2015-ci ildə qadınların həyatında yadda qalan hadisələr

Posted January 6th, 2016 at 9:43 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

 

Angela Merkel ​​

Angela Merkel

Almaniya kansleri Angel Merkel “Time” jurnalının ilin adamı seçildi. Almaniyanın təkcə ilk qadın deyil, həm də kommunist Şərqdə anadan olub boya-başa çatmış ilk lideri kimi olan xamım Merkel kansler kimi hakimiyyətdə 10-cu ilini qeyd etdi. Merkel Forbes jurnalının hər il açıqladığı dünyanın ən nüfuzlu 100 qadını siyahısında da ən yuxarı yeri tutdu. 60 yaşlı Angela Merkelin dünyanın ən nüfuzlu lider kimi göstərilməsinin səbəbləri onun qarşılaşdığı mürəkkəb seçimlərlə izah edilir. Angela Merkel Yunanıstanın maliyyə böhranından çıxması səylərində aparıcı yol oynayıb, Ukrayna münaqişəsinin həlli məqsədilə Rusiya ilə danışıqlarda əsas vasitəçi olub və Avropaya Suriyadan miqrant axını ilə bağlı böhranda mənəvi liderlik göstərib.

 

Hillari Klinton

Hillari Klinton

ABŞ-ın keçmiş Dövlət katibi, birinci xanımı və senatoru Hillari Klinton Amerika tarixində ilk qadın prezident seçilmək üçün rəsmən yarışlara qatıldı. O, sosial mediada “Mən prezident seçilmək üçün yarışlara qoşuluram. Amerikalılara çempion lazımdır və mən o çempion olmaq istəyirəm” sözlərilə seçki kampaniyasına başladığını elan etdi. Hillari Klinton Demokrat partiyasından ABŞ prezident seçkilərində nominasiya almaq üçün yarışlarda öndə gedərək, favorit hesab edilir. “Gallup” institutunun keçirdiyi son sorğuya əsasən, Hillari Klinton amerikalıların ən çox pərəstiş etdiyi qadındır.

 

Kraliça Yelizaveta

Kraliça İkinci Yelizaveta müxtəlif rəngli geyim dəstlərində

Kraliça İkinci Yelizaveta müxtəlif rəngli geyim dəstlərində

Kraliça İkinci Yelizaveta Britaniyada ən uzun müddət taxtda olan monarx kimi tarixə düşdü. Britaniya taxtına 27 yaşında sahib olan kraliça Yelizaveta aparılmış son sorğulara görə britaniyalılar arasında hələ də çox sevilir. Kraliçanın ölkənin bütün siyasətçilərindən daha populyar olmasının sirrini Britaniya monarx ailəsinin bioqrafları onun hər zaman nə deyəcəyini əvvəlcədən dəfələrlə düşündüyü və olduqca diqqətli olması ilə izah edir. Lakin 89 yaşlı İkinci Yelizaveta populyar monarxiniya olmaqla yanaşı, həm də dünyanın ən yüksək zövqə malik eleqant kraliçası kimi bir imicə malikdir. 63 ildən artıq Britaniya taxtında olan kraliça hər zaman dəbdədir!

 

Svetlana Alekseyeviç

2015-ci il ədəbiyyat sahəsində Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Alekseyeviç

2015-ci il ədəbiyyat sahəsində Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Alekseyeviç

Belarus yazıçıçı və jurnalist Svetlana Alekseyeviç 2015-ci il ədəbiyyat üzrə Nobel mükafatının laureatı oldu. O, ədəbiyyat sahəsində prestijli mükafata layiq görülən 14-cü qadındır. Nobel komitəsi Svetlana Alekseyeviçin əsərlərini “dövrümüzün əziyyətləri və cəsarətinin abidəsi” adlandırıb. Onun müharibə və münaqişələr haqda yazılarında hadisələrin tarixi deyil, onların mərkəzində olan insanın emosiyalarını göstərməsi yüksək qiymətləndirilib. Svetlana Alekseyeviç yazıçı missiyasını belə ifadə edib: “Mən nə üçün yazıram? Məni fəlakətlər yazıçısı adlandırırlar, amma bu belə deyil.  Mən həmişə sevgi dolu sözlər axtarıram.  Nifrət bizi xilas etməyəcək. Yalnız sevgi bunu edəcək. Və mənim ümidim var…”

 

Malala qaçqınlar üçün məktəb açır

Malala Yusifzai

Ən gənc Nobel mükafatı laureatı, pakistanlı fəal Malala Yusifzai 18 yaşını Livanda suriyalı qaçqın qızlar üçün  məktəb açaraq qeyd edib. Qızların təhsil hüquqlarını müdafiə etdiyinə görə Pakistanda başından güllə ilə vurulan Malala Yusifzai təhsil hüquqları uğrunda mübarizənin beynəlxalq simvoluna çevrilib. Malala öz missiyasını belə ifadə edir: “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə edək.” Malala Yusifzainin ad günü BMT tərəfindən Malala günü elan edilib. Hər il bu gün təhsil almaq qarşısında maneələrlə qarşılaşan uşaqlara dəstək bildirilir.

