Sofi Loren – Dörd dəfə 20 yaşında

Posted September 20th, 2014 at 7:29 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

Sofi Loren

İtaliya milli kinematoqrafının ikonası, dünya şöhrətli aktrisa Sofi Lorenin bu gün 80 yaşı tamam olur.  İtaliyanın Baş naziri Matteo Renzi Tvitter hesabında Sofi Lorenə təbrik mesajında yazıb:”Bu gün İtaliyanı çox sevən qadının xüsusi ad günüdür. Dörd dəfə iyirmi yaşında Sofi Lorenin ad günü mübarək!”

Aktrisanın yubileyi İtaliyada qeyd edilsə də, o özü dünyanın ən zəngin iş adamı, telekommunikasiya maqnatı Karlos Slimin dəfəti ilə Meksikada onun şərəfinə hazırlanmış sərginin açılışında iştirak edir.

Sərgi Sofi Lorenin məşhur tərəfmüqabili Marçello Mastroyanni ilə çəkildiyi ən populyar filmlərdən birinin adı kimi “Dünən, bu gün və sabah” adlanır. Filmin Sofi Lorenin sənət həyatında oynadığı rol yəqin ki onun yazdığı yeni kitaba da eyni adı qoyması ilə izah edilir. Dekabr ayında işıq üzü görəcək “Dünən, bu gün və sabah: Mənim nağıla bənzər həyatım” adlı memuar kitabında Sofi Loren Frenk Sinatra, Odri Hepbern, Riçard Barton kimi kino və ekran ustaları və təbii ki əvəzolunmaz tərəfmüqabili Marçello Mastroyanni ilə bağlı xatirələrini bölüşəcək. 300 səhifədən ibarət kitaba aktrisanın şəxsi və sənət həyatında ən gözəl anları əks etdirən foto-şəkillər, onun özünün yazdığı və ona yazılan məktublar, eləcə də bol-bol zarafatlar daxil edilib.

Sofi Loren

Sofi Loren kitabın əvvəlində iki oğlu və nəvələrinə Milad yeməyi hazırlamasını təsvir edir və bundan sonra öz otağında“sirlərlə dolu mücrü”nü açıb hekayəsini danışmağa başlayır.

Romada yoxsul ailədə anadan olmuş “nağıla bənzər həyat”ın qəhrəmanı Sofia Şikolene sonradan gələcək həyat yoldaşı Karlo Pontinin təkidi ilə adını dəyişib Loren edib. İtaliya kinematoqrafının bu “qızıl cütü” kino-filmlər və romanlardakı kimi böyük məhəbbət yaşayıb və aktrisanın kino və ailə həyatı beləliklə bir-birilə hər zaman bağlı olub. Sofi Lorendən 22 yaş böyük olan Karlo Ponti 2007-ci ildə dünyasını dəyişənə qədər onun ömür yoldaşı və meneceri olmuşdu.

Sofi Lorenə dünya kino-ekranında şöhrəti rejissot Vittoria de Sikanın “Çoçara” (Hollivuda film “İki qadın” adı ilə nümayiş etdirilib) filmində ifa etdiyi baş rola görə Oskar alması gətirmişdir. Aktrisa bundan sonra Hollivudda daha bir neçə filmdə çəkilib.

Yesterday, Today and Tomorrow

Aktrisanın həyatında ailəsi və övladları böyük rol oynayır. Ana obrazı “İki qadın” filmində onu karyerasının zirvəsinə gətirmiş və sonra həyatının müxtəlif dövrlərində onun yenidən ifasına qayıtdığı bir rol olmuşdu. Lakin əsl analıq, həyatda ana olmaq Sofi Lorenin dediyi kimi, onun ən çox məsuliyyət hiss etdiyi vəzifələrdən biridir.

Uzun müddət gözlənilən memuar kitabı imkanlardan məhrum olmuş şəraitdə böyüyüb dünya kinosunun zirvəsinə qalxa bilən güclü və gözəl qadın olan Sofi Lorenin həyat və yaradıcılığının ən parlaq səhifələri ilə tanış olmaq imkanı verəcək.

Sofi Loren istedadlı aktrisa və eyni zamanda həyat yoldaşı, ana və nənə olmağın sevincini yaşayan bir qadın kimi pərəstişkarları tərəfindən dünən, bu gün və sabah, hər zaman sevilib və seviləcək.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

September 2014
M T W T F S S
« Aug   Oct »
1234567
891011121314
15161718192021
22232425262728
2930