Qadın Dünyası

Qlobal gender bərabərliyi uzun illərdən sonra mümkün ola bilər

Dilşad Əliyarlı

Dünya İqtisadi Forumunun açıqladığı yeni illik hesabatda son 10 ildə dünyanın bir sıra ölkələrində qadınlar və kişilər arasında bərabərliyin təmin olunmasında müsbət inkişafların olduğu qeyd edilib. Lakin bununla belə, gender bərabərliyi indeksinə dair hesabatda göstərilir ki, qlobal səviyyədə qadınlar və kişilər arsında bərabərliyin təmin olunması üçün uzun illər lazım ola bilər. 2006-cı ildən başlayaraq hesabat hazırlayan mütəxəssislər buna belə görünür 81 ildən sonra, yəni 2095-ci ilə qədər nail olmağın mümkünlüyünü qeyd edib.

Dünya İqtisadi Forumunun gender bərabərliyi indeksinə dair hesabatında dünyanın 142 ölkəsində qadınlar və kişilər arasında dörd sahədə bərabərliyin təmin edilib-edilmədiyi müəyyənləşdirilir. Buraya maaşlar da daxil olmaqla iqtisadi iştirak və imkanlar, təhsil, siyasi hüquq və imkanlar, sağlamlıq və sağ qalma göstəriciləri daxildir. Hesabata əsasən, dünyanın heç bir ölkəsində bütün sahələrdə gender bərabərliyi tam təmin edilməyib. Lakin son illər bir sıra ölkələrdə daha çox qadının işləməyə başlaması və siyasi proseslərə cəlb olunması nəticəsində qadınlar və kişilər arasında gender bərabərsizliyinin azaldığı müşahidə edilir.

Dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında birinci beş yeri İslandiya, Finlandiya, Norveç, İsveç və Danimarka tutur.

Dünya İqtisadi Forumunun hesabatında gender bərabərliyi indeksinə görə Azərbaycan 142 ölkə arasında 94-cü yerdədir. Hesabatda deyilir ki, səhiyyə və sağ qalma kateqoriyasında Azərbaycan, Albaniya və Ermənistan  Avropa və Mərkəzi Asiya regionunda ən aşağı göstəricilərə malik üç ölkədir. Azərbaycan həm də səhiyyə və sağ qalma kateqoriyasında orta səviyyədən aşağı səviyyədə olan doqquz ölkədən biridir.

Keçmiş Sovet İttifaqı respublikaları arasında gender bərabərliyi indeksinin ən yüksək olduğu ölkə 15-ci yerdə gələn Latviyadır.

Gender bərabərliyi indeksinə görə Nikaraqua dünyanın 6-cı ən yaxşı ölkəsi kimi göstərilir. Hesabatda dünyanın ən yaxşı 10 ölkəsi arasında Ruandanın 7-ci yerə çıxması mütəxəssislər tərəfindən iş yerlərində demək olar bərabər sayda qadın və kişinin çalışması ilə izah edirlər. Filippin Asiya qitəsində gender bərabərliyinin ən yaxşı təmin edildiyi ölkə kimi 9-cu yerdədir.  10 ən yaxşı ölkə arasında 8-ci yerdə İrlandiya, 10-cu yerdə isə Belçika gəlir.

Amerika Birləşmiş Ştatları dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında deyil. ABŞ qadın və kişilərin maaşları arasında fərqin azalması və qadınların siyasi iştirakı və yüksək vəzifələrə təyin edilməsi göstəricilərinin yaxşılaşmasına görə keçən il 23-cü yerdən üç pillə yuxarı qalxaraq, bu il 20-ci yerə çıxıb. Gender bərabərliyi göstəricisinə görə dünyanın ən pis ölkəsi Yəməndir. Mütəxəssislər bunun səbəbini qadınlar arasında ölüm halları və 6-14 yaşlarında qızların böyük hissəsinin məktəbə getməməsi ilə izah edirlər.

Gender bərabərliyi indeksinə dair hesabatda deyilir ki, dünyanın bir sıra ölkələrində son illər daha çox qadının iş yerlərinə cəlb olunması, siyasi hüquqlar və imkanlar əldə etməsinə baxmayaraq, tədqiqat aparılan ölkələrin 30 faizindən çoxunda təhsil sahəsində qadınlar və kişilər arasında bərabərsizlik hələ də güclü olaraq qalır.

