Barak Obamanın Mümkün Rəqibləri

Posted May 26th, 2011 at 2:09 pm (UTC-5)
Leave a comment

2012-ci il prezident seçkiləri ərəfəsində Respublikaçılar düşərgəsində müəyyən canlanma müşahidə olunur.  Prezidentliyə potensial namizədlər sırasında ötən praymeri mövsümündə məğlub olmuş namizədlərdən əlavə hazırda sağ qanadı təmsil edən bir sıra görkəmli siyasi xadimlər yer alıb.  Namizədliyə şanslı siyasətçilər qismində tez-tez sabiq Massachussetts qubernatoru Mitt Romney, Nümayədələr Palatasının sabiq spikeri Newt Gingrich və Minnesota qubernatoru Tim Pawlentynin adları çəkilir.  İndiyədək Respublikaçılar düşərgəsinin ulduzları hesab olunan İndiana qubernatoru Mitch Daniels və sabiq Arkansas qubernatoru və FOX News telekanlında siyasi şou aparıcısı Mike Huckabee namizədliklərini verməkdən imtina ediblər.  Bunlardan birincisi bir vaxtlar borc içində üzən İndiana ştatında effektiv idarəçi, sonuncusu isə dini-mənəvi dəyərlərə sadiq mülayim xarakterli şəxs hesab olunur.  Maraqlıdır ki, vaxtikən adı dillərdən düşməyən sabiq vitse-prezidentliyə namizəd Sarah Palin Respublikaçılar arasında keçrilən rəy sorğularında aşağı reytinqə malikdir.  Bəziləri bunu onun daim özünü reklam etməsi və intellektual baxımdan prezidenliyin tələb etdiyi sınaqlara hazır olmaması ilə əlaqələndirir.

Əl-Qaida lideri Osama bin Ladenin öldürülməsi ilə nəticələnən əməliyyatadək təhlilçilər Barak Obamanın yenidən seçilmə şansını zəif qiymətləndirirdilər.  Belə ki, əksər rəy sorğularında respondentlərin yarıdan çoxu ona yenidən səs verməyəcəklərini deyirdilər.  Obamanın zəif reytinqləri pis iqtisadi durum və yüksək işsizliklə əlaqələndirilir.  Amerikanın bir nömrəli düşmənini məhv etməklə Obama ictiami fikirdə müəyyən dəyişiklik yarada bilib.  Lakin bu dəyişikliyin prezident seçkilərinədək sürəcəyi hələ ki, məlum deyil.  Yaddan çıxarmaq olmaz ki, Birinci Körfəz Müharibəsində qalib gəldikdən sonra o zamankı prezident George H.W. Bushun reytinqi az qala 90 faizə çatmışdı.  Amma cəmi bir il sonra ata Bush çox az adamın tanıdığı və nüfuzlu Demokrat siyasətçilərin qatılmağa lüzum görmədikləri praymerilərin qalibi Bill Clintona məğlub  oldu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories