ABŞ prezidenti Barak Obamanın illik hesabat məruzəsi bir çoxlarının yaddaşında “Sputnik” çıxışı kimi həkk olunub.  Öz nitqində cənab Obama amerikalılara Sovetlərin fəzaya Sputnik göndərdiyi məqamı xatırlatdı və bu olaydan sonra ölkədə səfərəbər edilən elmi-texnoloji inkişaf səylərinə istinad etdi.  İndiyədək Amerikada ümumi fikir bundan ibarət olub ki, kommunistlərin kosmosoa peyk göndərən ilk qüvvə olması Amerikanı həyəcanlandırdı və hərəkətə gətirdi.  Lakin fərqli düşünənlər də var.

Mühafizəkar təmayüllü “National Review” məcmuəsində Teylor Daynerman həmin olayın tarixi əhəmiyyətinə yeni baxışla çıxış edir.  Daynermanın fikrincə Sputnik təbilğat baxımından sovetlər üçün qələbə hesab edilsə də əslində, real qələbə amerikalılara məxsus idi.  Onun yazdığına görə 1957-ci il, oktyabrın 4-də sovetlərin fəzaya Sputnik göndərməsinə prezident Dvayt Aysenhauerin reaksiyası çox sakit idi.  Belə ki, o, anlayırdı ki, sovet peykinin ABŞ səmasında uçmasına etiraz etməməklə ABŞ rəhbərliyi yeni presedentin əsasını qoyur – kosmosda hərəkət azadlığı.  Həmin vaxt WS-117 markalı ilk kəşfiyyat peyki üzərində işləyən Aysenhauer administrasiyası əslində Sputnik xəbərindən sevindi, çünki bu, o demək idi ki, bundan sonra amerikalılar qapalı kommunist dövlətləri üzərindən peyk uçuraraq orada baş verənləri izləmək imkanı qazanacaqlar.  Bu, belə də oldu.  Vaxt keçdikcə çox az adamın DTK nəzarəti olmadan ayaq basa bildiyi kommunist ölkələrində ilbəil ABŞ-ın kəşfiyyat aparmaq imkanları genişləndi.  Bir müddət sonra artıq Amerikanın Sovet hüdudlarına casus təyyarələri göndərməsinə ehtiyac qalmadı.

Teylor Daynerman həmçinin o zaman Amerikanın sovetlərdən geridə qalmasına dair əsassız səs-küy yaradılmasına da diqqət yetirir.  O zaman müxalifətdə olan Demokratlar rusların amerikalılardan daha çox silahlara, müasir raketlərə malik olduqlarını iddia edirdilər.  Demokrat Senator Stuart Sayminqton Aysenhauer administrasiyasını təslimçilikdə günahlandıraraq  1962-ci ildə Sovet İttifaqının 3,000 ballistik raketə sahib olduğunu deyirdi.  Reallıqda isə ABŞ-ın 5,000 nüvə raketi, sovetlərin isə cəmi 300 belə raketi var idi.  Daynerman yazır ki, statistikanı bilərəkdən şişirtməklə Sovet hökuməti kommunist üsul-idarəsinin kapitalizmdən üstün olduğu haqda görüntü yaratmağa can atırdı.  O biri tərəfdən bu iddialara əsas verməklə isə Demokratlar siyasi rəqiblərini ictimaiyyətin gözündən salmağa və siyasi divident qazanmağa çalışırdılar.