Qadın Dünyası

Şeril Sandberqdən qadınlara mesaj: “Bir-birimizə dayaq olaq”

Dilşad Əliyarlı

Şeril Sandberq

Facebook şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Şeril Sandberqin təsis etdiyi Lean In təşkilatı qadınların bir-birinə dəstəyinin əhəmiyyətini vurğulamaq məqsədilə video kampaniyaya başlayıb.

“Birlikdə qadınlar bacarır” adlı video mesajda aktrisalar Kerri Vaşinqton, Eva Lonqoriya, Emma Vatson Selena Qomez, Lena Danham, idmançılar Sereya Vilyams və Abi Vambax, jurnalist Meqan Kelli və Şeril Sandberqin özü onlara həyatda və karyerada dəstək olub müvəffəqiyyət qazanmasına töhfə vermiş qadınlar haqda danışır. Onların hər biri qadınların bir-birinə dəstək verməsi ilə daha böyük nailiyyətlər qazana biləcəyini vurğulayır.

Lean In kampaniyasının qadınlara əsas mesajı isə budur: “Bir qadın başqa bir qadına kömək edəndə, onların hər ikisi bundan faydalanır. Bir qadın başqa bir qadının nailiyyətini təntənə edirsə, biz hamımız yüksəlirik. Birlikdə qadınlar daha çox iş görə, irəliləyə və dünyanı dəyişdirə bilər.”

Şeril Sandberq New York Times qəzetində yazdığı məqalədə qadınların professional və şəxsi həyatda bir-birinə dəstəyinin əhəmiyyətini xüsusi qeyd edib.

LeanInTogether

O adətən qadınların rəhbər olduğu yerlərdə başqa qadınların irəliyə gedə bilməməsi fikri ilə razılaşmayaraq yazıb ki, statistik baxımdan bu, həqiqətə uyğun deyil. O qeyd edib ki, qadınların icraedici direktor olduğu şirkətlərdə menecmentə qadınların qoşulması şansları daha yüksəkdir. Şeril Sandber yazıb ki, “düzdür, “Kraliça arı” adlandırılan qadın rəhbərlər mövcuddur”, amma başqa qadınların irəli gedə bilməməsi əslində, kişi menecerlərin yaratdığı şəraitlə bağlıdır. Onun sözlərinə görə, məsələ yenə də stereotiplərdədir, çünki qadınların kişilərlə müqayisədə daha nəzakətli və daha mehriban olması gözlənilir.

“Biz kişilərin aqressiv, qadınların isə mehriban olduğu kimi stereotiplər yaratmışıq. Qadınlar bu stereotipləri pozanda biz onları çox ciddi mühakimə edirik”-deyə Sandberq yazıb.

Facebook şirkətinin əməliyyatlar üzrə rəhbərinin sözlərinə görə, kişilərin dominant olduğu şəraitdə yüksək vəzifədə olan qadınlar öz mövqelərini itirməkdən ehtiyat edir və buna görə də başqa qadını irəli çəkməklə özünə zərər gətirə biləcəyini düşünür. Şeril Sandberq yazıb ki, qadınlar iş yerində başqa qadınları irəli çəkmək istəyəndə bu, çox vaxt “tərəfkeşlik, öz qrupuna aid işçilərə xüsusi münasibət” kimi dəyərləndirilir.

Sandberq iş yerində bərabərliyin təmin olunmasına çağırır və qadınların bir-birinə dəstək verib, model rolu oynamasının əhəmiyyətini vurğulayır. O qeyd edib ki, qadınlar arasında da fikir ayrılıqları və rəqabət ola bilər, amma bu, onların bir-birinə dəstək verməsinə mane olmamalıdır.