 

Amerikanın birinci xanımları və əfsanəvi dizayner Oskar de la Renta

Dilşad Əliyarlı

 

Jaklin Kennedi 1962-ci ildə Hindistana səfər zamanı Oskar de la Rentanın dizayn etdiyi sarı ipək donda

Jaklin Kennedi 1962-ci ildə Hindistana səfər zamanı Oskar de la Rentanın dizayn etdiyi sarı rəngli ipək donda

 

Əfsanəvi dizayner Oskar de la Renta yarım əsrdən artıqdır Caklin Kennedidən tutmuş Mişel Obamaya qədər Amerikanın birinci xanımları üçün geyimlər dizayn etmişdi. İstər Hillari Klinton və Lora Buşun inaqurasiya donları və ya Jaklin Kennedinin Hindistana səfəri zamanı geydiyi sarımtıl don olsun, istərsə də bu yaxınlarda Mişel Obamanın Ağ Ev moda təhsili konfransında geydiyi don, Oskar de la Rentanın yaratdığı hər bir geyim yüksək moda nümunəsi hesab edilir. Dizayner eyni zamanda,  Amerikanın birinci xanımlarının geyim tərzi və stilinin daha mükəmməl səviyyəyə çatmasına böyük töhvə verib.

 

ABŞ-ın keçmiş birinci xanımı Nensi Reyqan Oskar de la Rentanın dizayn etdiyi donda

ABŞ-ın keçmiş birinci xanımı Nensi Reyqan Oskar de la Rentanın dizayn etdiyi donda

 

Dominikan Respublikasında anadan olmuş Oskar de la Renta Amerikada moda sənətinin inkişafında müstəsna xidmətləri olan dizaynerdir. Nyu-Yorkun dünyanın moda paytaxtı olan Paris səviyyəsinə qalxaraq, moda sənayesinin başlıca mərkəzlərindən birinə çevrilməsində də Oskar de la Rentanın mühüm rolu olub.

Amerikanın birinci xanımları və ABŞ-ın tanınmış dövlət və ictimai xadimləri bu həftənin əvvəli dünyasını dəyişmiş əfsanəvi dizaynerin xatirəsini anıblar.

 

ABŞ-ın keçmiş birinci xanımı Lora Buş əfsanəvi dizayner Oskar de la Renta ilə

ABŞ-ın keçmiş birinci xanımı Lora Buş əfsanəvi dizayner Oskar de la Renta ilə

 

ABŞ-ın keçmiş birinci xanımı Lora Buş Facebook səhifəsində özü və keçmiş prezident Corc Buşun adından Oskar de la Rentanın vəfatı ilə əlaqədar mesaj yerləşdirib. “Corc və mən əziz dostumuz Oskar de la Rentanın vəfatından çox kədərlənirik. Oskarın mərhəməti və mehribanlığı, onun gözəl xasiyyəti və yüksək istedadı hər zaman yaddaşımızda olacaq”-deyə xanım Buş yazıb.

Buşlar ailəsinin dostu olan Oskar de la Renta onların qızı Cennanın toyunda gəlinlik donunu dizayn etmişdi. Lora Buş başsağlığı mesajında daha sonra yazıb:”Biz onu hər zaman qadınları gözəl göstərə və özlərini gözəl hiss etdirə bilən bir insan kimi xatırlacayıq.”

 

ABŞ-ın keçmiş birinci xanımı Lora Buş keçmiş prezidenti Corc Buşun inaqurasiyasından sonra ziyafətdə Oskar de la Rentanın dizayn etdiyi donda

ABŞ-ın keçmiş birinci xanımı Lora Buş keçmiş prezident Corc Buşun inaqurasiyasından sonra ziyafətdə Oskar de la Rentanın dizayn etdiyi donda

 

Klintonlar ailəsinin Oskar de la Rentanın vəfatı ilə əlaqədar başsağlığında dizaynerin müstəsna istedadı və yüksək zövqünün Amerikada moda sənayesinin yüksək inkişafına yol açdığı qeyd edilib. 1997-ci ildə Bill Klintonun ikinci müddətə prezident seçilməsindən sonra inaqurasiya ziyafətində Hillari Klintonun donunu Oskar de la Renta dizayn etmişdi. Xanım Klintonun şalvarlı kostyum stilinin müəllifi də əfsanəvi dizayner olub. Hillari Klinton bu il aprel ayında Nyu-Yorkda Karnegi konsert zalında moda sahəsində yüksək mükafatların təqdimatı mərasimində zarafat edərək deyib ki, dizayner 20 ildir ona moda ilə geyinməyi öyrədir.

