Çinlilərdə qədim bir qarğış var:  “Görüm səni maraqlı vaxtlarda yaşayasan!”  National Review məcmuəsinin yazarı Conrad Black müsəlman dünyasında yaşanan çalxalanmanın mənasını anlatmağa çalışırkən, baş verən hadisələrə lokal nöqteyi-nəzərdən, eyni zamanda ehtiyatla yanaşmağı tövsiyə edir.  İlk baxışda adam elə gəlir ki, regionu bürümüş demokratik oyanış avtoritar rejimləri süpürərək onları Toqueville-in təsvir etdiyi demokratik özünüidarəçiliklə əvəzləyəcək.  Lakin spesifik ölkələrdə cərəyan edən etiraz dalğalarına nəzər saldıqda, görünür ki, müəyyən dil və din vəhdətinə baxmayaraq siyasi təlatümlə üzləşən ərəb cəmiyyətləri oyanışın müxtəlif mərhələlərini yaşayırlar.  Bəziləri üçün bu, müsbət xarakter ala bilər, başqalarını isə ən yaxşı halda qeyri-aydın gələcək gözləyir.

Müəllif hesab edir ki, Mərakeş, Liviya və Tunisdə baş verən hadisələr müəyyən nikbinliyə əsas verir.  Belə ki, burada anti-avtoritar qüvvələrin qələbə şansları güclü görünür.  Üsyançıların əzmlə Tripoliyə doğru irəlilədiyi bir məqamda, Suriyada da xalq oyanışı Əsədlərin uzun müddətli qəddar hakimiyyətini təhlükə qarşısında qoyub.  On illərlə anti-Qərb mövqelərinə və beynəlxalq maxinasiyalara görə tanınmış rejimlərin devrilməsi sözsüz ki, yaxşı xəbər olardı.  Lakin Misir, Yəmən və Bəhreyn kimi ölkələrdə köhnə avtokratların yeni totalitar təmayüllü İslamçılar tərəfindən əvəzlənəcəyinə təminat yoxdur.  Səudiyyə Ərəbistanında hakim rejimin çapdığı atın qabaq ayaqları səud ailəsinə əsaslanırsa, onun arxa ayaqları radikal Vəhhabi təriqətini əks etdirir.  Səud ailəsi müsəlman dünyası boyu yayılmış radikal islamçı mərkəzlərin 90 faizini maliyyələşdirir, qadınları maşın sürmək üstə həbsə atır.  Bu atın səhrada nə vaxtadək çapacağı bəlli deyil.  Amma rejimin sabitliyinə şübhələr üçün də kifayət qədər əsas var.

Conrad Black-in Türkiyə ilə bağlı unikal düşüncələri var.  O, hesab edir ki, müsəlman superqüdrəti olaraq Türkiyənin siyasi ənənələri Osmanlı imperatoru  Süleyman Qanuninin və dünyəvi lider Kamal Atatürkün möhtəşən irsindən qaynaqlanır.  “Hələlik Ərdoğan rejiminin hansı hədəfə can atması aydın görünmür, bircə ondan başqa ki, AKP hökuməti Kamalist sələflərinin avtokratik korrupsiyasına son qoymaqla məşğuldur.  Təkcə bu fəaliyyətin nəticəsində Türkiyənin  iqtisadiyyatı nəhəng artıma nail olub.”  Bir sıra başqa təhlilçilərdən fərqli olaraq Conrad Black Türkiyədə islamçıların baş qaldırmasından çox narahat deyil.  O, hesab edir ki, anti-İsrail ritorikasına baxmayaraq, Ərdoğan hökuməti Türkiyəni böyük qüdrətlərlə bir cərgədə görür və siyasətini regional qüdrət statusunun maraqlarına müvafiq qaydada tənzimləyir.  Bu üzdən o, Qərbdən Türkiyəyə pəncərəni açıq qoymağı tövsiyə edir.