Şirin Ebadi – qadın hüquqları uğrunda mübarizənin beynəlxalq simvolu

Posted June 21st, 2015 at 9:44 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

“Qadınlar patriarxal mədəniyyətin qurbanlarıdır, lakin onlar eyni zamanda bu mədəniyyətin daşıyıcılarıdır. Unutmayaq ki, hər bir tiran anasının yanında böyüyüb.”-Şirin Ebadi, Nobel sülh mükafatı laureatı

Şirin Ebadi

Şirin Ebadi

Tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadinin iyunun 21-də 68 yaşı tamam olur. Onunla bir neçə il bundan əvvəl Vaşinqtonda “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı yeni kitabının prezentasiyasında görüşmüşdüm. Nobel mükafatı almış ilk müsəlman qadın olan xanım  Ebadinin məruzələri Vaşinqtonda adətən kifayət qədər yüksək maraqla qarşılanır və kitabın təqdimatı mərasimi də bu mənada istisna deyildi.

“Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” avto-bioqrafik bir kitabdır və Şirin Ebadinin yaxın rəfiqəsinin ailəsində baş verən hadisələrdən bəhs edir.

Müəllif  “Pəri”nin ailəsinin timsalında İranda son 30 il ərzində gedən proseslər təsvir edib. Pərinin üç qardaşı bu siyasi proseslərin müəyyən mənada simvolidur; qardaşlardan biri monarxist-şahçı, biri kommunist-tudəçi, o biri isə islamçı-hizbullahçıdır. Qardaşların hər biri özü üçün yaratdığı bir dünyada yaşayır, lakin əslində, bu bir ideoloji qəfəsdə yaşamaq deməkdir.

Kitabın baş qəhrəmanının Pəri olması da təsadüfi deyil. Qadın hüquqları Şirin Ebadinin məşğul olduğu başlıca sahələrdən biridir. Pəri obrazı da ölkədə qadınların vəziyyətini müəyyən mənada təcəssüm etdirir. Şirin İbadi İranda qadınların ictimai-siyasi həyatda rolunu belə izah edib: “Pəri qadın hərəkatının simvoludur. İranda qadın hərəkatı Yaxın Şərqdə ən güclü hərəkatdır. Bunun səbəbi qadınların inkişafı ilə bağlıdır. İran universitetlərində təhsil alan tələbələrin 65-dən yuxarı faizini qadınlar təşkil edir. Lakin qadınlar ayrı-seçkiliyə məruz qalır, onlar ayrı-seçkilik obyektidir.”

Şirin Ebadi özü İranda islam inqilabından sonra bu ayrı-seçkiliyin birbaşa hədəfinə çevrilib. O, İranda baş hakim statusunu almış ilk qadın olub. Qadınları məhkəmədə hakim kimi qəbul etməyən bir sistemdə Şirin Ebadi illər uzunu işlədiyi məhkəmədə katibə  kimi işə götürülüb. Sonradan ona və daha bir neçə qadına hakim deyil, yalnız ”ekspert” kimi işləməyə icazə verəndə xanım İbadi artıq bu şərtləri qəbul etmək istəməyərək təqaüdə çıxmalı olub. Yenidən hüquqşünas diplomu alandan sonra o, siyasi məhbuslar, qadın və uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olmaya başlayıb.

İranda ayrı-seçkiliyə məruz qalan əsas qruplardan biri olan etnik azlıqların durumuna gəldikdə, Şirin Ebadi onların konstitusiyada təsbit edilmiş hüquqlarının təmin edilməsini son zamanlar daha aktiv müdafiə edir.  Hüquq müdafiəçisi İranda insanların fundamental azadlıqlarının pozulduğunu və onların dəyişikliklər tələb etdiyini vurğulayıb. Azərbaycanlıların ana dilində təhsil almaq hüququna işarə edərək Şirin Ebadi konstitusiyada təsbit olunmuş maddələrin yerinə yetirməsini çağırıb: “Məsələn, müxtəlif etnik qrupların öz ana dilində təhsil almaq hüququnun verilməsi kimi. Əslində, bu maddə konstitusiyada var, lakin ona heç vaxt əməl olunmayıb.”

Şirin Ebadi İran hökumətinin xalqın azadlıq tələblərinə repressiyalarla cavab verdiyini, insanların azadlıq və demokratiya tələb etdiyini, hökumətin isə repressiyaları davam etdirdiyini vurğulayıb. Lakin hüquq-müdafiəçisinin sözlərinə görə, tarix repressiyalar keçirən hökumətlərin süquta uğradığını göstərir.

Bu baxışlarına görə Şirin Ebadi İranı tərk etməli olub. İran hökuməti onun Nobel medalını müsadirə edib və bank hesablarını dondurub. O, 2009-cu ildən  Londonda sürgündə yaşayır. Şirin Ebadi bu il yeni memuar kitabı üzərində işləyir. Bu kitabda onun Nobel mükafatı laureatı olduqdan sonra qadın hüquqlarının müdafiəçisi kimi fəaliyyətləri əks etdiriləcək.

Xanım Ebadi ilə görüşdən xatirə olaraq birlikdə çəkdirdiyimiz şəkil və kitaba atdığı imza o gündən bir yadigar olaraq qalır.

Şirin Ebadi və Dilşad Əliyarlı

Şirin Ebadi və Dilşad Əliyarlı

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

June 2015
M T W T F S S
« May   Jul »
1234567
891011121314
15161718192021
22232425262728
2930