 

ABŞ-ın keçmiş birinci xanımı Hillari Klinton keçmiş prezidenti Bill Klintonun inaquriyasından sonra ziyafətədə oskar de la Rentanın dizayn etdiyi donda

ABŞ-ın keçmiş birinci xanımı Hillari Klinton keçmiş prezident Bill Klintonun inaqurasiyasından sonra ziyafətdə Oskar de la Rentanın dizayn etdiyi donda

 

ABŞ-ın hazırkı birinci xanımı Mişel Obamanın isə zövq və stili modasevərlərin diqqətini çəksə də, Oskar de la Renta onun 2009-cu ildə Bukingem sarayında kraliça Yelizaveta ilə görüş zamanı mağazadan aldığı adi jaket geyməsini tənqid etmişdi. Oskar de la Renta “Bukingem sarayına sviterdə getməzlər” demişdi.

 

ABŞ-ın birinci xanımı Mişel Obama Ağ Evdə tədbirdə Oskar de la Rentanın dizayn etdiyi donda

ABŞ-ın birinci xanımı Mişel Obama Ağ Evdə tədbirdə Oskar de la Rentanın dizayn etdiyi donda

 

Mişel Obama nəhayət bu ay Ağ Evdə moda sahəsində təhsilə həsr edilmiş tədbirdə kutüryenin dizayn etdiyi don geymişdi. Əfsanəvi dizaynerin vəfatı ilə bağlı başsağlığı mesajında Mişel Obama Oskar de la Rentanı öncül dizayner adlandıraraq, onun modaya baxışlarının qadınların bir neçə nəslinin daha gözəl görünə bilməsinə yol açdığını bildirib.

 

2014 Medal of Excellence Gala

Həyatının 50 ildən çoxunu bu işə sərf etmiş Oskar de la Renta ABŞ-ın birinci xanımları üçün geyim dizayn etməyi özünə yüksək şərəf hesab edirdi.

 

Nəzrin Cavadzadə Türkiyənin “Altın Portakal” mükafatının qalibidir

Dilşad Əliyarlı

 

Aktrisa Nəzrin Cavadzadə

Antaliyada Türkiyə kinematoqrafçılarının ən mühüm tədbiri olan “Altın Portakal” kino-festivalında əslən azərbaycanlı aktrisa Nəzrin Cavadzadə ən yaxşı qadın rolunun ifaçısı kateqoriyasında yüksək mükafata layiq görülüb.

Altın Portakal mükafaının qalibi Nəzrin Cavadzade

Gənc aktrisa rejissor Kutluğ Atamanın ssenaristi və prodüseri olduğu “Quzu” filmində yaratdığı Mədinə obrazına görö Türkiyə kino sənətinin ən yüksək mükafatını alıb.

Nəzrin Cavadzadə

Nəzrin Cavadzadə 1982-ci ildə Bakıda anadan olub. 11 yaşında olarkən valiydenləri ilə birlikdə İstanbula köçən Nəzrin Cavadzadə o zamandan Türkiyədə yaşayır. Həkim ailəsində böyüməsinə baxmayaraq, o, uşaqlıqdan sənətə böyük həvəs göstərib. Nəzrin Cavadzadə İstanbulda Marmara universitetinin kino və televiziya fakültəsini bitirdikdən sonra Türkiyədə bir sıra kino və televiziya fimlərinə çəkilib.

 

Nesrin-Cavadzade

“Dilbərin səkkiz günü” kino-filmində ifasına görə o, Türkiyədə keçirilmiş müxtəlif kino-festivallarda ən yaxşı qadının rolunun ifaçısı kateqoriyasında ən yüksək mükafata layiq görülüb.

Aktrisa Nəzrin Cavadzadə

Aktrisanın “Acı” kino-filmi, “Gözəl günlər görəcəyik” və “Yanğın var” filmləri, eləcə də “Al yazmalım” tele serialında ifa etdiyi rollar tamaşaçı auditoriyasının və kino tənqidçilərinin böyük rəğbətini qazanıb.

 

Azərbaycan əsilli türk aktrisası Nəzrin Cavadzadə

 

Jaklin və Con Kennedinin toy günündən yeni fotolar

Dilşad Əliyarlı

Kennedilərin toy mərasimi

Senator Con F. Kennedi və Jaklin Li Buviyerin toy mərasimi

 

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin ölümündən 50 il, onun Jaklin Kennedi ilə evlənməsindən 60 ildən artıq vaxt keçməsinə baxmayaraq, onlar Amerikanın yenə də ən məşhur cütlərindən biri olaraq qalır.