 

Amerika ordusunda qadın döyüşçülər

ABŞ ordusunda hərbçi qadınlar

Amerikanın qadın əsgərlərinin döyüşlərdə iştirak etməsinə icazə verildi. ABŞ Müdafiə nazirliyi 2016-cə ildən başlayaraq qadınların hərbi əməliyyatlarda iştirak edə biləcəyini bildirib. Qadınlar döyülşlərə qatıla bilmək üçün 1970-ci illərdə hərbi xidmət göstərməyə başladıqları zamandan kampaniya aparırdı. Pentaqonun qərarına qədər qadınlar hərbi qüvvələrdə döyüş hissələrindən başqa bütün sahələrdə xidmət göstərə bilərdi. Döyüşən hərbi hissələr ABŞ hərbi qüvvələrinin 10 faizini təşkil edir.

 

Səudiyyə Ərəbistanında seçkilər

Səudiyyə Ərəbistanı qadınları ilk dəfə olaraq seçkilərdə iştirak edir

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq seçkilərdə səs vermək və bələdiyyə seçkilərində iştirak etmək hüququndan istifadə edib. İlk dəfə olaraq yerli seçkilərdə iştirak edən qadınlar 17 yer qazana bilib. 2013-cü ildə Səudiyyə kralı Abdullanın qərarı ilə ölkə tarixində ilk dəfə olaraq qadınlar Məsləhət Şurasına təyin edilib. Buna qədər Səudiyyə Ərəbistanı dünyada qadınların siyasi prosesdən kənarda qaldığı yeganə ölkəsi idi.

Səudiyyə Ərəbistanı dünyada qadınlar üçün ən ciddi məhdudiyyətlərin mövcud olduğu bir ölkədisi hesab edilir. Ölkədə kral ailəsinə mənsub şahzadələrdən tutmuş bütün qadınlar yaxın kişi qohumlarının müşayiəti olmadan xarici səfərə çıxa bilməz. Qızlar və qadınların təhsil alması ata, ər və bəzi hallarda oğulun razılığı əsasında olmalıdır. Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə hələ də icazə verilmir.

 

Serena Uilyams

Serena Uilyams

Serena Uilymas ABŞ-da mötəbər Sports Illustrated idman jurnalının İlin İdman Adamı adını qazanan ilk qadın oldu. 34 yaşlı Uilyams idman karyerası boyu 53 qələbə qazanıb. O həm də dünyanın ən böyük dörd tennis turnirlərindən üçünün, Uimbldon, Avstraliya və Fransa Açıq Turnirlərinin qalibi olub. Sports Illustrated jurnalının üz qabığında yerləşdirilmiş fotoda Serena Uilyams atletik güclə qadın incəliyinin vəhdinin simvolu olaraq göstərilib.

 

Misti Kopland

Misti Kopland

ABŞ balerinası Misti Kopland Amerika Balet Teatrının 75 illik tarixində ilk dəfə olaraq teatrın prima balerinası statusuna yüksələ bilib. Misti Koplandın bu yüksəlişi Amerikada balet sənətində olduqca az təmsil olunmuş qaradərili rəqqaslar üçün böyük stimul oldu. Prima ballerina baletsevərlərin ənənəvi auditoriyasından kənarda da olduqca populyardır. Misti Kopland bestsellərə çevrilmiş tərcümeyi-hal və uşaqlar üçün kitabın müəllifidir. Time jurnalı onu 2015-ci ildə sənət sahəsində ən nüfuzlu insanlardan biri adlandırıb.

Adel zirvədə

Adel

Müğənni Adel yeni “25” adlı albomu ilə musiqi dünyasını fəth etdi. 2011-ci ildən sonra buraxdığı albomun artıq təkcə Amerikada 7 milyondan çox nüsxəsi satılıb. Müğənninin özü isə Billboard jurnalının siyahısında iki aydır ən yuxarı yeri tutur. Adelin fotosu mötəbər Time jurnalının üz qabığını bəzəyir. Dünyanın ən böyük pop ulduzlarından biri olan Adel populyarlığının ən yüksək zirvəsində də sadə, təvazökar və təbii eleqantlığa malik bir qadın olaraq qalır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

January 2016
M T W T F S S
« Dec   Mar »
 123
45678910
11121314151617
18192021222324
25262728293031