Amerikanın mühafizəkar dairələrində Avropaya hakim kəsilən sosial-demokrat cərəyanı uzun müddət ikrah hissi doğurub. Prezident Barak Obamaya ünvanlanan tənqidlərin özəyində belə bir arqument tez-tez səsləndirilir ki, solçu baxışlara malik prezident Amerikanı daha çox Avropaya bənzətməyə çalışır. Müxalifət hesab edir ki, onun sosialist təmayüllü siyasəti kollektivin maraqlarını fərdi təşəbbüsdən üstün tutmaqla Amerikanın unikal sahibkarlıq mədəniyyətinı zərbə vurur və iqtisadiyyatı zəiflədir. Son yarım əsrdə sıx siyasi və iqtisadi tellərə baxmayaraq Birləşmiş Ştatlar həqiqətən əksr xüsusiyyətlərdə Avropadan fərqliliyini saxlayıb. ABŞ-da dövlət sektorunun həcmi Avropaya nisbətən xeyli kiçikdir, sosial sığorta proqramları məhduddur və hökumət iqtisadi bərabərsizliyi deyil, pul qazanmaq üçün qarşıda duran əngəlləri aradan qaldırmağı əsas vəzifə hesab edir.

Yunanıstanda səngiməyən etiraz aksiyaları, İspaniya, İtaliya və başqalarını üzləşdiyi dərin böhran bir çoxlarının gözündə Avropa sosializmi haqda deyilənləri təsdiq edir. “Post-1945 erasının özək dəyərlərini təşkil edən həmrəylik və sosial ədalət bütün cəbhələrdə geri çəkilir,” Timothy Garton Ash Los Angeles Times qəzetində yazır. Ciddi miqrasiya problemləri ilə üzləşən Avropanın imkanları iqtisadi, siyasi və hətta hərbi baxımdan tükənib. Bunun üçün təkcə Avropa dövlətlərinin zəif Liviyada rəhbər rolunda çıxış etdikləri hərbi kampaniyaya nəzər salmaq kifayət edir. Avropalılar kampaniya başladıqdan cəmi bir neçə ay ötmüş artıq sursat çatışmazlığından şikayətlənirlər. Türkiyədə parlament seçkilərində qalib gəlmiş Rəcəb Təyyib Ərdoğan öz qələbə çıxışında heç Avropa İttifaqının adını da çəkmədi.

Müəllifin sözlərinə görə Avropa İttifaqı ideyasının yaranmasında ümumi müharibə təcrübəsi, Holokost faciəsi, faşizm/kommunizm təhlükələri və Amerikanın səxavətli yardımı katalist rol oynamışdı. İttifaqı bərkidən güclü emosional faktorlar artıq solub. Bir vaxtlar Avropa İttifaqına siyasi layihə kimi baxılırdı. Amma indi ümumi maliyyə məkanının yarandığı bir məqamda birliyin iqtisadi qüdrəti əsas önəm daşıyır. Timothy Ash Garton vəziyyətdən çıxış yolunu Almaniyanın sərgiləyəcəyi mövqedə görür. Belə ki, Avropa dövlətləri arasında iqtisadi baxımdan ən sağlam ölkə Almaniya sayılır və hələlik borc içində üzən dövlətlərə krediti də Berlin verir. Lakin bu rolu davam etdirmək üçün kansler Angela Merkel alman xalqını inandırmalıdır ki, Vahid Avropa Almaniyanın maraqlarına cavab verir. Bu, həqiqətən də belədir. Amma artıq gec ola bilər.