“Rusiyadan tutmuş Venesuelaya, Tailanda və Filippinədək bir vaxtlar demokratiyaya doğru irəliləyən ölkələr indi əks istiqamətdə kurs götürüblər,” Joshua Kurlantzick The New Republic məcmuəsində yazır.  Ərəb Baharının inqilabları bir çoxlarında demokratiyanın dünya boyu zəfər astanasında olması barədə təsəvvür yaradıb.  Müəllif isə hesab edir ki, statistik göstəricilərə gəldikdə, 2006-cı illə 2010-cu il arasında iflasa uğramış demokratiyalar və ya avtoritar rejimlərin sayı az qala ikiqat artıb.  2005-ci ildə demokratik cəmiyyətlərdə yaşayan adamların sayı tarixdə ilk dəfə olaraq qeyri-demokratik cəmiyyətlərədə yaşayan adamların sayını üstələmişdi.  Amma bu fenomen çox çəkmədi.

Kurlantzick geriləmənin səbəblərini müxtəlif faktorlarla izah edir.  Lakin bunlardan ən başlıcası avtoritar liderlərin təşəbbüsü deyil, məhz xalqların demokratiyaya arxa çevirməsi ilə əlaqələndirilir.   Məsələn, Rusiyada keçirilən sorğuda əhalinin yalnız 16 faizi demokratik idarəçiliyin onlar üçün önəm daşıdığını qeyd edib.  Afrobarometr sorğusunda da qitədə demokratiyaya ictimai dəstəyin xeyli azaldığı müşahidə olunur.  Qvatemala, Paraqvay, Peru, Honduras və Nikaraquada əhalinin cüzi hissəsi demokratiyanı başqa idarəçilik sistemlərinə üstün tutub.

Bir sıra ölkələrdə daxili siyasi mənzərə tündləşdikcə, beynəlxalq sistem də demokratizasiyanın əleyhinə tendensiyalar nümayiş etirib.  Çin və Rusiya kimi avtoritar qüdrətlər “rəngli inqilablardan” qorxuya düşərək yeni yaranan hökumətlərin çokdürülməsi üçün xeyli səy sərf ediblər.  Ukrayna, Gürcüstan, Qırğızıstan, Moldova və Kamboca kimi ölkələrdə həmin bu qüdrətlər birbaşa müdaxilə edərək demokratik irəliləyişləri aradan qaldırmağa cəhd ediblər.  Kremlə məxsus gənclər qrupu “Naşi” hətta Orta Asiyada öz filiallarını açıb.  Bu geriləmədə demokratiyadan əli soyuyan Qərb dövlətlərinin də payı az olmayıb.

“Belə bir anlayış daim vurğulanır ki, insan azadlığı qarşısıalınmazdır və gec-tez tarix demokratiyanın qələbəsini diktə edəcək.  Bu, təhlükəli fikirdir, çünki çoxunda demokratiyanın təbii şəkildə yayılacağına dair arxayınçılıq yaradır.”  Hətta demokratik seçkilərin keçirilməsi də demokratiyanın bərqərar olması anlamına gəlmir.  “Demokratiya sadə deyil: Bu, güclü institutlar və balanslaşdırıcı hüquqi mexanizmin mövcud olduğu mürəkkəb sistemdir.  Çox az millət belə bir sistemi effektiv şəkildə qurmağa müvəffəq olub.  Və demokratiyanı qoruyub saxlamaq ardıcıl səylər tələb edir.”