 

Con və Jaklin Kennedinin toyundan yeni fotolar

 

Bostonda yerləşən RR Auction hərrac evinin onların toyunda çəkilmiş 13 foto-şəkli bu gün hərraca çıxarması yəqin Jaklin və Con Kennediyə marağın günümüzə qədər  qaldığını bir daha sübut edir.

 

KENNEDY

Auksion bu foto-şəkillərin orijinal olması ilə yanaşı, onların bəzilərinin ictimiayyətə indiyə məlum olmadığını bildirib. Fotolar RR Auction hərrac evinin açıqlamasına görə, toya dəvət olunmuş ikinci fotoqraf tərəfindən çəkilib və o, dünyasını dəyişdikdən sonra onun evində tapılıb.

 

Con və Jaklin Kennedinin toy günü

Con Kennedinin toy tortunu kəsən yerdən göstərildiyi nadir foto da daxil olmaqla hərracda şəkillər üçün təxminən 37 min dollar istənilir.

 

Con və Jaklin Kennedinin toy mərasimi

Nyu-Yorkda zəngin ailədə anadan olub ABŞ və Avropanın ən prestijli universitetlərində təhsil almış Jaklin Buviyer və senator Con Kennedinin toyu 1953-cü ildə sentyabrın 13-də Lonq Aylend ştatının Nyu-Port şəhərində olmuşdu.  Toya iki minə yaxın qonaq dəvət olunmuşdu. Con Kennedi o zaman ABŞ senatoru kimi birinci müddət vəzifədə idi və prezident seçkisinə bundan hələ yeddi il sonra qatılacaqdı.

 

Con və Jaklin Kennedinin toy mərasimiJaklin Kennedi Con Kennedinin 1961-ci ildə prezident seçilməsindən sonra onun 1963-cü ildə qətlinə qədər ABŞ-ın birinci xanımı olmuşdu.
Lakin ABŞ-da ictimiayyət tərəfindən böyük maraqla izlənilən birinci xanım titulunu qısa müddət daşımasına baxmayaraq, o, ABŞ-ın birinci xanımları arasında yüksək stili və universal mənada eleqant zövqə malik bir qadın kimi xüsusi yer tutur. Jaklin Kennedinin yüksək zövqü təkcə Amerikada deyil, elə bütün dünyada ona moda “ikonası” adını qazandırmışdı. O geydiyi hər bir don və ya kostyuma özünəməxsus bir cəhət gətirə bilirdi.

 Jaklin Kennedi gəlinlik donunda

Amerikalıların Ceki kimi çağırdıqları Jaklin Buviyer Kennedi hər zaman onların yaddaşında eleqant və yüksək dəbli bir qadın, ölkənin ən böyük siyasi klanı olan Kennedilər ailəsində böyük iz qoyub getmiş bir xanım kimi qalır.

 

Hollivudun ən yaraşıqlı aktyorunun ürəyini fəth etmiş Amal Alamuddin

Dilşad Əliyarlı

Amal Alamuddin və Corc Kluni

Livan mənşəli britaniyalı hüquqşünas Amal Alamuddin Holludun ən populyar subay ulduzu olan Corc Kluniyə ərə getməklə çoxları üçün qeyri-mümkün görünən bir iş görə bilib. Dünyanın ən yaraşıqlı kişisi kimi tanınan Corc Kluninin uzun illər subaylıq həyatından sonra yenidən evlənəcəyinə heç kəs inanmırdı.

Corc Kluni 1983-cü ildə aktrisa Talia Balsamla evlənib 1994-cü ildə ondan ayrılandan sonra bir daha heç vaxt evlənməyəcəyini demişdi. İyirmi illik subaylıq həyatı və restoranlarda ofisiant qadınlar, model və tele aparıcılarla qısa müddətli münasibətlərdən sonra çoxları Kluninin həqiqətən də bir zaman evlənəcəyinə inana bilmirdi. Aktyorun subay həyatı hətta Hollivudda zarafatların hədəfinə çevrilmişdi. Bu il Qızıl Qlobus  mükafatlarının təqdimatı mərasiminin aparıcısı Tina Fey Kluninin Sandra Bullokla birgə çəkildiyi “Qravitasiya” filmini təqdim edərkən zarafatla “Kluni özü yaşda qadınla bir dəqiqə bir yerdə qalmaqdansa, fəzaya uçmağa hazırdır” demişdi.

