Donald Rumsfeld, İraq müharibəsi və Yaxın Şərqdə demokratiya

Posted March 5th, 2011 at 11:56 pm (UTC-5)
Leave a comment

Hazırda Donald Rumsfeld-in “Bilinən və Bilinməyən” adlı avto-bioqrafiyasını oxuyuram.  Rumsfeld 1960-cı illərdən bəri Amerika siyasətində öz dəst-xətti ilə tanınan görkəmli xadimdir.  Siyasi karyerası prezident Richard Nixon-un hakimiyyəti dönəmində start götürən bu adam iki dəfə ABŞ-ın müdafiə naziri olub və müxtəlif növ məsul vəzifələrdə çalışıb.

Azərbaycanda bir çoxları onu İraq müharibəsinin əsas müəlliflərindən biri kimi tanıyır.  Elə kitabın adı da İraq müharibəsi dönəmində çətin suala Rumsfeld-in məşhur cavabından qaynaqlanır.  Terror hücumlarının qarşısını niyə ala bilmədiklərini soruşan jurnalistə o zamankı müdafiə naziri demişdi: “Elə şeylər var ki, biz onları bilirik, elələri var ki, onları bilmədiyimizi bilirik, elələri də var ki, onları bilmədiyimizi bilmirik.”  Yanıltmaca kimi səslənən bu fikir bir arada dillərə düşmüşdü və Rumsfeld məsxərə hədəfinə çevrilmişdi.

Ancaq Rumsfeld-in avto-bioqrafiyası təkcə İraq müharibəsinin pərdəarxası məqamlarına deyil, son 50 ildə Amerika siyasətinin zirvəsində cərəyan edən hadisələrə unikal perspektiv verir.  Bəzi başqa avto-bioqrafiyalardan fərqli olaraq səmimi və asan dildə yazılmış bu kitabda müəllif öz mühafizəkar siyasi baxışlarını, bu baxışlara necə yetişdiyini və siyasi fəlsəfəsinin onun həyati qərarlarındakı təsirini mükəmməl təsvir edir.

Lakin qayıdaq yenidən İraqa…  Rumsfeld İraq müharibəsinə dair qərarın prezident George W. Bush tərəfindən verildiyini, özünün əsasən icraçı olduğunu iddia edir.  Bu xüsusda o, Səddam Hüseynin qəddar diktator olaraq hakimiyyətdən devrilməsinə müsbət yanaşdığını da gizlətmir.  Onun sözlərinə görə siyasi azadlıqların Yaxın Şərqdə ayaq tutması dünyada sülhün bərqərar olması üçün mühüm şərtlərdən biridir.  Eyni zamanda o, hesab edir ki, vaxtında Amerika rəhbərliyi iraqlılara daha çox nəzarət həvalə etməli idi, və demokratiya qurmaq kimi çətin bir yükün məsuliyyətini yerli insanlarla paylaşmalı idi.  Belə ki, özünü-idarəçilik xalqın istək və bacarığından asılıdır.

Son zamanlar Misir və Tunisdə baş verənlərin fonunda Amerikada İraq müharibəsi ilə debatlar yenidən canlanıb.  Bir rəy sorğusuna görə amerikalıların indi yalnız 51 faizi hesab edir ki, İraq müharibəsi yanlış qərar idi.  Bəs siz necə düşünürsünüz?  İraqa hərbi müdaxilə düzgün idimi?  Sizcə, İraqda hazırkı durum Səddam Hüseynin devrilməsinə sərf olunmuş itkilərə dəyərdimi?   Sizcə, İraqda baş verənlər – Səddamın edamı, demokratik seçkilərin keçirilməsi, parlament hökumətinin formalaşması – Ərəb dünyasında demokratik dalğaya töhfə və ya təkan verdimi, yoxsa ümumiyyətlə bunun heç bir rolu olmayıb?  Siz Amerikanın diktatura məngənəsinə düşmüş ölkəyə demokratiyanı hərbi müdaxilə vasitəsilə gətirməsinə necə baxırsınız?  Yaxud, hesab edirsinizmi ki, Amerika başqa ölkələrə demokratiya bəxş etməkdə səmimidir?  Buyurun, yazın!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories