Angela Merkel – 10 il hakimiyyətdə

Posted November 22nd, 2015 at 6:02 am (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

 

Angela-Merkel

Kansler Angela Merkel Almaniyanın lideri kimi hakimiyyətdə 10-cu ilini qeyd edir. Almaniyanın ilk qadın lideri olan Merkel İkinci Dünya müharibəsindən sonra bu mühüm tarixi mərhələni keçən üçüncü kanslerdir. Angela Merkel 10 illik hakimiyyəti dövrü Avropada ən ciddi problemlərin həllində liderlik missiyasını öz üzərinə götürməklə Almaniyanın dünya səhnəsində güclənməsinə nail ola bilib.
Son illər işsizlik və maliyyə problemləri ilə qarşılaşan digər Avropa ölkələrindən fərqli olaraq dünyanın iqtisadi cəhətdən ən güclü ölkələrindən biri olaraq qalan Almaniya Avropada super gücə çevrilib. Angela Merkelin bəzən “Avropanın kansleri” adlandırılması buna görə təsadüfi deyil.
Avro zonada maliyyə problemlərindən tutmuş, Rusiyanın Ukraynanın Krım yarımadasını işğal etməsi və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılarla münaqişəyə son qoymaq üçün razılığın əldə edilməsinə qədər Merkel ən çətin problemlərin öhdəsindən gələ bilib. Lakin sarsılmaz və qətiyyətli siyasətçi olan Angela Merkel bu gün Avropada İkinci Dünya müharibəsindən sonra ən ciddi miqrant böhranı kimi bir sınaq qarşısındadır.

 

Angela Merkel
Yaxın Şərq, Afrika və Asiyada münaqişələrdən qaçan yeddi min miqrantın hər gün Almaniyaya daxil olması və bu axının davam etməsi artıq narahatlıqla qarşılanır. Keçən həftə Parisdə terror aksiyalarından sonra isə təhlükəsizlik məsələsi əsas sınaqdır. Avropa ölkələri arasında gömrük-nəzarət yoxlanışı olmadan səfərlərə imkan verən Şengen razılaşmasının pozula bilməsi da miqrant böhranı ilə əlaqədar gündəmdədir.

Miqrant böhranı 2005-ci ildə hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq Merkelin populyarlıq reytinqlərində əks olmağa başlayıb. Bu ilin aprel ayında keçirilmiş rəy sorğuları almanların 75 faizinin onun işindən razı olduğunu göstərirdisə, bu rəqəm keçən həftə 49 faizə enib. Bəziləri hətta Angela Merkel erasının sonunun yaxınlaşlb-yaxınlaşmadığını sual etməyə başlayıb. Lakin təhlilçilər tələsməyi məsləhət görmür.

Angela Merkel and Barak Obama

Almanların çoxu ölkədə iqtisadi durumdan razı olduqlarını bildirir. Angela Merkel hakimiyyətdə 10-cu ilini qeyd etdiyi zaman ölkədə işsizlik səviyyəsi 6 faiz səviyyəsində qalır. 10 il əvvəl bu göstərici 11 faiz təşkil edirdi. Kanslerin gələcək planları, yəni 2017-ci ildə dördüncü müddətə seçilmək üçün yarışlara qoşulub-qoşulmayacağı da hələ aydın deyil. Merkel özü bu suala hələ cavab verməyib.

Lüteran pastorun 61 yaşlı qızı Angela Merkel 15 ildir partiyasının lideri və 10 ildir kanslerdir. Merkel dünya miqyasında ən nüfuzlu liderlərdən biridir. “Forbes” jurnalı dünyanın ən nüfuzlu liderləri siyahısında Angela Merkeli Rusiya prezidenti Putindən sonra ikinci yerdə göstərib. “Forbes”un 2015-ci ildə dünyanın ən nüfuzlu qadınları siyahısında isə Merkel yenə də birinci yerdədir. Son 12 ildə jurnalın nüfuzlu qadınları siyahısında 10 dəfə göstərilən Almaniya kansleri 9 dəfə ən yuxarı yeri tutub. Bu seçimlər zamanı liderlərin həll etdiyi problemlərin miqyası, idarə etdikləri maliyyə resursları, nüfuz dairəsi və onların fəaliyyətinin dünyaya göstərdiyi təsirlər əsas kriterayalar olaraq götürülür.

Angela Merkel and Vladimir Putin

Angela Merkel Almaniyanın təkcə ilk qadın deyil, həm də kommunist Şərqdə anadan olub boya-başa çatmış ilk lideri kimi Almaniya tarixində artıq xüsusi yerə malikdir. Onun siyasi irsinə gəldikdə isə Avropanın bu gün qarşılaşdığı miqrant böhranı və təhlükəsizlik kimi çətin problemlərin həllinin buna yəqin ki təsiri olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

November 2015
M T W T F S S
« Oct   Dec »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30