Qadın Dünyası

Aunq San Su Çi – demokratiya uğrunda mübarizənin beynəlxalq simvolu

Dilşad Əliyarlı

 

Aunq San Su Çi

Aunq San Su Çi

 

Birma parlamenti konstitusiyaya veteran demokratiya müdafiəçisi Aunq San Su Çinin prezident seçilməsinə yol aça biləcək dəyişikliklərin edilməsinə imkan verməyib. Tanınmış demokratiya uğrunda mübariz, Nobel Sülh mükafatı laureatı Aunq San Su Çi 2015-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini ictimaiyyətə bəyan edib. Lakin Birmada hərbi xunta hökuməti dövrünün konstitusiyasına əsasən, həyat yoldaşı və övladları xarici vətəndaş olan şəxs ölkə başçısı seçilə bilməz. Aunq San Su Çinin mərhum həyat yoldaşı və onların iki oğlu Britaniya vətəndaşıdır.

Aunq San Su Çi

Aunq San Su Çi

Seçkiyə qatılsa Aunq San Su Çi və onun sədri olduğu Demokratiya naminə Milli Liqanın qələbə əldə edəcəyi gözlənilirdi. Sonuncu dəfə 1990-cı ildə keçirilmiş ümumi seçkilərdə hərbi hökumət Milli Liqanın qələbəsini tanımayıb, Aung San Su Çini ev dustaqlığına məhkum etmişdi. Dünyanın ən tanınmış siyasi məhbusu hesab edilən Aunq San Su Çi 21 illik həbs müddətinin 15 ilini ev dustağı olub və 2010-cu ildə Birmada dəyişikliklərə işarələrin yarandığı vaxt azad edilib.
69 yaşlı müxalifət lideri Birmada hərbi rejimə qarşı qeyri-zorakı yolla mübarizənin simvoluna çevrilib. Forbs jurnalı Aunq San Su Çini dünyanın ən nüfuzlu 100 qadını arasında göstərir.

Aunq San Su Çinin ailəsilə 1947-ci ildə çəkilmiş fotosu

Aunq San Su Çinin ailəsilə 1947-ci ildə çəkilmiş fotosu

Demokratiya uğrunda siyasi mübarizə 1945-ci ildə anadan olmuş Aunq San Su Çinin belə görünür taleyinə yazılıb. Onun atası Aunq San 1947-ci ildə müasir Birmanın əsasını qoymuş və elə həmin il rəqibləri tərəfindən qətlə yetirilmişdi. Aunq San Su Çi o zaman 8 yaşında idi. Onun anası Kyin Çi də yeni yaradılmış müstəqil Birmada nüfuzlu siyasi fiqurlardan biri olmuş, Hindistan və Nepalda səfir kimi vəzifəsində çalışmışdı. Anası ilə bu ölkələrdə olmuş gənc Aunq San Su Çi beynəlxalq məktəblərdə təhsil almış, ali təhsilini isə Oksford universitetində davam etdirmişdir. O, 1988-ci ildə xəstə anasına baş çəkmək üçün Birmaya qayıtdığı zaman ona Milli Demokratik Liqaya rəhbərlik etmək təklif edilmişdi. Birma demokratiya fəalının həyatında siyasi mübarizə, ayrılıqlar, məhdudiyyətlər dövrü bununla başlamışdı.
Həyat yoldaşı Makl Aris xərçəng xəstəliyinin son mərhələsində ölüm yatağında olarkən Birmanın hərbi hökuməti Aunq San Su Çinin  ölkəyə gəlməsinə imkan verməmiş, bunun yerinə görüşmək üçün onun özünün ölkədən çıxması təklifini vermişdi.  Lakin demokratiya fəalı bir daha ölkəyə buraxılmayacağından ehtiyat edərək Birmanı tərk etməkdən imtina etmişdi. Maykl Aris 1999-cu ildə bir daha Aunq San Su Çini görmədən gözlərini bu dünyaya yummuşdu.  Xanım Su Çi bu müddətdə övladları ilə görüşmək imkanından da məhrum edilmiş və ilk dəfə oğlu ilə dörd bundan əvvəl görüşə bilmişdi.

