“Ərəblərin George Washington-u Varmı?” başlıqlı yazıda Bret Stephens ərəb inqilablarını Amerika İnqilabı ilə müqayisə edir.  Onun sözlərinə görə Amerika İnqilabını dünyada baş vermiş əksər inqilablardan fərqləndirən cəhət onun lideri George Washington-un hakimiyyətdən yapışmaması və əlində cəmləşmiş hüdudsuz səlahiyyətləri könüllü şəkildə təhvil verərək təqaüdə çıxması idi.  Washington-un hakimiyyətdən getmək xəbərini eşidən İngiltərə kralı III George demişdi: “Əgər o, bunu etsə dünyanın ən böyük adamı olacaq.”  Hakimiyyətin şirinliyini öz təcrübəsində dərk edən kral bu məsələdə haqlı idi.

Livan, Misir və Tunis inqilablarına nəzər salan Stephensin sözlərinə görə təkcə nifrət obyekti olan rejimi devirməklə iş bitmir. Habelə azadlıq və siyasi təmsilçilik tələb etmək də kifayət etmir.  İnqilabın uğurla başa çatması üçün siyasi xülyaları reallığa çevirə biləcək LİDER-lərə ehtiyac var.  Problem ondadır ki, yaxşı insanların adətən güclü ambisiyası olmur.  Güclü ambisiyası olanlar isə adətən şarlatan, romantik və ya çaqqallar olur ki, xalq inqilabından da əksər hallarda bu ünsürlər bəhrələnir.  Amerikalılar kimi fransızlar və misirlilər əvvəllər də inqilab etmişdilər.  Amma fransızların bəxtinə Robespiyer, misirlilərə isə Nasir düşmüşdü. Öz ölkələrində həqiqi demokratiya görmək istəyən toplumun Amerika nümunəsinə nəzər salması onları qarşıda duran potensial bəlalardan qoruya bilər, deyə Bret Stephens yazısını bitirir.  Bəs siz necə, Amerika İnqilabını sıradan tək sayırsınızmı?  Sizcə liderlərin inqilabın uğurunda rolu nə dərəcədə böyükdür?