Şobuznesdə ailə münasibətləri

Posted September 4th, 2014 at 7:38 pm (UTC+0)
Leave a comment

Dilshad Əliyarlı

Angelina-Jolie

Hollivudun ən populyar cütlüyü hesab edilən Ancelina Joli (Angelina Jolie) və Bred Pitt (Brad Pitt) bu yaxınlarda nəhayət rəsmi şəkildə evlənərək kino dünyasının xoşbəxt ailələri sırasına qoşuldu. Avqustun 23-də Brancelinaların (mediada Ancelina Joli və Bred Pitin adlarının kombinasiyasından düzəldilmiş ləqəb-D.Ə.) Fransada Şato Miraval malikanəsində özəl toy mərasimində onların bütün altı usagı iştirak edib. Ancelinanın gəlinlik donunu da uşaqlar dekorasiya edərək onun üzərinə müxtəlif şəkillər çəkiblər. Bəzi şoubiz ekspertləri cütlüyün nəhayət evlənməsinin əsas səbəbləindən biri olaraq uşaqların uzun müddətdir toy mərasimində iştirak etmək arzusu ilə izah edib. Qalmaqallı boşanma proseslərinin şahidi olan Hollivudda Brancelinaların evliliyi əlbəttə ki tipik hal deyil.

Goldie-Hawn

Adətən çoxları şou-biznes aləmində kiminsə nişanlanması, ya da evlənməsi xəbərini eşidəndə bunun uzun sürməyəcək münasibət olduğunu düşünüb ciddi qəbul etmir. Lakin Hollivudda 10 il sürən nikah əbədi evlilik kimi qəbul edilsə də, müşahidələr göstərir ki, getdikcə ciddi münasibətlərə daha çox rast gəlmək mümkündür. Görünür, Hollivud ulduzları populyar “xoşbəxt sonluqlar”ı şəxsi həyata da gətirmək istəyir. Məsələn, kino-ulduz Qoldi Han (Goldie Hawn) və aktyor Kurt Rassel (Kurt Russell) heç vaxt rəsmi şəkildə ailə qurmasalar da, 1983-ci ildən bir yerdədirlər. Aktyor, prodüser və rejissor Tom Henks (Tom Hanks) də aktrisa Rita Vilsonla (Rita Wilson) 1988-ci ildən evlidir. Henks münasibətlərdə özünü xoşbəxt ər hesab etdiyini deyir.

 

İman və Deyvid Bovi

İman və Deyvid Bovi

 

Ekspertlər hazırda Amerikada boşanma hallarının 50 faizə yaxın olduğunu deyir. Buna görə də Hollivuddan kənarda 10 ildən artıq yaşayan ailələr sanki tarixi bir mərhələni keçmiş olur. Ekran və şou-biznes ulduzları arasında da bu mərhələni atlayan cütlüklər var. Supermodel İman və onun həyat yoldaşı, Britaniyanın rok-n-roll ulduzu Deyvid Bovi (David Bowie) 1992-ci ildən evlidirlər. İman müsahibələrinin birində etiraf edib ki, xörək hazırlamağı sevir və həyat yoldaşı üçün səhər yeməyini bəzən hətta yataq otağına aparır. Hollivudun daha bir ulduzu Meril Strip (Meryl Streep) nümunəvi ailəsi olan qadın hesab edilə bilər. Dörd uşaq anası, rekord sayda Oskar mükafatına nominasiya edilmiş və iki dəfə Amerika kino akademiyasının ən yüksək mükafatını almış aktrisa “mən ailəmi sevirəm” deyir.

 

Meril Strip ailəsi ilə

Meril Strip ailəsi ilə

 

Müşahidəçilərin sezdiyi daha bir tendensiya isə əyləncə biznesində gənc cütlərin evlənməyə meylli olması və nikahda qalması ilə bağlıdır. Dünyada yəqin ki ən məşhur cütlük olan Brancelinaların ailəsi tam mənada xoşbəxt ailəyə bənzəmirmi? Burada düzdür uşaqların Ancelina Joli və Bred Pittin Hollivud üçün o qədər də tipik olmayan xoşbəxt ailə imicini qoruyub saxlaya bilməsində rolu qeyd edilir. Deyilənlərə görə altı uşaqlı ailədə səs-küydən ağız deyəni qulaq eşitmir. Amma Ancelina Joli də, Bred Pitt də ailədə çox uşaq istədiklərini dəfələrlə vurğulayıblar. Hətta Bred Pittin cazibədar aktrisa Cennifer Anistondan (Jennifer Aniston) ayrılmasının bir səbəbi kimi məhz böyük ailə məsələsində onların fikirlərinin üst-üstə düşməməsi göstərilib.

Şou-biznesdə cütlərin ayrılmasının başlıca səbəblərini heç kim dəqiq göstərə bilmir. Bəzən bunu uzun-uzadı davam edən çəkilişlər və qeyri-müəyyən iş cədvəli ilə izah edirlər. Başqa tərəfdən, gözəl tərəf müqabillə romantik səhnələrin də rolu yəqin ki az deyil. Hollivudun ən eleqant qadınlarından biri olan Odri Hepbern (Audrey Hepbern) toy günü müəyyən edilib, gəlinlik donu hazır olandan sonra intensiv çəkilişlərə görə toyunu təxirə salmışdı. Sonradan o, eyni adamla deyil, əvvəlcə amerikalı aktyor Mel Ferrer, ondan boşandıqdan sonra isə italyan həkim Andrea Dottitlə ailə qurmuşdu. Görəsən, bunda “Roma tətilləri”nin rolu olubmu?

Qreys Kelli və şahzadə Reynier

Qreys Kelli və şahzadə Reynier

 

Böyük ekrandan Avropanın ən qədim monarxlarının qəsrinə köçmüş aktrisa Qreys Kelli (Grace Kelly) Monako şahzadəsi Reyniyerə ərə gedəndən sonra bir daha filmə çəkilməmişdi. Gözəllər gözəli Kelli onu dünyalar qədər sevən şahzadə Reyniyerə bir vəliəhd və iki şahzadə qız bəxş etmişdi. Aktrisa-monarxinya Kelli 1982-ci ildə avtomobil qəzasında dünyasını dəyişənə qədər xoşbəxt ailə həyatı sürmüşdü.

 

Culiya Roberts "Qaçmış gəlin" filmində

Culiya Roberts “Qaçmış gəlin” filmində

Böyük ekran, ya da böyük səhnə ulduzlarının ailə münasibətlərində qeyri-sabitliyin əsas səbəbini çox hallarda bu insanların populyarlığı və onların daim şaiyələrin mərkəzində olması ilə izah edirlər. Paparazzilərin əlindən yaxa qurtarmağa çalışan ulduzların sabit həyat sürə bilməsi asan deyil. Şou-biznes dünyasında özəl münasibətləri gözlərdən kənar saxlamaq çətindir, münasibətləri qoruyub-saxlamaq isə bundan da mürəkkəb bir işdir. Yəqin məhz buna görə bir tərəfdən hər şeyi bilmək istəyən mətbuatın həddindən artıq böyük marağı, başqa tərəfdən isə yaradıcı atmosferdə sağlam ailə qurmağın çətinliklərinə baxmayaraq, romantik münasibətləri qoruyub saxlaya bilən sənət adamları hamının rəğbəti və sevgisini qazanır.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

September 2014
M T W T F S S
« Aug   Oct »
1234567
891011121314
15161718192021
22232425262728
2930