Ərəb İnqilabları: İslam, Səfalət, yoxsa Demokratiya?

Posted March 7th, 2011 at 8:23 pm (UTC-5)
Leave a comment

Qərb ictimaiyyəti arasında ərəb inqilabları ilə bağlı müəyyən çaşqınlıq hökm sürür.  “Bunlar nə istəyir?” sualı əvvəllər sonu fəlakətlə bitən inqilabları müşahidə etmiş ekspertlərdə təlaş doğurur.  Çoxları açıq şəkildə 1979-cu ilin təkrar olacağından narahatlıqlarını ifadə edirlər.  Bəziləri isə hətta yada 1917-ci il Bolşevik inqilabını salır.

New York Post qəzetinin yazarı Əmir Taheri deyir ki, Vaşinqtonda eşitdiklərinə görə Obama administrasiyasının bəzi nümayəndələri ərəb inqilablarının izahatı üçün səfalət, İslam və anti-Amerikanizm kimi arxaik səbəblərə üz tuturlar.  Omanda baş qaldıran etiraz dalğasını misal gətirən Taheri yazır:  Omanda çoxluq İbadhi təriqətinin davamçılarıdır ki, onlar kifayət qədər mötədil olur və dinin siyasətdən ayrı saxlanılmasına tərəfdardırlar.  Anti-Amerikanizm yaxud anti-İsrail təmayülünə gəldikdə də Oman bu kateqoriyaya düşmür.  Belə ki, 1970-ci illərdən bəri Amerikanın burada hərbi bazaları yerləşir və İsrailin mədəniyyət xadimləri mütəmadi olaraq Omanda keçrilən festivallara qatılırlar.  Qaldı ki yoxsulluğa, ərəb kralları və despotlarının xalqa rüşvət vermək cəhdləri demək olar ki, bütün hallarda iflasa uğrayıb.

Taheri bütün ərəb inqilablarını bir-birinə bağlayan vahid tel görür ki, bu tel vətəndaşların idarəçilik sistemi haqda ümumi təsəvvürlərini əks etdirir.   İndiyədək Bəhreyndən tutmuş Mərakeşə qədər bütün ərəb ölkələrində insanlar özlərinin təbəə statusunu qəbul edirdilər, hökumətlə mübahisədən yayınırdılar.  Əvəzində hökumət sakinlərin başını İsrail-Fələstin münaqişəsi ilə qatırdı və gizlincə anti-Amerikanizmi alovlandırırdı.  İndi isə insanlar özlərinə vətəndaş münasibəti tələb edirlər.  “Bizim Yaxın Şərqdə gördüyümüz iqtisadi etiraz yox, siyasi oyanışdır.  İnsanlar fironun, sultanın, əmirin, şeyxin və ya ali dinin rəhbərin təbəələri olmaqdan cana doyublar.  Onlar hörmətə əsaslanan vətəndaş qismində öz hökumətləri ilə yeni münasibətlər qurmaq istəyirlər,” deyə Əmir Taheri yazır.

Siz Əmir Taherinin qənaətini bölüşürsünüzmü?  Yaxud nəsə əlavə etmək istərdinizmi?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories