İki həftəlik fasilədən sonra bloqa qaytmaqdan məmnunam.  Həyat yoldaşımın ailəsinə baş çəkmək üçün Yaponiyaya getmişdim.  Bu, Yaponiyaya ikinci səfərim idi.  Amma hər dəfə aldığım təəssüratlar bu cəmiyyətin unikallığını nəzərimdə təsdiq edir.  Səfər zamanı Tokyo, Naqano, Sapporo və Obihiro kimi iri şəhərlərdən əlavə bir neçə qəsəbə və kənddə oldum.

Səfərin ilk dayanacağı olan paytaxt Tokyoda nüvə böhranının izləri hiss olunurdu.  Univermaqlarda və oteldə enerjiyə qənaət olunması üçün kondisionerlər tam soyudulmamışdı.  Şəhər gecələr nisbətən qaranlıq saxlanılırdı.  Təmasda olduğum insanlar sunami və nüvə böhranından çox danışmırdılar.  Belə görünür ki, İkinci Dünya Müharibəsinin dəhşətini görmüş yaponlarda son aylarda baş verənlər elə də ciddi narahatlıq doğurmur.  Hər halda kənardan baxana yaponlar emosiyadan uzaq millət təsiri bağışlayırlar.  Onlar çox nadir hallarda ictimai yerdə bir-birinə toxunar və yaxud sevgi göstərərlər.  Mənim görüşdüyüm adamların çoxu nəzakətlə baş əyir və əsasən bu yolla öz ehtiramlarını göstərirdilər.

Əlbəttə, toxunmaq etiketinin olmamasını kobudluqla eyniləşdirmək yanlış olardı.  Belə ki, yaponlar məndə dünyanın ən nəzakətli milləti təsiri bağışlayır.  İctimai xidmət sahəsində təmasda olduğumuz adamların əksəriyyəti gülərüz şəkildə müştəriyə kamil xidmət göstərmək üçün əllərindən gələni edirdilər.  İstər qatar stansiyasının işçisi, istər taksi sürücüsü, istər xadimə, istərsə də satıcı olsun, insana xidmətin səviyyəsi başqa olduğumu heç bir ölkədəki xidmətlə müqayisə oluna bilməz.  Həmişə vaxtında, həmişə nəzakətlə və maksimum keyfiyyət!  Təyyarəni istiqamətləndirən aeroport işçilərinin təyyarə yola düşərkən sıraya düzlənib baş əyərək sonra əl yelləməsi yaddaşa həkk olunan çoxsaylı müşahidələrdən biri idi.

Cəmiyyətdə mövcud olan super xidmət səviyyəsi həm də yaponların işgüzar olması ilə sıx bağlıdır.  Yapon cəmiyyətində hamı öz işinə şəxsi reputasiyasının barometri kimi baxır.  İctimai dairədən əlavə, özəl həyatda həyat yoldaşımın fermer qohumlarının sübh çağından gecəyədək işləməsinin şahidi oldum.  İki həftəlik müddətdə təmasda olduğum heç bir yerdə tənbəl, işinə etinasız münasibət bəsləyən adam görmədim.  Bəlağətə varmadan demək olar ki, yaponlar işləmək üçün yaşayan adamlar toplumudur.

Yaponiyanın uğurlu cəmiyyət olmasında bu ölkənin seçdiyi, daha doğrusu seçməyə məcbur edildiyi kursu da nəzərdən qaçırmaq olmaz.  ABŞ-a təslim olduqdan sonra Yaponiya general Douglas MacArthur-un rəhbərliyi altında demokratiyaya keçid etdi.  Meydana çıxan siyasi və iqtisadi azadlıqlar sayəsində Toyota, Panasonic, Mitsubishi və bir çox texnika nəhənglərini ərsəyə gətirən cəmiyyət möcüzəvi sürətlə dünyanın ikinci ən böyük iqtisadi qüdrətinə çevrildi.  Belə görünür ki, Allah yaponları Stalinin istilasından qorumaqla onlara böyük xoşbəxtlik bəxş edib.  Şəxsən məndə şübhə yoxdur ki, Yaponiya kimi kamilliyə can atan millət kommunizm yoluna qədəm qoysaydı, bəlkə də Kim Conq İlin Şimali Koreyası müqayisədə toy-bayram olardı.  Belə görünür ki, yaponlar özləri də Amerikanın onlara bəxş etdiyi demokratiya səadətinin dəyərini anlayır və onları məğlub edib sonra ayağa qaldıran Respublikanın alicənablığını unutmurlar.  Həyat yoldaşımın bu yaxınlarda vəfat etmiş babası (onun əsgər qardaşı müharibə zamanı amerikalılar tərəfindən Filippində öldürülmüşdü) Birləşmiş Ştatlar haqda həmişə müsbət danışar və amerikalıların gəlişindən əvvəlki acınacaqlı həyatı xatırlayardı.

Yaponlar Amerikanıın təmsil etdiyi demokratiya, azad bazar və modernizasiya ideyalarını qəbul etməklə yanaşı həm də qədim adət-ənənələrini qoruyub saxlayıblar.  Olduğum bir çox məclislərdə insanlar yerdə oturar, taxta çubuqlarla yapışqan düyü ilə zəngin olan təamlar yeyərdilər.  Küçələrdə tez-tez kimono geymiş qadınlara rast gəlmək olar, ələlxüsus Tokyonun məşhur Asakusa məhəlləsində.  Burada habelə ən qədim Buddist məbədlərindən biri yerləşir.  Hər bir evin guşəsi qədim yapon dininə əsasən həyatdan getmiş ailə üzvlərinin xatirəsinə həsr olunur.  Zəlzələyə dözümlü göydələnlərlə bərabər, yaponlar tikililərdə, bağlarda milli üslublara üstünlük verirlər.  Qərbin təklif etdiyi inkişaf modelini az qala tamamilə qəbul etmiş yaponlar cəmiyyətlərinin tarixi-ənənəvi köklərindən agahdırlar.  Bir sözlə, sadə yapon saat kimi işləyən infrastrukturla futon üzərində yatmaq arasında ziddiyət görmür.