36 yaşlı Amal Alamuddinin Corc Kluninin ürəyini fəth etdiyinə şübhə edənlər çox az tapılar. Keçən həftə Venesiyada romantik toy mərasimi də sözün əsl mənasında “kino-filmdəki kimi” görünürdü. Hollivud filmlərində baş qəhrəman obrazı adətən Kluninin rolu olsa da, bu dəfə toy mərasimində baş rolda gəlinin özü idi.

Amal Alamuddin və Corc Kluni

Amal Alamuddin beynəlxalq hüquq, insan haqları və ekstradisiya məsələləri üzrə beynəlxalq səviyyədə tanınmış hüquqşünasdır. Hələ keçən il oktyabr ayında Corc Kluni ilə tanışlığa qədər o, beynəlxalq məhkəmə proseslərində tanınmış fiqurların vəkili qismində çıxış edib. Bunlar arasında ABŞ-ın məxfi sənədlərini beynəlxalq səviyyədə mediaya açıqlamış Wikileaks veb səhifəsinin təsisçisi Culian Assanj və Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu göstərmək olar. Bəzi müşahidəçilər onun professional təcrübəsinin BMT-nin sülh elçisi olan Corc Kluninin humanitar fəaliyyətlərindən heç də geri qalmadığını qeyd edir.

Amal Alamuddin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi, BMT-nin keçmiş baş katibi Kofi Annanın hüquqi məsələlər üzrə müşaviri olub. Bundan öncə isə o, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Tribunal, eləcə də Livan üzrə Xüsusi Tribunalda müşavir qismində çalışıb. O, Livanda beynəlxalq cinayət hüququ üzrə kitabın redaktorudur. Bu il avqust ayında Amal Alamuddin İsrail və Həmas arasında münaqişə zamanı Qəzzada müharibə qanunlarının pozulması ilə bağlı BMT-nin üç nəfərdən ibarət komissiyasına üzv seçilmişdi. Lakin sonradan o, komissiyanın işinə qatılmayaraq, açıqladığı bəyanatda “işğal olunmuş Qəzzada vəziyyət, xüsusilə də mülki əhali arasında tələfatlar məni dəhşətə gətirir, mən qəti şəkildə inanıram ki, müstəqil təhqiqat aparılmalı və yol verilmiş cinayətlərlə bağlı hesabatlılıq olmalıdır” demişdi.

Corc Kluni və Amal Alamuddin Venesiyada nikah mərasimindən sonra

Beyrutda anadan olan Amal Alamuddin ingilis, ərəb və fransız dillərini mükəmməl bilir. O, ali təhsilini və hüquq sahəsində magistr dərəcəsini Oksfordda və ABŞ-da Nyu-York universitetində alıb. Hazırda o, London universitetində beynəlxalq hüquqla bağlı mühazirələr deyir.

Bütün bunlarla yanaşı, Amal Alamuddin gözəl və yüksək zövqə malik qadın kimi tanınır. Venesiyada toy mərasimində tanınmış moda ustası Oskar de la Rentanın dizayn etdiyi romantik stildə gəlinlik donundan tutmuş, toydan sonra dostlarla səhər yeməyinə çıxarkən Ciambattista Vallinin 2014-cü il yaz kollşeksiyasından geydiyi dona qədər bütün geyimlər onun incə zövqə malik olduğunu göstərir.

Corc Kluni və Amal Alamuddin toy mərasimi üçün Venesiya gəldikləri gün

Hollivudun ən yaraşıqlı aktyorunun ürəyini fəth etmiş Amal Alamuddin çoxlarının fikrincə, çox özəl keyfiyyətlərə malikdir. Keçən il sentyabr ayında xeyriyyəçilik məqsədilə keçirilən gecədə ilk tanışlıq zamanı Corc Kluninin telefonunu götürməkdən imtina etdikdən sonra o, Amal Alamuddinə e-mail mesajında “dünyanın ən yaraşıqlı adının verildyi kişi ilə ən gözəl insan haqları vəkili görüşməlidir” yazmışdı.

Amal Alamuddin müvəffəq karyera qura bilən ağıllı və gözəl qadın obrazını özündə birləşdirir. Son günlər mətbuatda onun haqqında yazılarda onun misalında qadının eyni zamanda həm ağıllı, həm də gözəl ola bilməsinə dair şübhələrə son qoyulduğu qeyd edilir. Qadınlar üçün The Business Women səhifəsində isə Kluni və Alamuddinin toyu haqda xəbərə “Beynəlxalq səviyyədə tanınmış vəkil aktyorla evlənir” adlı başlıq verilib.

Aktyor və rejissor Corc Kluni Amal Alamuddinlə Florensiyada