Qadın Dünyası

Missiyaya sadiqlik- Amerika televiziyasının nüfuzlu qadın jurnalistləri

Dilşad Əliyarlı

Məktəb yaşlarında Sovet İttifaqı üçün ABŞ-da nəşr olunan “Amerika” jurnalını əvvəlindən axıradək oxumağı sevirdim. Jurnalın nüsxələrindən birində ABŞ-ın NBC tele şirkətində xəbər proqramının o zaman aparıcısı olmuş Cessika Saviç haqda bir məqalə oxumuşdum. Tanınmış aparıcının jurnalın səhifələrində ofisi və evində çəkilmiş foto-şəkillər yerləşdirilmişdi. Bu fotolar məndə onun tam fərqli bir dünyadan özünə arxayın professional bir qadın olduğu haqda təssəvvür yaratmışdı.

İllər sonra Amerikada özümün də Azərbaycana ilk televiziya proqramının aparıcısı olacağımı o zaman təbii ki ağlıma gətirmirdim. Amerikaya gəldiyim zaman Cessika Saviç çox təəssüf ki artıq həyatda yox idi. 1970-ci illərdə Amerika televiziyasının ən parlaq ulduzlarından biri olan Saviç faciəli şəkildə avtomobil qəzası zamanı həlak olmuşdu. Lakin Amerika tele şirkətlərində çalışan çox sayda istedadlı jurnalist qadın aparıcıların iş üslubu, müsahibə aparmaq tərzi, geyim stilini izləmək imkanım var idi. Barbara Uolters, Dayan Soyer, Kristian Amanpur, Keyti Kurik kimi bir sıra qadın jurnalistlərin nümayiş etdirdiyi yüksək professionallıq mənim üçün nümunə olmuşdur.

Barbara Uolters

Barbara Uolters

Amerika televiziyasında axşam xəbər proqramlarının ilk qadın aparıcılarından biri olan Barbara Uolters efirdə sərbəst və rahat tonda keçirdiyi müsahibələri ilə tanınır. Marqaret Tetçer, Dalay Lama, ABŞ prezidentləri və dünya liderləri, eləcə də məşhur sənət adamları ilə çoxsayda müsahibələr aparan Barbara Uoters bəzən bunu ilk dəfə edən qadın jurnalist olub. Onun prezident Klintonla intim əlaqədə olmuş Monika Levinski ilə 1999-cu ildə apardığı iki saatlıq müsahibə Amerikada yayım ərzində ən çox tamaşaçı tərəfindən izlənərək, ən yüksək reytinq alması ilə tarixə düşüb. Barbara Uolters müsahibə aparmaq sənəti və məharətinin sirləri ilə “Hamı ilə hər şey haqda necə danışmaq olar” (“How to Talk to Practically Anybody About Practically Anything”) adlı kitabında bölüşüb.

“Hətta ən qısa müsahibə belə insan münasibətlərinin ən yaxşı xüsusiyyələrini əks etdirməlidir, bu da hər iki tərəfin marağı, imkanları və öz fikirlərini ifadə etməsi, ədəb və anlayış deməkdir. Müsahibə elə böyük bir zövqdür ki, onu heç kəsin qulaq asmayacağı şərhlərin paylaşmasına çevirmək cinayətdir”-deyə Barbara Uolters yazıb.

Kristian Amanpur

Kristian Amanpur

CNN tele-şirkətinin tanınmış müxbiri Kristian Amanpurun reportajlarını 1990-cı illərin ortalarından başlayaraq izləməyə başlamışam. Keçmiş Yuqoslaviyanın parçalanması nəticəsində 1992-1995-ci illərin Balkan müharibəsindən sonra Belqrad və Sarayevo şəhərlərində yaşadığım zaman CNN mənim demək olar əsas məlumat mənbəyim idi. 1996-cı ildə müharibəyə son qoymuş Deyton sazişinin bağlanmasından bir neçə ay sonra Sarayevoya gəldiyim zaman şəhər sakinləri hələ də Kristian Amanpurun münaqişə dövründə Bosniyaya səfəri və oradan hazırladığı reportajlardan danışırdı.