Aunq San Su Çinin 1951-ci ildə 6 yaşında çəkilmiş fotosu

Aunq San Su Çinin 1951-ci ildə 6 yaşında çəkilmiş fotosu

Lakin bu uzun siyasi mübarizə dövrü keçdiyi sınaqlar Aunq San Su Çinin əzmi və qətiyyətini sındırmadı. Ev dustağı olduğu müddətdə Aunq San Su Çi vaxtını mütaliə və meditasiya ilə keçirmiş, fransız və yapon dillərini öyrənmiş, emosional vəziyyətini pianoda klassik musiqi ifa etməklə müvazinətdə saxlaya bilmişdi.

Birma müxalifət lideri Aunq San Su Çi və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton

Birma müxalifət lideri Aunq San Su Çi və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton

Aunq San Su Çi 1991-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdü, lakin mükafatı almaq üçün onun Osloya getməsinə icazəsi verilməmişdi. Nobel laureatı məruzəsini etmək ona yalnız 2012-ci ildə iyunun 16-da nəsib olmuşdu. O, Nobel məruzəsində bu sözləri demişdi: “Ölkədə bir məhbusun olması da çoxdur”.

2012-ci ilin aprel ayında Aunq San Su Çinin rəhbərlik etdiyi Demokratiya uğrunda Milli Liqa parlament seçkilərində uğurlu qələbəsi Birmada siyasi islahatların qaçılmaz olduğuna dair mesaj kimi qəbul edildi.

Birma müxalifət lideri Aunq San Su Çi və Almaniya kansleri Angela Merkel

Birma müxalifət lideri Aunq San Su Çi və Almaniya kansleri Angela Merkel

Aunq San Su Çi illərdir siyasi məhbus kimi qapalı həyatından sonra dəyişkən və mürəkkəb bir dünyaya qovuşub. Bu, onun vətəni Birmanın 50 ilə yaxındır diktatura və avtoritar idarə-üsulundan sonra yenilik, islahatlar və demokratiya yolunda ilk kövrək addımları ilə üst-üstə düşür.

 

Saira Bleyr-Amerikanın ən gənc qanunvericisi

Dilşad Əliyarlı

Saira-Blair

Qərbi Virciniya universitetinin 18 yaşlı tələbəsi Saira Bleyr ABŞ-da ən gənc qanunvericidir. Gənc respublikaçı siyasətçi demokrat namizəd Leyn Diel üzərində qələbə çalaraq, Qərbi Virciniya ştatının parlamentinə üzv seçilib. Amerikanın ən gənc qanunvericisi seçicilərin səslərinin 63 faizini ala bilib.

Saira-Blair-ElectionSaira Bleyr siyasətçi ailəsindəndir. Onun atası Qərbi Virciniya ştatının parlamentində senatordur. O, siyasətlə hələ məktəb illərindən maraqlanmağa başlayıb. Mətbuata verdiyi müsahibələrdə Saira Bleyr uşaq yaşlarından atasının siyasi kampaniyası ilə maraqlandığını və özü siyasətlə məşğul olmağa başlayanda atasından məsləhətlər aldığını deyib.

Bu ilin əvvəli hələ 18 yaşı tamam olmamış Saira Bleyr Qərbi Virciniya ştatının Nümayəndələr Palatasında iki yer uğrunda mübarizə aparacağını elan etmişdi. Onun sözlərinə görə, siyasi proseslərlə tanışlıqdan sonra o, gənclərin seçkili orqanlarda 30 illik təcrübəyə malik siyasətçilərdən  heç də zəif işləmədiyinə əmin olub.

Saira-Blair-PictureABŞ-da ştat qanunvericilərinin yalnız 5 faizinin yaşı 30-dan aşağıdır. Saira Bleyr qadın və gənc olması ilə bağlı tənqidləri yaxına buraxmayaraq, bunu əslində üstünlük kimi qəbul ediyini deyib. O, qanunverici kimi iş yerlərinin açılması və büdcə məsələlərinə diqqət ayıracağını bildirib.

Gələcək planlarına gəldikdə isə, Saira Bleyr siyasətçi kimi karyera qurmaq deyil, vətənə və xalqa xidmət etmək istədiyini önə çəkir və gələcəkdə ABŞ Konqresinə seçilmək planlarının da mümkünlüyünü deyir. O, gələcəkdə maliyyə eksperti kimi karyera qurmaq istəyir. Saira Bleyr Qərbi Virciniya universetetinin iqtisadiyyat fakültəsində təhsil alır.

