Hollivudun ən yaraşıqlı aktyorunun ürəyini fəth etmiş Amal Alamuddin

Posted October 2nd, 2014 at 8:38 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

Amal Alamuddin və Corc Kluni

Livan mənşəli britaniyalı hüquqşünas Amal Alamuddin Holludun ən populyar subay ulduzu olan Corc Kluniyə ərə getməklə çoxları üçün qeyri-mümkün görünən bir iş görə bilib. Dünyanın ən yaraşıqlı kişisi kimi tanınan Corc Kluninin uzun illər subaylıq həyatından sonra yenidən evlənəcəyinə heç kəs inanmırdı.

Corc Kluni 1983-cü ildə aktrisa Talia Balsamla evlənib 1994-cü ildə ondan ayrılandan sonra bir daha heç vaxt evlənməyəcəyini demişdi. İyirmi illik subaylıq həyatı və restoranlarda ofisiant qadınlar, model və tele aparıcılarla qısa müddətli münasibətlərdən sonra çoxları Kluninin həqiqətən də bir zaman evlənəcəyinə inana bilmirdi. Aktyorun subay həyatı hətta Hollivudda zarafatların hədəfinə çevrilmişdi. Bu il Qızıl Qlobus  mükafatlarının təqdimatı mərasiminin aparıcısı Tina Fey Kluninin Sandra Bullokla birgə çəkildiyi “Qravitasiya” filmini təqdim edərkən zarafatla “Kluni özü yaşda qadınla bir dəqiqə bir yerdə qalmaqdansa, fəzaya uçmağa hazırdır” demişdi.

36 yaşlı Amal Alamuddinin Corc Kluninin ürəyini fəth etdiyinə şübhə edənlər çox az tapılar. Keçən həftə Venesiyada romantik toy mərasimi də sözün əsl mənasında “kino-filmdəki kimi” görünürdü. Hollivud filmlərində baş qəhrəman obrazı adətən Kluninin rolu olsa da, bu dəfə toy mərasimində baş rolda gəlinin özü idi.

Amal Alamuddin və Corc Kluni

Amal Alamuddin beynəlxalq hüquq, insan haqları və ekstradisiya məsələləri üzrə beynəlxalq səviyyədə tanınmış hüquqşünasdır. Hələ keçən il oktyabr ayında Corc Kluni ilə tanışlığa qədər o, beynəlxalq məhkəmə proseslərində tanınmış fiqurların vəkili qismində çıxış edib. Bunlar arasında ABŞ-ın məxfi sənədlərini beynəlxalq səviyyədə mediaya açıqlamış Wikileaks veb səhifəsinin təsisçisi Culian Assanj və Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu göstərmək olar. Bəzi müşahidəçilər onun professional təcrübəsinin BMT-nin sülh elçisi olan Corc Kluninin humanitar fəaliyyətlərindən heç də geri qalmadığını qeyd edir.

Amal Alamuddin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi, BMT-nin keçmiş baş katibi Kofi Annanın hüquqi məsələlər üzrə müşaviri olub. Bundan öncə isə o, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Tribunal, eləcə də Livan üzrə Xüsusi Tribunalda müşavir qismində çalışıb. O, Livanda beynəlxalq cinayət hüququ üzrə kitabın redaktorudur. Bu il avqust ayında Amal Alamuddin İsrail və Həmas arasında münaqişə zamanı Qəzzada müharibə qanunlarının pozulması ilə bağlı BMT-nin üç nəfərdən ibarət komissiyasına üzv seçilmişdi. Lakin sonradan o, komissiyanın işinə qatılmayaraq, açıqladığı bəyanatda “işğal olunmuş Qəzzada vəziyyət, xüsusilə də mülki əhali arasında tələfatlar məni dəhşətə gətirir, mən qəti şəkildə inanıram ki, müstəqil təhqiqat aparılmalı və yol verilmiş cinayətlərlə bağlı hesabatlılıq olmalıdır” demişdi.

Corc Kluni və Amal Alamuddin Venesiyada nikah mərasimindən sonra

Beyrutda anadan olan Amal Alamuddin ingilis, ərəb və fransız dillərini mükəmməl bilir. O, ali təhsilini və hüquq sahəsində magistr dərəcəsini Oksfordda və ABŞ-da Nyu-York universitetində alıb. Hazırda o, London universitetində beynəlxalq hüquqla bağlı mühazirələr deyir.

Bütün bunlarla yanaşı, Amal Alamuddin gözəl və yüksək zövqə malik qadın kimi tanınır. Venesiyada toy mərasimində tanınmış moda ustası Oskar de la Rentanın dizayn etdiyi romantik stildə gəlinlik donundan tutmuş, toydan sonra dostlarla səhər yeməyinə çıxarkən Ciambattista Vallinin 2014-cü il yaz kollşeksiyasından geydiyi dona qədər bütün geyimlər onun incə zövqə malik olduğunu göstərir.

Corc Kluni və Amal Alamuddin toy mərasimi üçün Venesiya gəldikləri gün

Hollivudun ən yaraşıqlı aktyorunun ürəyini fəth etmiş Amal Alamuddin çoxlarının fikrincə, çox özəl keyfiyyətlərə malikdir. Keçən il sentyabr ayında xeyriyyəçilik məqsədilə keçirilən gecədə ilk tanışlıq zamanı Corc Kluninin telefonunu götürməkdən imtina etdikdən sonra o, Amal Alamuddinə e-mail mesajında “dünyanın ən yaraşıqlı adının verildyi kişi ilə ən gözəl insan haqları vəkili görüşməlidir” yazmışdı.

Amal Alamuddin müvəffəq karyera qura bilən ağıllı və gözəl qadın obrazını özündə birləşdirir. Son günlər mətbuatda onun haqqında yazılarda onun misalında qadının eyni zamanda həm ağıllı, həm də gözəl ola bilməsinə dair şübhələrə son qoyulduğu qeyd edilir. Qadınlar üçün The Business Women səhifəsində isə Kluni və Alamuddinin toyu haqda xəbərə “Beynəlxalq səviyyədə tanınmış vəkil aktyorla evlənir” adlı başlıq verilib.

Aktyor və rejissor Corc Kluni Amal Alamuddinlə Florensiyada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031