Müharibə

Posted May 1st, 2011 at 12:57 pm (UTC-5)
Leave a comment

Sebastian Junger-in Müharibə adlı kitabı 2010-cu ilin ən çox satılan kitablarından olub.  Kitabda müəllif müharibənin psixoloji və sosial cəhətlərini ustalıqla təhlil edir.  15 ay Əfqanıstanda ABŞ ordusunun əsgərləri ilə vaxt keçirən Junger döyüş zonasında yaşanan emosiyaları oxucuya müfəssəl şəkildə çatdırır.  Əfqanıstanın ən təhlükəli regionu, Amerika ordusunun müasir üstünlüklərini heçə endirən dağlarda, əsas cəbhə xətti sayılan Korenqal vilayətində 2-ci batalyonla birlikdə müharibənin ağrı-acısını dadan müəllif siyasi aspektləri tamamilə bir kənara qoyaraq müharibənin vahiməsini, monotonluğunu, acısını, qardaşlığı və bəzən lunatik dərəcəsinə çatan həyəcanı göstərir.  Üç hissəyə bölünmüş kitabda müəllif əsasən qorxu, öldürmək və sevgi kimi fundamental insan təcrübələrini dərk etməyə çalışır.

“Qorxaqlıq əməli təsvir edir, emosiyanı yox,” deyə Junger oxucuya bildirir.  Onun sözlərinə görə hər bir insan qorxu hissi keçirir.  Lakin bu hissə verilən reaksiyalar bir-birindən xeyli fərqlənir.  Bəşər övladının müharibədəki davranışını təhlil edən Junger insanın beynində dopamin maddəsinə ehtiyac olduğunu yazır.  Kişilərdə bu ehtiyac qadınlardan xeyli yüksək olduğundan onlar ovçuluğa, qumara, kompüter oyunlarına və nəhayət vuruşmağa meylli olurlar.  Onun yazdığına görə bəzən cəbhə xəttində əsgərlər kifayət qədər dopamin almadıqda döyüşə qatılmaq üçün fürsət axtarırlar.  İnsan həyatının hər an ölüm təhlükəsi ilə üzləşdiyi yerdə əsgərlər bir-birləri ilə qırılmaz tellər qururlar.  Hər bir əsgər döyüş yoldaşına potensial xilaskar kimi baxır, və bu həqiqətən də belədir.  Müəllif Korenqal vilayətində dostlarının həyatı naminə özünün qurban verən bir neçə əsgərin şücaətindən söz açır.  Müharibənin reallıqları haqda mükəmməl təsəvvür qazanmaq istəyən hər bir şəxsə bu kitabı oxumağı məsləhət görərdim.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories