sobada bişirilmiş toyuq kimi bənzər yeməklər ola bilər, amma onlar daha sadə yolla hazırlanır. Məncə, bütün yeməklərimiz onlar üçün fərqlidir. Məsələn paxlava və şəkərburanı xoşlayırlar, çünki burada yunan restoranları və dükanlarında satılan, ya da tanıdıqları türk paxlavası Azərbaycan paxlavasında fərqlidir. Şorqoğal da onların çox xoşuna gəlir. Fərq çoxdur, oxşarlıq azdır.

D.Ə Amerikalılar xarici mətbəx ənənələrinə hörmətlə yanaşırlar və bir çox ölkələrin milli yeməklərini qəbul edirlər. Amerikada Avropa, Asiya, Yaxın Şərq və bir sıra regionların milli mətbəxini təmsil edən minlərlə restoran var. Necə bilirsiniz, Amerikada Azərbaycan restoranları populyarqlıq qazana bilərmi? Yəqin ki yeməklər amerikalıların zövqünə uyğun olaraq hazırlamalıdır.

F.B. Bəli, hesab edirəm ki, populyar olar, xüsusilə də Kaliforniya ştatında. Mən başqa ştatlarda yaşamadığıma görə bilmirəm, amma Kaliforniya çox kosmopolit bir yerdir, xüsusilə də Los Anceles şəhəri. Burada mən əminəm ki, belə bir restoran açılsa, çox müvəffəqiyyətli olar. Bəli, amerikan zövqünə görə reseptlər bir az dəyişməlidir, bəlkə plovlarımız bir az daha yağsız olmalıdır. Məncə, dəyişikliklər gətirilsə, çox gözəl və məşhur bir restoran ola bilər. Türk restoranları da burada çox deyil. Ona görə həmişə deyirəm ki, türk restoranı da açılsa çox yaxşı olar.

 

Feride-Buyuran-Food

D.Ə Siz özünüz Azərbaycan mətbəxində ən çox hansı yeməkləri sevirsiniz?

F.B.  Bunu deməkdə çətinlik çəkirəm. Yarpaq dolmasını deyə bilərəm, onu çox xoşlayıram. Bütün yeməkləri xoşlayıram, amma o yəqin ki bir nömrəli olardı.

D.Ə. Bəz şirniyyatlar arasında?

F.B. Şirniyyatlar arasında paxlavanı sevirəm.

D.Ə. Fəridə xanım, müasir qadınların məşğulluğunu nəzərə alsaq, onların yemək bişirməyə vaxtı çox azdır. Xüsusilə də bizim vaxt aparan Azərbaycan yeməklərini hazırlamaq çətin olur. Amma digər tərəfdən, evdə hazırlanan yeməklər daha sağlamdır. Həm sağlam, həm ləzzətli, həm də o qədər vaxt aparmayan yeməklər üçün reseptiniz varmı? Sizin işləyən analar, ümumiyyətlə məşğul qadınlara məsləhətiniz nə olardı?

F.B.  Mən sağlıqlı yemək hazırlamağa çalışıram. Məsələn, plovun yağını az edirəm, dolma bişirəndə zeytun yağından istifadə edirəm. Azərbaycan mətbəxini bir az ağır, daha doğrusu yeməklərimizin yağlı olduğunu deyirlər. Amma əslində hər bir yeməyi yüngülləşdirmək olar. Xanımlara da bunu tövsiyə edirəm. Çünki həm sağlıqlıdır, həm də kökəlməyin qarşısını ala bilər. Müasir qadınlar əlbəttə çox məşğuldur. Mən əvvəllər qonaq çağıranda 20 cür yemək bişirirdim və sözün düzü günün sonuna qədər o qədər yorulurdum ki, heç oturub qonaqlarla söhbət edə bilmirdim. Sonradan başladım yeməklərin sayını azaltmağa, düzdür, yenə də süfrəmizdə yemək çox olur, amma məncə, müasir qadınlar bunu nəzərə alıb çox əldən düşməməlidir və gücləri çatana qədər yemək bişirməlidirlər.

D.Ə. Fəridə xanım, siz Azərbaycan mətbəxini Amerikada bloq vasitəsilə tanıtmağa başlamısınız. Sonra kitab yazmısınız və indi artıq onun çapdan çıxmasını gözləyirsiniz. Növbəti addım nə olacaq? Amerika kanallarının birində öz verilişinizlə çıxmağı planlaşdırırsınızmı?

F.B. Əslində, belə bir arzum var. Hal-hazırda o, plan səviyyəsinə gəlib çatmayıb. Amma burada televiziya kanallarının birində öz verilişim olmasını arzulayıram. Azərbaycanın və eləcə də yaşadığımız Qafqaz bölgəsinin, Türkiyənin mətbəxini tanıtmaq istərdim. Yəni o bölgənin və əlbəttə ki Azərbaycanın mətbəxini tanıtmağı çox istərdim. Hələlik bir arzu olaraq qalır. Bir jurnalın olmasını istəyərdim. Kitab çıxandan sonra digər planlara da keçəcəm.

D.Ə. Sizə bütün işlərinizdə uğurlar arzulayıram. Müsahibəyə təşəkkür edirəm.

F.B. Çox təşəkkür edirəm.