Dilşad Əliyarlı

Şeril Sandberq

Facebook şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Şeril Sandberqin təsis etdiyi Lean In təşkilatı qadınların bir-birinə dəstəyinin əhəmiyyətini vurğulamaq məqsədilə video kampaniyaya başlayıb.

“Birlikdə qadınlar bacarır” adlı video mesajda aktrisalar Kerri Vaşinqton, Eva Lonqoriya, Emma Vatson Selena Qomez, Lena Danham, idmançılar Sereya Vilyams və Abi Vambax, jurnalist Meqan Kelli və Şeril Sandberqin özü onlara həyatda və karyerada dəstək olub müvəffəqiyyət qazanmasına töhfə vermiş qadınlar haqda danışır. Onların hər biri qadınların bir-birinə dəstək verməsi ilə daha böyük nailiyyətlər qazana biləcəyini vurğulayır.

Lean In kampaniyasının qadınlara əsas mesajı isə budur: “Bir qadın başqa bir qadına kömək edəndə, onların hər ikisi bundan faydalanır. Bir qadın başqa bir qadının nailiyyətini təntənə edirsə, biz hamımız yüksəlirik. Birlikdə qadınlar daha çox iş görə, irəliləyə və dünyanı dəyişdirə bilər.”

Şeril Sandberq New York Times qəzetində yazdığı məqalədə qadınların professional və şəxsi həyatda bir-birinə dəstəyinin əhəmiyyətini xüsusi qeyd edib.

LeanInTogether

O adətən qadınların rəhbər olduğu yerlərdə başqa qadınların irəliyə gedə bilməməsi fikri ilə razılaşmayaraq yazıb ki, statistik baxımdan bu, həqiqətə uyğun deyil. O qeyd edib ki, qadınların icraedici direktor olduğu şirkətlərdə menecmentə qadınların qoşulması şansları daha yüksəkdir. Şeril Sandber yazıb ki, “düzdür, “Kraliça arı” adlandırılan qadın rəhbərlər mövcuddur”, amma başqa qadınların irəli gedə bilməməsi əslində, kişi menecerlərin yaratdığı şəraitlə bağlıdır. Onun sözlərinə görə, məsələ yenə də stereotiplərdədir, çünki qadınların kişilərlə müqayisədə daha nəzakətli və daha mehriban olması gözlənilir.

“Biz kişilərin aqressiv, qadınların isə mehriban olduğu kimi stereotiplər yaratmışıq. Qadınlar bu stereotipləri pozanda biz onları çox ciddi mühakimə edirik”-deyə Sandberq yazıb.

Facebook şirkətinin əməliyyatlar üzrə rəhbərinin sözlərinə görə, kişilərin dominant olduğu şəraitdə yüksək vəzifədə olan qadınlar öz mövqelərini itirməkdən ehtiyat edir və buna görə də başqa qadını irəli çəkməklə özünə zərər gətirə biləcəyini düşünür. Şeril Sandberq yazıb ki, qadınlar iş yerində başqa qadınları irəli çəkmək istəyəndə bu, çox vaxt “tərəfkeşlik, öz qrupuna aid işçilərə xüsusi münasibət” kimi dəyərləndirilir.

Sandberq iş yerində bərabərliyin təmin olunmasına çağırır və qadınların bir-birinə dəstək verib, model rolu oynamasının əhəmiyyətini vurğulayır. O qeyd edib ki, qadınlar arasında da fikir ayrılıqları və rəqabət ola bilər, amma bu, onların bir-birinə dəstək verməsinə mane olmamalıdır.