Ədalətli məhkəmə sisteminin mövcud olmadığı avtoritar ölkələr İnterpoldan sui-istifadə edərək əksər hallarda siyasi dissidentləri  və hakim qruplaşmanın rəqiblərini hədəf alırlar.  Beynəlxalq Araşdırıcı Jurnalistlər Konsorsiumunun apardığı beş aylıq tədqiqatın nəticələrinə əsasən, qırmızı vəsiqələrin 28 faizi Freedom House təşkilatının azad hesab etmədiyi ölkələr tərəfindən verilir.  188 üzv ölkəyə malik İnterpol rəsmən demokratik quruluşlarla diktatorial rejimlər arasında fərq qoymadığına görə İran və Liviya hökumətləri tərəfindən verilən qırmızı vəsiqələrlə Fransa, Kanada və ya Böyük Britaniyanın verdiyi qırmızı vəsiqələrlə eyni tutulur.

CNN xəbər saytının verdiyi məlumata əsasən “kinolarda gördüyünüzün əksinə olaraq Fransanın Lyon şəhərində qərargahlanan 88 yaşlı İnterpol öz agentlərinə malik deyil.  Bu qurum əsasən 188 ölkənin polis idarələri arasında əlaqələndirici orqan funksiyası daşıyır.  Konsorsiumun tədqiqatına əsasən azı 17 ölkə, o cümlədən, Çin, İran və Pakistan son beş ildə siyasi opponentləri, iqtisadi hədəflər və ətraf-mühit fəallarına qarşı qırmızı vəsiqədən silah kimi istifadə edib.  3600 qırmızı vəsiqələrin yarısı Transparency International təşkilatının ən çox korrupsiyaya uğramış ölkələrə məxsusdur.

Azərbaycana gəldikdə, bu yaxınlarda siyasi fəal Elnur Məcidli barədə İnterpola müraciət olunması haqda xəbər yayılmışdı.  Bundan əvvəl, Əliyev hökumətinin siyasi rəqibi və sabiq parlament spikeri Rəsul Quliyev İnterpola müraciət əsasında saxlanmışdı.  İnterpolun baş hüquqşünası Joel Sollier CNN-ə bildirib ki, onun təmsil etdiyi agentlik siyasi motivli işləri həqiqi cinayətlərdən ayırmaq üçün xeyli səy göstərir.  “Əgər biz bunu etməsək, onda hər şey bitdi,” deyə o, bildrir.  Belə görünür ki, son illərin təcrübəsi öz bəhrəsini verməkdədir.  Əksər hallarda avtoritar rejimlər tərəfindən çıxarılan qırmızı vəsiqələr demokratik ölkələrdə tanınmır və dissidentlər adətən qısa dindirmədən sonra sərbəst buraxılır.