Hər il Fransada və dünyanın bir sıra başqa şəhərlərində 14 iyul Bastil Günü kimi bayram edilir. 1789-cu ilin mayında sadə təəbələri təmsil edən deputatlar parlament funksiyasını daşıyan Üçüncü Silkdən ayrıldıqlarını elan edərək Milli Assambleya təsis etdilər. Onların Kral XVI Luidən başlıca tələbi konstitutsiyanın tərtib olunması idi.  İyulun 11-də kralın Jaques Necker adlı islahat təmayüllü maliyyə nazirini işdən çıxarması xalq üsyanına yol açdı.  Üç gün sonra nümayişçilərdən ibarət kütlə uzun müddət siyasi məhbusların saxlandığı Bastil Qalasına yürüdü. Maraqlıdır ki, Bastil Qalası alınan gün orada cəmi 7 məhbus var idi və onların heç biri siyasi fəaliyyətinə görə həbs olunmamışdı. Qalanın alınması zamanı onlarla nümayişçi həlak oldu və beləliklə də həmin gün Fransa İnqilabının başlanğıcı kimi tarixə düşdü.

Bastil Qalasının süqutundan ay yarım sonra Fransada İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi adlanan sənəd qəbul olundu. Maarifçilik dövrünün ideallarını özündə əks etdirən sənəd insan hüquqlarını, fərdiliyi, sosial kontraktı və səlahiyyət bölgüsünü tərənnüm edirdi. İnqilabın Marksist yozumuna əsasən 1789-99-cu illər arasnda baş verənlər sinfi mübarizənin məntiqi nəticəsi idi. Lakin nəzərə almaq lazımdır ki, Bəyannaməni tərtib edən Markiz Lafayette və filosof Baron de Montesquieu kimi şəxslər bir neçə il öncə baş vermiş Amerika İnqilabından ilham almış şəxslər idi. Fransada inqilab baş verərkən Amerikanın qurucu babalarından və sonradan üçüncü prezident olmuş Thomas Jefferson Fransada ABŞ-ı səfir qismində təmsil edirdi və inqilabçılarla sıx təmasları var idi.

O, da etiraf edilməlidir ki, fransızlar və amerikalılar monarxiyaya qarşı nifrəti bölüşsələr də onların qurduqları siyasi sistemlər arasında böyük uçurum var idi. Amerikada inqilab hakimiyyət bölgüsü, mülkiyyət hüququ və söz azadlığı kimi ənənəvi ingilis dəyərlərini möhkəmləndirdiyi halda, Fransada sürətlə bir-birini əvəzləyən inqilabi rejimlər özlərinə opponent saydıqları minlərlə adama divan tutdular. İnqilabın qızğın çağlarında hər gün o qədər adam edam olunurdu ki, Guillotine adlı birisi baş kəsməyin ən səmərəli və cəld üsulunu kəşf etmişdi. Terror dalğası o həddə çatmışdı ki, Markiz Lafayette kimi inqilabın bir çox müəllifləri həbs olunmuşdu.  Sonda, Fransız İnqilabı sabit Respublikaya deyil, Napoleon Bonapartın diktaturasına yol açdı. Bu baxımdan, bir çox mühafizəkar Britaniya və Amerika mütəfəkkirləri fransız inqilabını demokratiyanın təkamülündə irəliləyiş kimi deyil, geriləmə kimi qiymətləndirir, və tez-tez onu xələfi saydıqları Bolşevik İnqilabı ilə müqayisə edirlər.