Kristian Amanpurun tele jurnalistikaya böyük gəlişi 1990-cı illərdə ABŞ-ın İraqda hərbi əməliyyatlar apardığı zaman Yaxın Şərqdən reportajlar hazırladığı vaxt olub. Həm İraqda hərbi kampaniya, həm Yuqoslaviya müharibəsi dövrü Bosniyadan reportajlarda o, televiziyada qorxmaz hərbi qadın müxbir obrazı yarada bilib və safari tipli köynək və pencəklərlə ekrana çıxaraq, bu obraza uyğun bir geyim tərzi ilə yadda qalıb. Bəzən “xəbərlərin birinci xanımı” adlandırılan Kristian Amanpurun efirə çıxması və populyarlıq qazanması “sarışın qadın aparıcı” stereotipinin mövcud olduğu Amerika televiziyasında böyük dəyişiklikdən xəbər verirdi.

Müsahibələrin birində professional jurnalist üslubu ilə bağlı Kristian Amanpur bunları deyib: “Siz özünüzü necə təqdim edirsinizsə, insanlar da sizi elə görür- istər sizin geyim və danışıq tərziniz olsun, istərsə də fikirlərinizi necə ifadə etməyiniz, bu, sizin üslubunuzdur. Hansı məsələni təqdim etmənizdən asılı olmayaraq. Sizin davranışınız isə insanların sizi vicdanlı və açıq, nüfuz və etibar sahibi kimi görüb-görmədiyini müəyyən edir. Bu isə çox vacibdir.”

 

Dayan Soyer

Dayan Soyer

ABŞ-ın ən nüfuzlu qadın jurnalistlərindən biri də ABC şirkətində müxbir və aparıcı kimi çalışmış Dayan Soyerdir. O, 1984-cü ildə ABC şirkətinim “60 dəqiqə” poqramının ilk qadın müxbiri kimi işə başlayıb. Uzun sürən maraqlı karyera yolunda Dayan Soyer dünya liderləri və ABŞ prezidentlərindən tutmuş şou-biznes ulduzlarına qədər yüzlərlə müsahibələri ilə yadda qalır. 2009-cu ildə o, ABC şirkətinin “Dünya xəbərləri” proqramının axşam buraxılışını aparan ilk qadın jurnalist olub. Amerikada qadın jurnalistlərin professional karyera qura bilməsində böyük rolu olmuş Dayan Soyer artıq özü də məşhurlar və Hollivud ulduzları kateqoriyasına daxil olub.

Pola Zan

Pola Zan

Amerika televiziyasında ən çox sevdiyim jurnalist qadınlardan biri də ABC, CBS, CNN və Fox xəbər agentliklərində müxbir və xəbər proqramlarının aparıcısı olmuş Pola Zandır. CNN tele kanalında axşam xəbər buraxılışlarının aparıcısı kimi o bəzən saatlarla efirdə olurdu. Bu müddət ərzində onun enerjisi, ruh yüksəkliyi, eyni zamanda, stili heç kəsin nəzərindən qaçmırdı.  Efirdə olduğu müddətdə Pola Zan günün ən mühüm xəbərlərini olduqca professional səviyyədə çatdırmaqla yanaşı, dünya hadisələri haqda reportajlarında insan faktorunu da unutmurdu. Hazırda Pola Zan Discovery kanalında üstü açılmamış cinayət işləri ilə bağlı təhqiqatlar haqda proqramların aparıcısıdır. Pol Zanın bir xüsusiyyəti də hər zaman mənim diqqətimi cəlb edib. O da onun olduqca gözəl stilə malik olmasıdır. Moda jurnalları və veb səhifələrdə dəfələrlə Pola Zanın yüksək zövqü və geyim tərzi qeyd edilib.

