Ağ Ev ABŞ-ın Liviyadakı hərbi kampaniyasının qanuniliyi barədə Kapitoliyə geniş izahat göndərib. 30 səhifəlik sənəddə Ağ Ev bildirir ki, 1973-cü il Müharibə Səlahiyyətləri Haqda Qətnamə ABŞ-ın NATO rəhbərliyi altında Liviyada keçirilən hərbi əməliyyatlarına şamil olunmur. Həmin qətnamə konqresin icazəsi olmadan ABŞ qüvvələrinin 60 gündən artıq hərbi əməliyyatlarda iştirak etməsinə qadağa qoyur. Liviyadakı əməliyyatlar isə artıq 90-cı günə daxil olub.

Dilinin sadəliyinə baxmayaraq prezidentlər tərəfindən tez-tez qulaqardına vurulan Müharibə Səlahiyyətləri Qətnaməsinin maraqlı tarixçəsi var. 1973-cü ildə Nümayəndələr Palatası və Senat tərəfindən təsdiq olunduqdan sonra o zamankı prezident Richard Nixon qanuna veto qoymuşdu. Bundan sonra Konqres bir araya gələrək həlledici səs çoxluğu ilə qanunu qüvvəyə mindirmişdi.

Qanunu əsaslandıran başlıca faktor İkinci Dünya Müharibəsinin ardınca ABŞ prezidentlərinin Koreya və Vyetnamda hərbi əməliyyatlara başlamağa əmr verməsindən qaynaqlanır. Həmin hərbi müdaxilələr zamanı prezident Konqresdən icazə almağa lüzum görməmişdi, halbuki Konstitutsiyada açıq şəkildə yazılıb ki, müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur.

Maraqlıdır ki, tarixən Konqreslə prezident idarəsi arasında meydana çıxan münaqişələri həll etməyə borclu olan Ali Məhkəmə müharibə mövzusunda gəldikdə müdaxilədən yayınıb. Amerikanın baniləri konstitutsiyanı tərtib edəndə nəzərə almışdılar ki, Avropa monarxlarının arbitrar şəkildə öz ölkələrini müharibəyə aparması bu dövlətləri ən yaxşı halda müflis etmiş, bəzi hallarda isə viran qoymuşdu. Amerika Respublikasının qurucuları ona görə də prezidentə qeyd-şərtsiz bu səlahiyyəti verməkdən çəkinirdilər. Amma prezident qismində xidmət etmiş John Adams və Thomas Jefferson kimi şəxsiyyətlər anlayırdılar ki, respublikanın effektiv fəaliyyət göstərməsi, baş verənlərə çevik reaskiya verə bilməsi güclü və müəyyən mənada müstəqil prezident idarəsini tələb edir. Elə Birləşmiş Ştatları ötən yüzillikdə qeyri-sabit siyasi sistemləri ilə tanınan Avropanın parlament respublikalarından ayıran başlıca fərq də Amerikadakı prezident idarəsinin unikal xarakteri idi.

1973-cü ildə qanun qəbul edildikdən bəri konqres rəsmən müharibə elan etməyib. Lakin ABŞ qanunvericiləri Yuqoslaviya və İraq kimi yerlərdə hərbi əməliyyatların maliyyələşdirilməsinə razılıq veriblər. Bir sıra hallarda prezidentlər bu razılığı müharibənin dolayı yolla təsdiqlənməsi kimi yozurlar. Lakin Liviya məsələsinin doğurduğu debat göstərir ki, Konqres konstitutsiyada təsbit olunmuş bu mühüm səlahiyyətini prezidentə müqavimətsiz təslim etmək fikrində deyil.