Mark Zukerberqin qızına məktubu: Sənin daha gözəl bir dünyada böyüməni istəyirik

Posted December 2nd, 2015 at 2:37 am (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

 

Facebook CEO Mark Zuckerberq and his wife Priscilla Chan

 

Facebook sosial şəbəkəsinin təsisçisi və icraçı direktoru Mark Zukerberq şirkətin bütün payının 99 faizini yaşadığı müddətdə xeyriyyə məqsədilə ianə edəcəyini bildirib.

Keçən həftə dünyaya gəlmiş qızı Maksa məktubunda Zukerberq gələcək nəsillər qarşısında mənəvi bocu olduğunu deyərək, daha gözəl dünya yaratmaq üçün yeni təşəbbüsündən danışıb.
Facebook təsisçisi yazıb ki, bu gün həyatın bütün sahələrində texnoloji inkişaf gələcək nəslin daha yaxşı həyat sürəcəyi deməkdir. Lakin yeni texnologiyalarla yanaşı, insanlar və icmalar arasında əlaqələrin gücləndirilməsi onun fikrincə, gələcək inkişafın əsasında durur.

“Biz bunun baş verməsi üçün öz öhdəmizə düşən işi görəcəyik, təkcə səni sevdiyimizə görə yox, həm də ona görə ki, gələcək nəslin bütün uşaqları qarşısında mənəvi məsuliyyət daşıyırıq”-Zukerberq məktubda yazıb.

Mark Zukerberq bugünkü dünyanın qarşılaşdığı problemlər və sınaqları göstərib və gələcək nəslin rifahı naminə iki əsas ideyanın gerçəkləşməsi üzərində işləyəcəyini deyib: insan potensialının inkişaf etdirilməsi və bərabəliyin təşviq edilməsi.

Onun sözlərinə görə, gələcək nəslin daha gözəl dünyada yaşaması üçün hazırkı nəsil çox işlər görə bilər.

Mark Zukerberq və həyat yoldaşı Prisilla Çan gələcək nəslin qarşılaşa biləcəyi sınaqlara üstün gəlməsinə kömək etmək üçün Çan Zukerberq Təşəbbüsünün (Chan Zukerberg Initiative) yaradıldığını elan edib.

“Bizim əsas diqqət verəcəyimiz sahələr təhsilə özəl yanaşma, xəstəliklərin müalicəsi, insanlar arasında əlaqələrin yaradılması və güclü icmaların qurulması olacaq”-məktubda yazılıb.

Mark Zukerberq bildirib ki, bu missiyanın yerinə yetirilməsi üçün həyatı boyu Facebook şirkətinin payının 99 faizini-təxminən 45 milyard dollar məbləğində vəsait xeyriyyə məqsədlərinə veriləcək.

Facebook təsisçisi və onun həyat yoldaşı, peşəcə həkim Prisilla Çan son aylar təhsil sahəsinə böyük məbləğdə vəsait ianə ediblər. Buraya məktəblərdə sürətli internetin təmin olunması kimi layihələr daxildir. 31 yaşlı Mark Zukerberq məktubunda texnoloji inkişaf və internetin müasir cəmiyyətdə rolunu xüsusi qeyd edib.

Yeni təşəbbüsün detalları Zukerberq və Prisilla Çanın ilk övladlarının anadan olması səbəbilə analıq və atalıq məzuniyyətləri bitəndən sonra məlum olacaq. Facebook kimi böyük korporasiya başçısının atalıq məzuniyyəti götürməsinin özü ABŞ-da nəhəng texnologiya şirkətlərinin icraçı rəhbərləri arasında qeyri-adi addımdır. Lakin Zukerberq yeni missiyasını bütün məsuliyyətini belə görünür öz üzərinə götürüb.

Dünya qarşısındakı sınaqlar və problemlərin həllinə töhfə vermək missiyasına başlaması da Mark Zukerberqin daha böyük ambisiyalarından və dünya səhnəsində daha önəmli rol oynamaq istəyindən xəbər verir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

December 2015
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031