Ərəb dünyasını inqilab dalğası bürüdükcə bir çoxları ərəb ölkələrinin Türkiyə modelini örnək götürəcəyinə ümid edirlər. Lakin ABŞ-da yaşayan ekspert Söner Çağaptayın fikrincə Türkiyədə baş verən son dəyişikliklər bu modelin dayanıqlığını sual altına qoyur.  Wall Street Journal-da məqalə ilə çıxış edən təhlilçi Türkiyədə siyasi İslam cərəyanının güclənməsindən dərin narahatlığını izhar edir və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyi altında Türkiyənin dünyəvi irsinin zərbələrə məruz qaldığını bildirir.

Söner Çağaptay etiraf edir ki, AKP Türkiyədə fundamentalist dövlət yaratmağa can atmır. Lakin hakim partiyanın yürütdüyü mühafizəkar siyasət istər-istəməz bu sonluğa apara bilər. Hakimiyyətə gəldikdən bəri AKP ictimai atmosferin islamlaşdırılması yönümündə bir sıra tədbirlər görüb. Qadınların baş örtüyündə gəzməsi ruhlandırılır, alkohollu içkilər ictimai qınaq obyektinə çevrilir. Belə bir mühitdə yalnız mühafizəkar müsəlmanlar hökumət vəzifələrində irəli çəkilir və tədricən mühafizəkar baxışlı adamlar siyasi elitaya çevrilir.

Çağaptay yazır ki, söhbət AKP-nin məramlarından deyil, onun rəvac verdiyi mühitdən gedir ki, bu mühit sanki kimin daha mühafizəkar müsəlman olması üsrə bir yarışa start verib. AKP İslam bayrağından həm daxili siyasi opponentlərə qarşı, həm də kürd muxtariyyatı məsələsində istifadə edir. Lakin vaxt gələ bilər ki, oyun tam şəkildə nəzarətdən çıxa bilər. “Dini mühafizəkarlıq ideoloji gözəllik müsabiqəsidir ki, burada yalnız ən eybəcəri qalib çıxacaq,” deyə Çağaptay xəbərdarlıq edir.