ABŞ-da milli borc tavanının qaldırılması üçün müəyyən edilən möhlətin bitməsinə bir neçə saat qalmış Respublikaçılar və Demokratlar razılığa gələ bildilər.  Beləliklə 14.3 trilyona çatmış borc tavanı ilkin mərhələdə əlavə 900 milyard dollar həcmində artırılacaq.  Sonrakı illərdə bu miqdar 2.4 trilyon dollara çatdırıla bilər.  Əvəzində Respublikaçılar kəskin xərcləmə ixtisarlarına nail oldular ki, qənaətin ümumi həcmi növbəti on ildə 2.1 trilyon dollar təşkil edə bilər.

ABŞ-da milli borc debatına təkan verən başlıca faktorlar 2008-ci ildə başlanan iqtisadi böhran və daha sonra Avropada yaşanılan fəlakətli defisit problemləri idi.  Prezident Barak Obamanın hakimiyyətinin ilk dönəmində iqtisadi stimul paketinə yüz milyardlarla dollar xərcləməsi müxalifəti xeyli qəzəbləndirdi.  Çay Ziyafəti adı ilə meydana çıxan hərəkatın nümayəndələri Obamanı Amerikanı üçüncü dünya ölkəsi statusuna aparan yola qoymaqda ittiham etdilər.  Onların dediyinə görə ümummilli borcun ifrat həddə çatması ABŞ-ın iqtisadi tənəzzülünün göstəricisi olaraq aradan qaldırılmasa, Amerikanı da Yunanıstanın taleyi gözləyir.  Ağ Evə sahib Demokratlar dövlət yardımına ethiyacı olan təbəqələrin təmsilçiləri olaraq dövlət proqramlarında ixtisarların əleyhinə çıxırlar.  Çay Ziyafətinin dalğasında Nümayəndələr Palatasını ələ keçirmiş Respublikaçılar isə dövlət büdcəsinin sosial xərclərlə yüklənməsini azad bazar sisteminə və sahibkarlığa təhlükə kimi görürlər.  Onlar maliyyə intizamının mühümlüyünü vurğulayırlar.

Zatən pul ehtiyatlarını dollarda saxlayan xarici dövlətlər də artıq bir müddətdir Amerikanın borcunun həcmindən narahatlıqlarını ifadə edirlər.  Amerikada bir misal var: “Əgər sən banka yüz dollar borclusansa, sən bankınsan. Əgər banka milyard dollar borcun varsa, bank sənindir.”  Belə görünür ki, bank funksiyasını daşıyan Çin, Yaponiya və Rusiya kimi dövlətlər Amerikanın mülkiyyətinə çevrilməkdən xeyli ehtiyat edirlər.  O biri tərəfdən isə Amerika dollarının çöküşü onların pul ehtiyatlarını və iqtisadi durumlarını ciddi təhlükə altına ala bilər.  Bir də ki, pulunu Amerika dollarında saxlamayan, hansı vahiddə saxlayacaq?  Yuan?  Rubl?  Bu dövlətlərin mülkiyyət toxunulmazlığını təmin edən siyasi sistemləri yoxdur və əksər investorlar Rusiya və Çin kimi fundamental baxımdan qeyri-sabit ölkələrdə pul yatırmaqdan ehtiyat edir.