Bloqlarda yaranan fasiləyə görə üzr istəyirəm.  Bir həftəlik Meksikaya səfərim zamanı internetə çıxışım xeyli məhdud idi.  Səfər istirahət xarakterli idi.  Amerikada yaşayan çox adam istirahət etmək üçün adətən cənub qonşusu olan Meksikaya yollanır.  Buraların havası xoş, təbiəti gözəl, okean sahili ilə füsunkardır.  Cancun, Playa del Carmen, Cozumel, Mazatlan və Los Cabos kimi sahilyanı şəhərlər Meksikanın tanınmış turist məkanlarındandır.  Tropik hava almaq istəyən turistləri özünə cəlb edən bu guşələr sadə meksikalılar üçün nəhəng gəlir mənbəyidir.  Turizm zənayesinin son 10 ildə xeyli inkişaf etdiyi Meksikada otel xidmətləri, restoranların keyfiyyəti və əyləncə parkları misilsizdir.  Rəsmilər Meksika aeroportlarına enən turistləri asanlıqla və qısa bir vaxt kəsimində qəbul edərək onları rahat yerləşdirirlər.  Bu ölkəyə gələn turistlərin maksimum məmnun qalması meksikalılar üçün həyat naqilidir, və onlar bu faktı dərk edirlər.

Təəssüf ki, Meksikanın ecazkar gözəlliyi oradakı bir sıra ciddi problemlərlə təzad təşkil edir.  Narkoticarətin inkişaf etdiyi ABŞ-la sərhəd bölgələrdə – Ciudad Juarez və Tijuanada hər il yüzlərlə adam kartellərin qurbanlarına çevrilir.  Son statistik məlumatlara görə cinayətlərin sayına görə Meksika dünyada 6-cı yerdə gedir.  Meksikada qətllərin sayı Amerikadan ikiqat artıq olsa da turist məkanlarının yerləşdiyi guşələrdə cinayətin səviyyəsi xeyli aşağıdır.  Meksika rəsmiləri turistlərin gəldiyi yerlərdə maksimum təhlükəsizlik yaratmağa can atırlar və burada olan turistlər özlərini sərbəst hiss edir.  Əslində hökumət rəsmiləri ötən illərlə müqayisədə cinayətin xeyli azaldığını bildirirlər.  Onların dediyinə görə qətl hallarının artmasına səbəb məhz güclənən hökumətin kartellərə qarşı effektiv mübarizəsidir.