 

Hillari Klinton: Nominasiya qadınlar üçün tarixi bir mərhələdir

Dilşad Əliyarlı

Democratic U.S. presidential candidate Hillary Clinton arrives to speak during her California primary night rally held in the Brooklyn borough of New York, U.S., June 7, 2016.  REUTERS/Lucas Jackson   TPX IMAGES OF THE DAY - RTSGHIT

ABŞ prezidentliyinə namizəd Hillari Klinton Bruklində tərəfdarları qarşısında qələbəsini təntənə edir

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Amerika tarixində Ağ Ev uğrunda mübarizədə partiyanı təmsil edəcək ilk qadın kimi tarixə öz adını yazmış olduğunu deyib.

Klinton Amerika tarixində əsas siyasi partiyadan prezidentliyə nominasiya olunacaq ilk qadındır.

“Ölkəmizin tarixində ilk dəfə olaraq qadın Birləşmiş Ştatların prezidentliyinə əsas partiyadan nominasiya olunacaq”-deyə Klinton Bruklində onun qələbəsini təntənə edən minlərlə tərəfdarı qarşısında çıxışında bildirib.

ABŞ-ın keçmiş dövlət katibi, senatoru və birinci xanımı nominasiyanın qadınlar üçün tarixi bir mərhələ olduğunu deyib. Çıxışında tarixə ekskurs edən Klinton Amerikada qadın hərəkatının öncüllərini xüsusi qeyd edib. “Bu gecəki qələbə bir insanın qələbəsi deyil. Bu qələbə indiki məqamın mümkün olması üçün mübarizə aparmış və qurban vermiş qadın və kişilərə məxsusdur.”

“Ölkəmizin tarixində ilk dəfə olaraq qadın Birləşmiş Ştatların prezidentliyinə əsas partiyadan nominasiya olunacaq.”

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton

O, Amerikada qadınlara bərabər hüquqların verilməsinə sənədin tarixindən danışıb ” Bunun tarixi burada-Nyu-Yorkda 1848-ci ildə Seneka Falls adlanan yerdən başlayır. O zaman qadınlar və kişilərdən ibarət kiçik, lakin qətiyyətli bir qrup qadınların bərabər hüquqlara malik olduğu fikrini irəli sürüb və onlar deklarasiya hazırlayıblar. Bu, bəşər tarixində ilk dəfə idi ki, belə bir sənəd meydana gəlirdi. Bu gün biz onlara borcluyuq.”

Klinton çıxışı zamanı onun həyatında müstəsna rolu olan anasını yad edib və onun anadan olduğu gün Konqresin qadınlara səs vermək hüququnun verildiyi 19-cu düzəlişi təsdiq etdiyini deyib.

“Bu gün biz qürurla deyə bilərik ki, Amerikada keçilməsi mümkün olmayan sədd və hüdud yoxdur. Böyük arzularla yaşayan bütün qızlar üçün: Bəli, siz nə istəsəniz ola bilərsiniz-hətta prezident də. Bu gecə sizin üçündür.”

Klinton əlavə edib ki, anasının qızının prezidentliyə nominasiya qazanmış ilk qadın olduğunu görməsini çox istərdi.

Hillari Klinton anası Doroti ilə

Amerika prezidentliyinə nominasiya qazanan ilk qadın olan Klinton qələbəsini təntənə edərək Twitter səhifəsində yazıb:

“Bu gün biz qürurla deyə bilərik ki, Amerikada keçilməsi mümkün olmayan sədd və hüdud yoxdur. Böyük arzularla yaşayan bütün qızlar üçün: Bəli, siz nə istəsəniz ola bilərsiniz-hətta prezident də. Bu gecə sizin üçündür.”

Hillari Klinton

Hillari Klinton

Klinton iyul ayında Filadelfiyada Demokrat partiyasının qurultayına qədər rəsmən prezidentliyə namizəd hesab edilmir. Lakin ABŞ mediasının bildirdiyinə görə, Klinton prezidentliyə nominasiya olmaq üçün lazım olan 2383 nümayəndənin dəstəyinə malikdir.