Vaxtikən dünyanın böyük bir hissəsini idarə etmiş, dalğalar hökmranı Böyük Britaniyanın şəhərləri ötən həftə biabırçı qarət və zorakılıq hallarına səhnə oldu.  Bu həmin Britaniya İmperiyasının varisidir ki, cəmi bir əsr bundan öncə onun bir tayında günəş batanda, o biri tayında qalxırdı.  İndi isə bir qrup vəhşi nihilist bütün ölkəni lərzəyə gətirib.  Britaniya siyasi mədəniyyətinin yetirmələri olan amerikalılar da orada baş verənlərdən dərin narahatlıq hissi keçirirlər.  “Görəsən orada baş verənlər burada da baş verə bilərmi?” çoxu soruşur.

“İngiltərə bir vaxtlar kişilər ölkəsi idi” adlı yazısında Frank Miniter diqqəti bu ölkənin mübariz, şanlı keçmişinə çəkir.  Avropanı işğal etmiş Nasist Almaniyası ilə təkbətək qalmış ingilislər təslim olmadılar.  Sonadək vuruşdular.  Qalib gəldilər.  İndi isə Britaniya internetdə bir gəncin küçə xuliqanları tərəfindən çılpaq soyundurulmasını nümayiş etdirən video ilə məşhurlaşıb.  Miniter ingilis cəmiyyətinin demaskulizasiyasını (el dilində desək, nakişiləşməsini) hökumətin son illərdə apardığı etatist siyasətlə əlaqələndirir ki, bu siyasət sistematik şəkildə britaniyalıların fərdi azadlıqlarını əllərindən almış və onları ələbaxan topluma çevirmişdir.  “Hər şeyə görə hökumətdən asılı olan adamlar uşaq kimi dəcəllik etməyə meylli olurlar.”

Miniterin fikrincə Britaniya hökumətinin silahları əhalidən müsadirə etməsi insanları həm fiziki həm də psixoloji baxımdan müdafiəsiz qoyub.  Nəticədə Britaniyada cinayət azalmayıb; əksinə, xeyli artıb.  İngilislər tez-tez Amerikada silah saxlama hüququnu tənqid etməyi xoşlayırlar.  Amma hazırda Britaniya Avropa ölkələri arasında cinayətin ən geniş yayıldığı ölkələrdən biridir.   “İngilislər öz fərdi azadlıqlarını – kişinin özünə güvənmək haqqını – hökumətə təslim edə-edə hökumət daha da avtoritarlaşıb.  Fərdlər özlərini və mülkiyyətlərini qoruya bilmirlər və bu, da Londonda baş verən qarət, vandalizm və cinayət dalğasını labüd edir.”  Miniter daha sonra II Dünya Müharibəsi zamanı sadə amerikalıların Britaniya ailələrinə silah göndərmə kampaniyasını xatırladır.  Onun sözlərinə görə, həmin vaxt Britaniyada evlərdə silahın olması bu ölkəni düşmən üçün arı yuvasına çevirmişdi.

Əslən britaniyalı Theodore Darlymple da iğtişaşları dövlətin apardığı asılılıq siyasəti ilə izah edir.  “İnsanlara intellektuallar və siyasi elita aşılayıb ki, göstərdikləri səydən asılı olmayaraq, onların yüksək standartlı istehlak hüququ var.  O üzdən də cəmiyyətdə başqaları ilə müqayisədə bu yüksək standartı almayanda britaniyalı buna ədalətsizlik kimi baxır.”  Britaniyalıların böyük əksəriyyəti başqalarınn hesabına bahalı təhsil alır, yaxşı yeyir, yaxşı geyinir, amma buna görə şükranlıq hiss etmir.  “Anlamaq lazımdır ki, asılılıq heç zaman şükranlıq doğurmur.  Əksinə, həmin adamda xətri istədiyi kimi yaşamasının qarşısını alan hər şeyə irrasional qəzəb hissi oyadır.”  Britaniyada qanunların qurbanlardan çox cinayətkarların tərəfində olduğunu vurğulayan Darlymple iğtişaşçıların cəzasızlıq mühitində fəaliyyət göstərdiyini deyir.  “Belə bir şəraitdə təəccüblü o deyil ki, bu iğtişaşlar baş verdi, təəccüblü odur ki, bu iğtişaşlar niyə indiyədək baş verməmiş və xronik hal almamışdı.”