 

Keyri Kurik

Keyri Kurik

Amerika televiziyasının daha bir parlaq ulduzu Keyti Kurikdir. Yahoo internet xəbər kanalında proqrama başlamazdan əvvəl illər uzunu amerikalılar hər səhər xəbərləri ABC tele kanalında Keyti Kurikin təqdimatında alıb. Karyerasına NBC televiziyasında Pentaqonda xüsusi müxbir kimi başlayan Kurik sonradan xəbər aparıcısı olub. Onun “Today” proqramı NBC efirində ən populyar tele proqramlardan biri sayılır. Proqramın aparıcısı olduğu illərdə Keyti Kurik dövlət liderləri, tanınmış yazıçılar, şou-biznes ustaları ilə müsahibələr aparıb. Keyti Kurikin keryerasında mühüm dönüş onun CBS tele kanalında ilk dəfə olaraq axşam xəbərlərinin qadın aparıcısı kimi efirə çıxması olub. O, 2009-cu ildə Dayan Soyerin ABC-nin efirinə çıxmasına qədər ABŞ-da axşam xəbərlərinin yeganə solo qadın aparıcısı olub. Keyti Kurik geniş ictimai və xeyriyyə fəaliyyətləri ilə məşğul olur. Bununla yanaşı o, televiziya filmlərinin epizodlarında çəkilib. Keyti Kurikin dünya liderləri və nüfuzlu şəxslərlə apardığı müsahibələr əsasında həyat, uğur və xoşbəxtlik haqda fikirlərini əhatə edən  “Aldığım ən yaxşı məsləhət: Qeyri-adi həyatdan dərslər” (The Best Advice I Ever Got: Lessons from Extraordinary Lives) adlı kitabı New York Times qəzetinin bestseller siyahısında göstərilib.

Jurnalistlər cəmiyyətdə xüsusi statusa malikdir. Media sahəsi dəyişir və müasirləşir. Amerika televiziyasının bu veteran qadın jurnalistləri bu çətin, məsuliyyətli, stresli dünyada qərəzsiz və etibarlı xəbərləri ictimaiyyətə çatdırmaq kimi yüksək missiyanı ləyaqətlə yerinə yetirə biliblər.

Qadın futbolu, dünya kuboku və gender qeyri-bərabərliyi

Dilşad Əliyarlı

ABŞ-ın futbol üzrə qadınlardan ibarət milli yığmasıABŞ-ın futbol üzrə qadınlardan ibarət milli yığması bu günlər Kanadanın Vankuver şəhərində keçirilən Dünya çempionatının qalibi oldu. Amerika Birləşmiş Ştatlarının 4 iyul Müstəqillik gününün qeyd edildiyi həftə sonuna təsadüf edən bu qələbə ölkədə böyük sevinclə, qadın futbolçularsa qəhrəman kimi qarşılandılar. Futbol Amerikada ən populyar idman növü olmasa da ABŞ-ın qadınlardan ibarət milli yığmasının azarkeşlərdən ibarət böyük auditoriyası var və qadın yığması kişilərdən ibarət yığmadan daha populyardır. Vankuverdə Kerri Lloyd və onun komanda yoldaşlarının final oyununu 20 milyondan çox tamaşaçı izləyib. Bu, Amerika tarixində ən çox tamaşaçı tərəfindən izlənilən futbol oyunudur.

Üçüncü dəfə dünya çempionu titulunu qazanan Amerika futboçuları 2012-c ildə London Olimpiadasında olduğu kimi yüksək professionallıq və klass göstərə bildi.

ABŞ-ın futbol üzrə qadınlardan ibarət milli yığması dünya jubokunu qazanıbLakin çempionların gözəl oyun nümayiş etdirməsinə baxmayaraq, kişilər arasında dünya futbol çempionatı ilə müqayisədə qadın idmançıların gəlirlərində ciddi qeyri-bərabərlik mövcuddur. Ekspertlərin sözlərinə görə, ABŞ-ın qadınlardan ibarət milli yığmasının dünya çempionatının qalibi kimi əldə etdiyi qazanc kişi idmançıların qazancı ilə müqayisədə “cib xərcliyi”nə bənzəyir.

