Government shutdown – yəni hökumət bağlantısı əksər qeyri-amerikalılar üçün xeyli qəribə səslənən ifadədir. Axı hökumət necə bağlana bilər? Demokratik təcrübəsi olmayan ölkələrdə hökumətin inqilabdan savayı hansı səbəblə bağlanması xüsusi təəccüb doğurur. Hətta demokratik təcrübəsi olan ölkələrdə də hökumətin bağlanması nadir rast gəlinən hadisədir.

Hakimiyyət bölgüsünün konkret şəkildə təsbit olunduğu konstitutsional respublika kimi təşəkkül tapmış Amerika Birləşmiş Ştatlarında hökumət xərcləri ilə bağlı meydana çıxan mövqe fərqləri bəzən hökumət bağlantısına gətirib çıxarır. Noybarın 2-də keçirilmiş Konqres seçkilərində müxalifətdə olan Respublikaçıların qalib gəlməsi mühafizəkarların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası ilə Demokrat prezident Barak Obamanın administrasiyası arasında hökumət xərclərinə dair fikir ayrılıqlarını siyasi qarşıdurma halına gətirib. Bağlantı məhz o zaman baş verir ki, hakimiyyətin qanunverici qanadı ilə icraçı qanad büdcə ilinin maliyyəşləşməsi üzərində razılığa gələ bilmirlər. Hökumət orqanlarına maliyyə vəsaitlərinin ayrılmadığı halda hökumət həmin bu sahələrdə xidmət göstərməyi dayandırır. Adətən bağlantıya baxmayaraq fəaliyyətini davam etdirən xidmətçilər sırasına polislər, yanğınsöndürənlər, silahlı qüvvələr, hava nəzarətçiləri və həbsxana işçiləri daxildir.

Bağlantılar tez-tez baş vermir. 1977-ci ildən 1980-ci ilədək 6 bağlantı baş verib. 1981-ci ildən 1996-cı ilədək isə əlavə 6 bağlantı olub. Son hökumət bağlantısı 1995-ci ilin dekabrında baş vermişdi. Tarixi göstəricilərə əsasən bağlantılar 3 gündən 21 günədək çəkə bilər.