İyunun 20-də açıqlanan rəy sorğusunun nəticələri Barak Obamanın 2012-ci ildə yenidən prezident seçilmək şanslarını sual altına alır.  İctimai Siyasət Sorğu Mərkəzinin apardığı araşdırma göstərir ki, iyuldan bəri ilk dəfədir ki, Barak Obama Respublikaçı namizədlər arasında irəlidə gedən Mitt Romney-ni üstələmir.  İctimai rəydə hər iki namizəd 45 faiz dəstəyə malikdir.

Obamanın ümumi bəyənmə reytinqi 46 faizdə qərar tutub.  Seçicilərin 48 faizi onun fəaliyyətini bəyənmir.  Bu nəticələr bu yaxınlarda keçirilmiş başqa sorğularla üst-üstə düşür.  Müstəqil seçicilər 49:44 faiz nisbətində Obamanın əleyhinədirlər.  Prezident 2012-ci ilin noyabrında qələbə əldə etmək üçün müstəqillərin səsini qazanmalıdır.  2008-ci il seçkilərində Obamanı dəstəkləmiş müstəqillər ötən ilin Konqres seçkilərində Respublikaçılara səs verdilər.

Əksər ekspertlər prezident Obamanın aşağı reytinqlərini iqtisadiyyatın bərbad durumu ilə izah edirlər.  ABŞ-da işsizlik artıq iki ildir ki, 9 faizdən yuxarıdır.  Bir sıra istisnalar olmaqla tarixən amerikalıların prezidentliyə namizədə dəstəyini onun ölkənin iqtisadi göstəriciləri müəyyən edib.  İqtisadi durum yaxşı olduqda partiya Ağ Evə sahibliyi qoruyur, pisləşdikdə isə prezidentliyi itirir.  Müxalifətdə olan Respublikaçılar prezident Obamanı solçu siyasət yürüdərək bizneslərin əlini işdən soyutmaqda günahlandırırlar.  Sabiq Massachussetts qubernatoru Mitt Romney ictimaiyyət arasında uğurlu biznesmen kimi tanınır və əgər seçkilərdə iqtisadiyyat başlıca mövzu olarsa, Romney-nin bundan bəhrələnəcəyi şəksizdir.