FİFA ABŞ-ın qadınlardan ibarət milli yığmasına 2 milyon dollar ödəcəyək. Müqayisə üçün, 2014-cü ildə Braziliyada kişilər arasında keçirilən dünya çempionatında qızıl kubok qazanmış Almaniya milli yığması 35 milyon almışdı.

ABŞ-ın futbol üzrə qadınlardan ibarət milli yığması dünya kuboku uğrunda final matçında ABŞ mediasında mövzuya kifayət qədər böyük diqqət verilir və göstərilən rəqəmlər həqiqətən də təəccüb doğurmaya bilmir. ABŞ-ın Qadınlardan ibarət Milli Futbol Liqasında idmançıların maaşlarının 6 min dollarla 30 min dollar arasında olduğu göstərilir, bu isə onların yarışdığı böyük şəhərlərdə yaşamaq üçün belə kifayət etmir.

Futbol Amerikada qadın idmançıların kişilərlə müqayisədə daha az gəlir əldə etdiyi yeganə idman növü deyil.  ABŞ-ın Milli Basketbol Liqasının klublarında oynayan kişi idmançılar çox vaxt Forbes və Time kimi aparıcı dərgilərin dünyanın ən gəlirləri idmançıları siyahılarında göstərilir. Qadınlara gəldikdə, Milli Basketbol Liqasında bir komandanın maaşı 900 min dollardan bir qədər yuxarıdır. Kişilərdən ibarət bir komandanın maaşı isə ümumi hesabla 58,7 milyon təşkil edir. Milli Basketbol Liqasının ən yüsək gəlirli oyunçularından biri olan Kobe Brayantın illik gəliri 23,5 milyon dollardır. Qadınların yüksək gəlirlər əldə etdiyi yeganə idman növü olaraq hələlik yalnız tennisi göstərmək mümkündür.

ABŞ-ın futbol üzrə qadınlardan ibarət milli yığmasının oyunçusu Karli Lloyd

Eyni idman növlərində kişilərin daha yüksək gəlirləri qadınlarda stimulun zəifləməsinə, daha böyük uğurlar qazana bilmək inamının azalmasına səbəb olur. Bu həm də qızlar və qadınların professional idmana cəlb olunmasını çətinləşdirir. Məsələ bundadır ki, eyni iş üçün bərabər maaşların ödənməsi Amerikanın özündə hələ də həllini tapmamış məsələ olaraq qalır.

Qadın Siyasət Araşdırma Mərkəzinin hesabatına əsasən, dünyanın inkişaf etmiş ölkələri arasında yalnız Birləşmiş Ştatlarda qadınlar və kişilər arasında maaşlarda qeyri-bərabərlik mövcuddur.  Amerikada qadınlar gördükləri eyni işə görə kişilərə nisbətən 22 faiz daha az maaş alır. Maaşlarda qeyri-bərabərlik demək olar bütün fəaliyyət sahələrinə aiddir.

Professional idmanda qadınlar və kişilər arasında gəlirlərdə bərabərliyə nail olmaq üçün görüləcək işlər çoxdur. Futbola gəldikdə isə FİFA hələ keçən il qadınlara bərabər maaş verilməsi məsələsinin gündəmdə olmadığını bildirib.

ABŞ-ın futbol üzrə qadınlardan ibarət milli yığması dünya kubokunu qazanıbQadınlar arasında futbol qlobal səviyyədə populyarlaşmağa davam edir və idman növünə investisiya və diqqətin artması FİFA-nın “futbolun hər yerdə və hamı üçün inkişaf etdirilməsi” missiyasına tam uyğun olardı.