 

Keçən əsrlərdə qadınların matəm geyimi-Metropoliten muzeyində yeni sərgi

Dilşad Əliyarlı

Müasir qadının qarderobunu bu gün qara don olmadan təsəvvür etmək mümkün deyil. Lakin istər adi iş günü ofisdə, istərsə də axşam ziyafət, ya da əyləncə yelərində qadını şıq və eleqant göstərən qara don əslində bir zamanlar matəm geyimi hesab edilirdi. Bu günlər Nyu-Yorkda Metropoliten muzeyinin Anna Vintur Kostyum mərkəzində bir əsr ərzində qadınların matəm geyiminin stili və estetikasına həsr edilmiş sərgi açılıb. Sərginin əsas məqsədi 19-cu əsrin əvvəllərindən 20-ci əsrin əvvələrinə qədər matəm geyimləri vasitəsilə ağır itkinin cəmiyyətə ictimai-mədəni təsirlərini göstərməkdən ibarətdir.  Qadınların matəm saxladıqları günlər geydiyi geyimlər dövrün sosial normaları ilə yanaşı, moda və üslub haqda təsəvvür əldə etməyə kömək edir.

Qadının digər geyimləri kimi matəm geyimləri də onun cəmiyyətdə tutduğu mövqeyi nümayiş etdirirdi. 19-cu əsrdə ağır itki ilə qarşılaşmış qadının uzun müddət matəm geyimində yas tutması cəmiyyət tərəfindən irəli gələn tələb idi. Qadının statusu, maddi imkanları və əxlaqı bununla müəyyən edilirdi. Müharibələr və münaqişələrdə ərlərini itirən gənc qadınlara cəmiyyətdə müəyyən dərəcədə ehtiyatlı münasibət var idi. Buna görə də matəm geyimlərinin çoxu təkcə qara rəngdə olması ilə deyil, həm də çox mühafizəkar stildə tikilişi ilə seçilirdi.

Women-Mourning-Attire

“Küləklə sovrulanlar” əsərində boğaza qədər düymələnmiş qara matəm donunda rəqs etməsi ilə qalmaqal yaradan əsərin qəhrəmanı Skarlet O’Hara öz vəziyyətini belə təsvir edir: ”Mən qara geyinməyə dözə bilmirəm. Ziyafətlərə gedə bilməmək bir yana, üstəlik də belə görünmək?”

Scarlett-O'Hara-Black-Dress

Skarlet O’Hara matəm donunda rəqs edir-“Küləklə sovrulanlar” filmindən kadr

Geyim və moda ekspertləri parçanın rənginin solmamasına görə qara matəm donlarının yun, ipək, ya da yun və ipəyin qarışığından hazırlanmış bahalı parçalardan tikildiyini bildirir. Lakin tədricən bu donların tikilməsində qara ilə yanaşı boz rəngin tünd və açıq çalarlarından istifadə edilib. Dövrün estetik tələbləri dəyişdikdə qara matəm donlarının stili də dəyişməyə başlayıb və donlara baş örtükləri ilə yanaşı, zərgərlik əşyaları və müxtəlif aksessuar növləri əlavə edilib.

Müasir dövrdə matəm geyimləri arasında çoxları Jaklin Kennedinin qətlə yetirilmiş həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin dəfn mərasimində geydiyi Civanşi moda evindən qara kostyum və üzünə örtdüyü qara duvağı xatırlayır. Keçən əsrlərdə qara duvaq qadının matəmi özəl şəkildə saxlamaq istəyi kimi qəbul edilirdi,  qara don isə əksinə matəmin ictimai şəkildə nümayiş etdirilməsi demək idi.

Amerikanın keçmiş birinci xanımı Jaklin Kennedi həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin dəfn mərasimində

20-ci əsrdə isə matəm donlarının stili sadələşməyə başladı və əfsanəvi dizayner Koko Şanel modada inqilab edərək, qara donu nəhayət matəm funksiyası daşıyan geyim növü olmaqdan çıxardı. Şanelin 1926-cı ildə qadınlar üçün hazırladığı geyim kolleksiyasındakı kiçik qara don  bütün zamanlar üçün funksional və dünyanın ən stilli qadınların sevimli geyim növlərindən birinə çevrildi. Hollivud ulduzu Odri Hepbernin “Tiffanidə səhər yeməyi” filmində geydiyi qara don buna ən parlaq misallardan biri kimi göstərilə bilər.

Odri Hepbern "Tiffanidə səhər yeməyi" filmində qara donda

Odri Hepbern “Tiffanidə səhər yeməyi” filmində qara donda